#Moskva

Macarıstanın xarici işlər naziri Peter Siyarto Moskvaya səfərə gedib. Səfərdə məqsəd iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında iştirak etməkdir. Diplomatı Macarıstan iş adamlarından ibarət nümayəndə heyətinin müşayiət edir.

Əvvəllər Polşa Müdafiə Nazirliyinin müavini Çesari Tomçik bildirib ki, nazirlik Avropa İttifaqından sərhədlərin möhkəmləndirilməsi, pilotsuz uçuş aparatlarının alınması və digər hərbi məqsədlər üçün 43,7 milyard avro istəyib. O əlavə edib ki, ölkə Avropanın militarizasiyası proqramı SAFE çərçivəsində onlarla milyard avro əldə etməyi planlaşdırır.

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrini Rusiyaya məxsus dondurulmuş aktivlərlə bağlı qərar verməyə çağırıb. Ukrayna liderinin sözlərinə görə, hava hücumundan müdafiə sistemləri üçün kifayət qədər raket təmin etmək məqsədilə hər gün fasiləsiz şəkildə işləmək lazımdır.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ukraynada sülhün bərqərar olunmasında tətbiq olunan sanksiyaların rolunu şərh edib. Vens sanksiyaların Ukrayna münaqişəsinin həllində üstünlük təmin edəcəyinə dair düşüncələri “ilüziya” adlandırıb və qeyd edib ki, Rusiyaya qarşı tətbiq olunan məhdudiyyətlərin Kiyevə qələbə qazandıracağına inanmaq yanlış olardı.

Avropa İttifaqı Rusiyaya qarşı növbəti - 20-ci sanksiya paketi üzərində işləyir. Kallas bildirib ki, yeni paketlə bağlı işlər artıq başlayıb. Onun sözlərinə görə, sanksiyaların daha effektiv işləməsi üçün Aİ tərəfdaşlarının da bu məhdudiyyətləri dəstəkləməsi vacibdir. O hesab edir ki, tətbiq olunan sanksiyalar Rusiyanın zəif nöqtələrinə təsir edir və nəzərdə tutulan siyasi nəticələrin əldə olunmasına xidmət edir.

BRICS üzvü olan Rusiya, maliyyə siyasətində yeni addım ataraq ilk dəfə Çin yuanı ilə dövlət istiqrazlarının (OFZ) buraxılacağını açıqlayıb. Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, bu qərar ölkənin maliyyə sistemində “dönüş nöqtəsi” ola bilər. İqtisadi ekspertlər hesab edirlər ki, yuanla borclanma Moskvanın Qərb maliyyə sistemindən tədricən uzaqlaşmasının və “dost ölkələrin valyutaları”na keçidin rəsmi təsdiqi kimi qiymətləndirilə bilər. Bu addım eyni zamanda Çin valyutasının beynəlxalq rezerv valyuta statusuna doğru irəliləməsinə də xidmət edir.

Rusiyaya bağlı “KillNet” və “Beregini” xaker qrupları Ukraynanın ən iri sığorta şirkətlərinin məlumat bazalarına kiberhücum edərək milyonlarla sənədi ələ keçirib. Kiberhücum nəticəsində Ukraynanın altı böyük sığorta şirkətinin məlumat bazası sındırılıb və fiziki, hüquqi şəxslərə məxsus 10 milyondan artıq sənəd paketi yüklənib.

Avropa İttifaqına (Aİ) üzv dövlətlər Rusiyadan təbii qaz və mayeləşdirilmiş təbii qazın (LNG) idxalına 2028-ci ilin əvvəllərindən tamamilə son qoyulması planına dəstək verib. Lüksemburqda keçirilən enerji nazirlərinin iclasında üzv ölkələr Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılmasına dair qaydalar üzərində razılığa gəliblər.