#silahlı hücum

İsrailli silahlı köçkünün Beyt-Sahur yaxınlığında fələstinli və israilli fəallara silahla hədə yönəltdiyi görüntülənib. Hadisə İordan çayının qərb sahilində fələstinlilərə məxsus xüsusi mülkiyyətdə olan torpaqda baş verib. Təxminən 100 fəal torpaq sahibləri ilə birlikdə əraziyə gedərək köçkünlərin tərk edilmiş binanı ələ keçirməsinə etiraz edib. Fəallar binadakı İsrail bayraqlarını götürərək onların yerinə Fələstin bayraqları asdıqdan sonra atəş açılıb. Görüntülərdə bir silahlı köçkünün əvvəlcə havaya, daha sonra isə fəalların istiqamətinə silah tuşlatdığı görünür. İsrail hərbçiləri hadisə yerinə gəldikdən sonra ərazini qapalı hərbi zona elan edib, lakin köçkünləri ərazidən çıxarmayıb. Fələstinli torpaq sahibləri və fəalların ərazini tərk etməsi tələb olunub. Hadisə bölgədə köçkünlərin fələstinlilərə məxsus torpaqlara müdaxiləsi ilə bağlı gərginliyin davam etdiyini göstərir.

Nigeriyanın Borno ştatında məktəbə silahlı hücum zamanı qaçırılan 37 nəfər hələ də əsirlikdədir. Rəsmilərin məlumatına görə, onların 36-sı şagird, biri isə məktəb əməkdaşıdır. Təhlükəsizlik qüvvələri indiyədək səkkiz nəfəri xilas edə bilib. Hücum Lassa yaşayış məntəqəsində yerləşən Dövlət Gündüz Orta Məktəbində imtahan zamanı baş verib. Borno ştatı uzun illərdir silahlı qrupların hücumlarından əziyyət çəkir. Hazırda qaçırılanların azad edilməsi istiqamətində əməliyyatlar davam edir. Hadisə bölgədə təhlükəsizliklə bağlı narahatlıqları bir daha artırıb.

UKMTO Yəmən sahilləri yaxınlığında dəniz insidenti barədə məlumat yayıb. Hadisə Ədən şəhərinin şimal-şərqində baş verib. Bir ticarət gəmisinə iki sürətli qayıq yaxınlaşıb. Qayıqlarda silahlı şəxslərin olduğu bildirilir. Gəminin təhlükəsizlik qrupu cavab atəşi açıb. Hücum edən qayıqlar daha sonra ərazini tərk edib. Ekipajın təhlükəsiz olduğu açıqlanıb. Hadisənin səbəbi hələlik müəyyən edilməyib.

Yəmən sahilləri yaxınlığında konteyner gəmisinə silahlı hücum cəhdi qeydə alınıb. Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi hadisə ilə bağlı məlumat yayıb. Məlumata görə, kiçik qayıq gəminin yaxınlığına gəlib. Qayıqdakı şəxslər konteyner gəmisinə atəş açıblar. Daha sonra gəminin göyərtəsinə çıxmağa cəhd göstərilib. Hadisənin nəticələri barədə əlavə məlumat açıqlanmayıb. Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə dəniz nəqliyyatı ilə bağlı riskləri bir daha gündəmə gətirib.

14 yaşlı şagird İsa Aras Mersinlinin Ayser Çalık Orta Məktəbinə silahlı basqını nəticəsində bir müəllim və səkkiz şagird həyatını itirib, 20 şagird isə yaralanıb. Təhlükəsizlik qüvvələrinin araşdırması zamanı yeniyetmə qatilin sosial şəbəkə hesablarında 2014-cü ildə ABŞ-da altı nəfəri qətlə yetirən Elliot Roceri özünə "kumir" seçdiyi və onun fotosunu profil şəkli etdiyi məlum olub.

Qanada futbol komandalarından birinə qarşı silahlı hücum baş verib. Məlumata əsasən, maskalı və silahlı şəxslər komandanın avtobusunun qarşısını kəsərək atəş açıblar. Hadisə zamanı futbolçu aldığı xəsarətlərdən vəfat edib. Qeyd olunub ki, Qana Futbol Federasiyası baş verən hadisə ilə bağlı başsağlığı verərək mərhumun ailəsinə, yaxınlarına və komanda yoldaşlarına dərin hüznünü ifadə edib.

Liviyanın devrilmiş lideri Muəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafi Qərbi Liviyada qətlə yetirilib. Yerli və beynəlxalq mənbələrin yaydığı məlumata görə, hadisə çərşənbə axşamı gecəsi Trablusdan təxminən 136 kilometr cənub-qərbdə yerləşən Zintan şəhərində baş verib. Seyfülislam Qəddafinin ölümünü onun vəkili Xalid əl-Zeydi sosial şəbəkədə paylaşım edərək təsdiqləyib. Lakin vəkil hadisənin detalları barədə açıqlama verməyib. Qəddafini BMT-nin vasitəçiliyi ilə aparılan Liviyadaxili siyasi dialoq prosesində təmsil etmiş Abdullah Osman Abdurrahim də ölüm faktını təsdiqləyərək, hadisənin sui-qəsd xarakteri daşıdığını bildirib.

ABŞ-ın Miçiqan ştatında yerləşən kilsədə silahlı hücum baş verib. Hadisə nəticəsində çox sayda insanın yaralandığı bildirilib. Detroit şəhərinin şimal-qərbində yerləşən kiçik yaşayış məntəqəsi olan Grand Blancda kilsəyə silahlı hücum təşkil olunub. Polis Departamenti hücumçunun zərərsizləşdirildiyini açıqlayıb. “Hazırda əhali üçün təhlükə yoxdur, lakin kilsə yanır. İnsanlar ərazidən uzaq durmalıdır.” - deyə məlumatda qeyd edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli hava hücumundan müdafiə sistemi olan “Çelik Kubbe” ilə bağlı önəmli açıqlamalar verib. Türkiyə Prezidentinin sözlərinə görə, bu sistem Türkiyəni hava hücumlarına qarşı müdafiədə yeni mərhələyə daşıyır və ölkəni daha güclü müdafiə qabiliyyətinə sahib dövlətlər sırasına çıxarır. “Sistemlər sistemi olan Çelik Kubbe ilə hava hücumundan müdafiədə artıq fərqli bir liqanın oyunçusu halına gəlirik”, – deyə Ərdoğan bildirib. Türkiyə Prezidenti Ərdoğan, sistemə yönəlmiş bəzi tənqidi fikirlərə də münasibət bildirib. O, “Çelik Kubbe vətəndaşı deyil, tərəfdarı qoruyacaq” deyən çevrələri “gözünü nifrət bürümüş güruh” adlandırıb və bu cür yanaşmanın milli təhlükəsizlik baxımından ciddi narahatlıq doğurduğunu vurğulayıb.