BAKI,VOA, Fərid Mikayılov
Türkiyənin “Beşiktaş” klubu misirli futbolçu Məhəmməd Salahın transferi üçün danışıqları davam etdirir. İstanbul təmsilçisi ulduz hücumçunun keçidini yaxın zamanda rəsmiləşdirməyə ümid edir.
VOA xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, “Beşiktaş” daha əvvəl Salah ilə ilkin razılığa gəlib.
Lakin futbolçunun nümayəndələrinin əlavə maliyyə tələbləri irəli sürməsi səbəbindən transfer prosesinin tamamlanması gecikib.
Klub rəhbərliyi Salah üçün ilkin olaraq təklif edilən 12 milyon avroluq məbləği artırmaq niyyətində deyil. “Beşiktaş” futbolçunun nümayəndələrinin yüksək maliyyə tələblərini qəbul etməyəcəyini bildirib.
Bununla belə, tərəflər arasında danışıqlar davam edir. Məlumata görə, son iki gün ərzində transferdə iştirak edən tərəflər arasında aktiv əlaqə saxlanılıb və razılığın əldə olunması ehtimalı yüksək qiymətləndirilir.
Salahın nümayəndələrinin klub rəhbərliyi ilə görüşmək üçün yenidən İstanbula gələcəyi gözlənilir. Bildirilir ki, futbolçunun həyat yoldaşı da İstanbulda yaşamaq imkanına maraq göstərir və bu amil onun qərarına təsir edə bilər.
Qeyd olunur ki, Salahın özü şəxsi müqavilə şərtləri ilə bağlı problem görmür. Əgər onun nümayəndələri əvvəl razılaşdırılan maliyyə şərtlərinə qayıtsa, transferin baş tutacağı gözlənilir.
“Beşiktaş” rəhbərliyinin planı transferi ən qısa zamanda yekunlaşdırmaq və Salahı “Tüpraş” stadionunda “Midtjylland”la keçiriləcək görüşdən əvvəl azarkeşlərə təqdim etməkdir.