Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni ilin ilk xarici səfəri çərçivəsində Yaxın Şərq turuna başlayıb. Dövlət başçısı "TUR" təyyarəsi ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada yola düşüb. Səfər çərçivəsində Ərdoğanı Türkiyənin xarici işlər, maliyyə, enerji, müdafiə və digər sahələr üzrə aparıcı nazirlərindən ibarət geniş nümayəndə heyəti müşayiət edir. Ər-Riyadda vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşəcək Ərdoğan fevralın 4-də Misirə yola düşəcək. Qahirədə həmkarı Əbdülfəttah əs-Sisi ilə bir araya gələcək Türkiyə lideri burada Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasına həmsədrlik edəcək. Həmçinin Ərdoğanın Türkiyə-Misir İş Forumunda iştirakı da planlaşdırılır.
#Misir və Türkiyə arasında hərbi əməkdaşlıq
Türkiyənin ərazi sularında keçirilən və bir neçə gün davam edən “Dostluq dənizi-2025” adlı Misir-Türkiyə birgə dəniz təlimləri başa çatıb. Bu addım iki ölkə arasında hərbi koordinasiyanı gücləndirsə də, müşahidəçilərə görə, İsrail başda olmaqla bəzi qonşu dövlətlərdə narahatlıq yaradıb. Misir ordusunun rəsmi sözçüsü açıqlamasında bildirib ki, təlimlərin məqsədi “ikili imkanlardan maksimum faydalanmaq və müxtəlif təhlükələrə qarşı dəniz əməliyyatlarının qorunması üsullarında təcrübə mübadiləsi aparmaq” olub. Onun sözlərinə görə, təlimlər çərçivəsində əməliyyat konsepsiyalarının birləşdirilməsi üçün çoxsaylı seminarlar keçirilib, hər iki ölkənin xüsusi qüvvələri müxtəlif silahlardan atışlar icra edib, helikopterlərin gəmilər üzərində mübadiləsi aparılıb, şübhəli gəmilərin yoxlanılması, həmçinin dənizdə təchizat tapşırıqları həyata keçirilib.