#Fələstin Səhiyyə Nazirliyi

İsrailin hücumları və ciddi blokadası altındakı Qəzza zolağındakı xəstəxanalarda yaşanan yanacaq çatışmazlığı böhranının son dərəcə təhlükəli bir mərhələyə daxil olduğu və xəstəxanaların fəaliyyətinin dayanmasına cəmi bir neçə gün qaldığı barədə xəbərdarlıq edilib. Qəzzə Səhiyyə Nazirliyi İsrailin hücumları ilə yanaşı, humanitar yardım və yanacaq girişinə qoyduğu məhdudiyyətlər nəticəsində Qəzzədəki xəstəxanalarla bağlı açıqlama yayıb. "Yanacağın tükənməsi səbəbindən xəstəxanaların xidmətlərinin dayanmasına bir neçə gün qalıb. Qəzza zolağındakı xəstəxanalarda yaşanan yanacaq çatışmazlığı böhranı son dərəcə təhlükəli mərhələyə çatır." - deyə açıqlamada qeyd edilib.

İsrail ordusunun hücumları və blokadası altında olan Qəzzə zolağında bir uşaq xəstəxanası ilə bir göz xəstəxanasının fəaliyyətini dayandırdığı, bir səhiyyə obyektinin isə dağıldığı bildirilib.Qəzzadaki Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, İsrail ordusunun xəstəxana və səhiyyə mərkəzlərinə qarşı qanun pozuntularını davam etdirdiyi qeyd olunub. İsrailin aramsız hücumları nəticəsində Qəzza şəhərində yerləşən Rantisi Uşaq Xəstəxanası ilə Göz Xəstəxanasının fəaliyyətini dayandırdığı, şəhərdə yerləşən Tibbi Yardım Mərkəzinin isə tamamilə dağıldığı bildirilib.

ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzzada dərhal, şərtsiz və daimi atəşkəs tələb edən qətnamə layihəsini veto edib. Qətnamə eyni zamanda İsraildən humanitar yardımların qarşısındakı bütün məhdudiyyətləri qaldırmağı və HƏMAS da daxil olmaqla fələstinli qrupların əlində saxlanılan girovların azad edilməsini tələb edirdi. Qətnamə layihəsi Şuranın 15 üzvündən seçilmiş 10 üzv tərəfindən hazırlanmışdı və səsvermədə 14 lehinə, 1 əleyhinə nəticə əldə olunmuşdu. ABŞ-ın vetosu sənədin qəbulunu əngəllədi. Bu, Qəzza müharibəsi başlayandan bəri Vaşinqtonun altıncı veto qərarıdır.

BMT baş katibi Antonio Quterreş çərşənbə axşamı Qəzza şəhərinin “sistematik dağıdılmasını” pisləyib və bildirib ki, İsrailin soyqırımı törədib-törətmədiyi barədə qərarı beynəlxalq məhkəmələr verməlidir. “Baş katibin səlahiyyətlərinə soyqırımı barədə hüquqi qərar vermək aid deyil. Bu, yalnız Beynəlxalq Ədalət Məhkəməsinin səlahiyyətinə daxildir”-deyə Quttereş Quterreş Nyu-Yorkda jurnalistlərin suallarını cavablandırarkən deyib.

İsrail ordusu Qəzza şəhərində yerləşən və içərisində 80 xəstənin olduğu Rantisi Uşaq Xəstəxanasını bombalayıb. Qəzzadakı Səhiyyə Nazirliyinin açıqlamasına görə, dünən axşam saatlarında İsrail ordusu xəstəxananın yuxarı mərtəbələrinə bir neçə dəqiqə fasilə ilə üç dəfə hava zərbəsi endirib. Nazirliyin açıqlamasında hücum qınanıb və bu addımın İsrailin Qəzza zolağında səhiyyə sistemini hədəf alma və xidmətləri sıradan çıxarma yönündəki sistematik siyasətinin bir sübutu olduğu bildirilib.

İspaniyanın baş naziri Pedro Sançes fələstinliləri dəstəkləyən nümayişçilərə heyranlığını ifadə edib. Halbuki onların İspaniya Veloturu marşrutu boyunca keçirdikləri aksiyalar son günlər bəzi idmançıların yarışdan çəkilməklə hədələməsinə səbəb olmuşdu. Yarışın son mərhələsinə hazırlıq çərçivəsində, paytaxt Madriddə başa çatacaq 21 günlük veloturun final günü minə yaxın polis əməkdaşı əraziyə cəlb olunub. Etiraz aksiyaları İsrailin Qəzzadakı hərbi əməliyyatlarına qarşı təşkil olunub və “İsrael-Premier Tech” komandasını hədəfə alaraq yarışın bir neçə mərhələsini pozub. Veloturun bu gün başa çatması nəzərdə tutulurdu. Sançes cənubdakı Malaqa şəhərində Sosialist Partiyasının toplantısında çıxış edərək bildirib: “Bu gün Vuelta turnirinin son mərhələsi keçirilir. Biz idmançılara hörmətimizi bildiririk, eyni zamanda ədalətli məsələlərlə, o cümlədən Fələstinlə məşğul olan İspaniya xalqına heyranlığımızı ifadə edirik.”

İsrailin davam edən hücumları və mühasirəsi səbəbindən dərin humanitar böhran yaşanan Qəzza zolağında aclıq səbəbilə ölüm halları artır. Son 24 saat ərzində 5 fələstinli aclıq və qidalanma çatışmazlığı səbəbilə həyatını itirib. Bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlama yayıb. Bildirilib ki, bölgədə uzun müddətdir davam edən ərzaq çatışmazlığı və yardım qıtlığı nəticəsində ölüm halları kritik həddə çatıb. Açıqlamaya görə, 2023-cü il 7 oktyabrdan bu günədək Qəzzada aclıqdan ölənlərin ümumi sayı 322 nəfərə yüksəlib. Onlardan 121-u uşaqlardır.

Finlandiya Prezidenti Aleksander Stubb İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatları beynəlxalq hüququn pozulması kimi dəyərləndirib. BMT-yə bağlı qlobal aclıq monitorinqi təşkilatı ötən həftə Qəzza şəhəri və ətraf ərazilərdə rəsmi aclıq vəziyyətinin elan edildiyini açıqlayıb və bu vəziyyətin daha da genişlənəcəyini bildirib.

Qəzza zolağında aclıq və qida çatışmazlığı səbəbindən son 24 saat ərzində ikisi uşaq olmaqla 8 nəfər həyatını itirib. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. “Qəzza son 24 saat ərzində aclıq səbəbindən ikisi uşaq olmaqla daha 8 nəfər həyatını itirib. Beləliklə, aclıqdan ölənlərin sayı 281-ə çatıb, onların 114-ü uşaqlardır” - deyə, məlumatda bildirilib.

İsrailin Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlar nəticəsində həyatını itirən fələstinlilərin sayı 61 nəfər artaraq 62 min 622-yə yüksəlib. Məlumata əsasən, İsrail ordusu 19 yanvarda əldə edilən atəşkəsi pozaraq 18 martdan etibarən yenidən hücumlara başlayıb. Bu müddət ərzində 10 min 778 nəfər həlak olub, 45 min 632 nəfər yaralanıb.