#Qəzza zolağı

İsrailin Baş naziri Benyamin Netanyahu ordunun Qəzza zolağında nəzarət etdiyi ərazilərin 70 faizə qədər genişləndirilməsini tapşırdığını açıqlayıb. Hazırda İsrail qüvvələrinin Qəzza ərazisinin təxminən 64 faizinə nəzarət etdiyi bildirilir. Humanitar təşkilatlar əməliyyatların genişlənməsinin onsuz da ağır vəziyyətdə olan mülki əhali üçün daha ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edirlər. Analitiklər isə bu addımın regionda gərginliyi daha da artıracağını qeyd edirlər.

ABŞ Prezidenti Donald Trampın Qəzzanın bərpası məqsədilə irəli sürdüyü “Sülh Şurası” təşəbbüsü ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Bildirilir ki, yaradılmasından aylar keçməsinə baxmayaraq fonda hələlik heç bir maliyyə vəsaiti daxil olmayıb. Məsələ beynəlxalq dairələrdə təşəbbüsün effektivliyi və gələcək perspektivləri ilə bağlı müzakirələri gücləndirib.

2023-cü ilin oktyabrından İordan çayının qərb sahilində 23 mindən çox fələstinli İsrail tərəfindən saxlanılıb. Həbs siyasəti fələstinlilərin mövcudluğunu hədəf alan sistemli vasitə kimi istifadə olunur, həbsxanalar işgəncə, aclıq və tibbi yardımdan məhrumetmə məkanlarına çevrilib. 89 fələstinli isə müharibə başlayandan həbsxanalarda həyatını itirib.

Qəzza zolağında İsrail ordusunun həyata keçirdiyi hücumlar nəticəsində son 48 saat ərzində 5 fələstinli həlak olub, 15 nəfər isə yaralanıb. Rəsmi məlumata görə, 2025-ci ilin oktyabr ayında qüvvəyə minmiş atəşkəs razılaşmasından bəri ümumi ölənlərin sayı 850 nəfərə, yaralıların sayı isə 2433 nəfərə çatıb. Bundan əlavə, dağıntılar altından və küçələrdən 770 meyitin çıxarıldığı bildirilib.