#İsrail–Livan gərginliyi

İsrail ordusunun atəşkəs rejiminə baxmayaraq Livanın cənubunda yerləşən səhiyyə mərkəzinə hava zərbəsi endirdiyi bildirilib. Bununla yanaşı, İsrail ordusunun Sur bölgəsinə bağlı Deyr Kanun ən-Nəhr qəsəbəsində yerləşən səhiyyə mərkəzini də hədəf aldığı bildirilib.

Avropa İttifaqının böhranların idarə olunması üzrə komissarı Hadja Lahbib Livan əhalisinin yarıdan çoxunun humanitar yardımdan asılı vəziyyətdə olduğunu bildirib.Beyrutda Livan Prezidenti Josef Aun ilə görüşdən sonra danışan Aİ rəsmisi qeyd edib ki, martın 2-dən başlayan müharibə dövründə Avropa İttifaqı Livana 100 milyon avro yardım ayırıb və humanitar yüklərlə altı təyyarə göndərib. Yeddinci yardım təyyarəsinin isə yaxın günlərdə ölkəyə çatacağı gözlənilir.

Livan Səhiyyə Nazirliyinin təqdim etdiyi son rəsmi məlumatlara görə, İsrail ordusunun 2 mart tarixindən bəri davam edən intensiv hücumları nəticəsində ölənlərin sayı 2 min 534 nəfərə çatıb, yaralıların sayı isə 7 min 863-ə yüksəlib. Hücumlar nəticəsində ölkənin səhiyyə infrastrukturuna da ciddi ziyan dəyib; belə ki, 16 xəstəxana zərər görüb və 100 tibb işçisi həyatını itirib.

İsrail ordusu Livanın cənubunda "Hizbullah" qruplaşmasına qarşı başlatdığı hərbi əməliyyatların miqyasını kəskin şəkildə genişləndirib. Son 24 saat ərzində bölgədə 200-dən çox hədəfə intensiv hava zərbələri endirilib. İsrail hərbi komandanlığının yaydığı məlumata görə, bu hücumlar əsasən quru qoşunlarının irəliləməsinə şərait yaratmaq məqsədilə həyata keçirilir. Hədəflər arasında raket qurğuları, silah anbarları və strateji infrastruktur obyektlərinin olduğu bildirilir.

İsrail ordusunun martın 2-dən etibarən Livana qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyatlar bütün şiddəti ilə davam edir. Livanın rəsmi NNA agentliyinin yaydığı məlumata görə, İsrail hərbi təyyarələri səhər saatlarından başlayaraq ölkənin cənubundakı Dıbbin, Kefer Sir, Haruf, Zibdin, Yatır və Burç Rahhal yaşayış məntəqələrini intensiv bombardman edib. Kefer Sir qəsəbəsində yerləşən iki mərtəbəli binanın hədəf alınması nəticəsində azı 3 mülki şəxs həyatını itirib. Eyni zamanda, sərhəd xəttində yerləşən Hiyam, Sadiykayn və Zıbkin bölgələri ağır artilleriya atəşinə tutulub.

Livanın Təhsil və Ali Təhsil Nazirliyi ölkədəki mövcud hərbi vəziyyətlə əlaqədar rəsmi bəyanat yayıb. Açıqlamada bildirilir ki, can təhlükəsizliyi və fövqəladə təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, ölkə daxilindəki bütün özəl və dövlət məktəblərində, həmçinin peşə və texniki təhsil müəssisələrində təhsil müvəqqəti olaraq dayandırılıb. Nazirlik hadisələrin gedişatını anbaan izlədiyini və qərarların gündəlik təhlükəsizlik qiymətləndirmələrinə uyğun olaraq yenilənəcəyini vurğulayıb.