#İsrail HƏMAS sui-qəsd

Birləşmiş Ərəb Əmirlikləri İsrailin Dohada HƏMAS rəhbərliyinə qarşı həyata keçirdiyi hücumu qətiyyətlə pisləyib və bunu Qətərə qarşı “qorxaq hücum” adlandırıb. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. Bəyanata görə, BƏƏ-nin baş nazir müavini və xarici işlər naziri şeyx Abdullah bin Zayed Al Nəhyan İsrailin Qətər dövlətinə qarşı törətdiyi bu hücumu sərt şəkildə qınayıb. O, hücumun Qətərin suverenliyinin kobud şəkildə pozulması, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd olması, həmçinin regional və beynəlxalq təhlükəsizlik üçün məsuliyyətsiz eskalasiya yaratdığını vurğulayıb.

Səudiyyə Ərəbistanı bütün imkanlarını Qətərə dəstək üçün səfərbər edir. Bu sözləri Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri şahzadə Məhəmməd bin Salman Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığında deyib. O, Qətərin təhlükəsizliyini qorumaq, suverenliyini müdafiə etmək məqsədilə gördüyü tədbirləri tam şəkildə dəstəkləyir.

Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Dohadakı HƏMAS liderlərini hədəf aldığı hücumu pisləyib. Bu barədə nazirliyin yaydığı bəyanatda deyilir. “İsrailin Qətərin paytaxtı Dohada HƏMAS-ın danışıqlar heyətinə qarşı həyata keçirdiyi hücumu qətiyyətlə lənətləyirik. Atəşkəs danışıqları davam edərkən HƏMAS müzakirə heyətinin hədəf alınması, İsrailin müharibəni davam etdirmək niyyətində olduğunu göstərir" - deyə, bəyanatda vurğulanıb.

BMT-nin baş katibi Antonio Quterreş İsrailin Dohada HƏMAS rəhbərlərini hədəfə alan hücumunu pisləyərək, bunu Qətərin suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulması kimi qiymətləndirib. Quterreş əlavə edib ki, “Qətər Qəzzada atəşkəsin əldə olunması və bütün əsirlərin azad edilməsi prosesində son dərəcə müsbət rol oynayıb”. O həmçinin bütün tərəfləri Qəzza zolağında münaqişəyə yox, daimi atəşkəsə nail olmaq üçün işləməyə çağırıb. Eyni kontekstdə, Türkiyə də İsrailin Qətərdə HƏMAS-a hücumunu pisləyib. Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, bu hücum İsrailin ekspansiya və terroru dövlət siyasəti kimi qəbul etdiyini göstərir.

İsrail ordusunun Qətərdə HƏMAS rəhbərlərinə qarşı hücum həyata keçirdiyini elan etməsindən sonra, çərşənbə axşamı qlobal maliyyə bazarlarında gərginlik artdı. Bu bölgədə münaqişəni daha da kəskinləşdirdi və investorları təhlükəsiz sayılan aktivlərə yönəlməyə məcbur etdi. Nəticədə qızılın qiyməti tarixi rekord səviyyəni aşaraq ən yüksək göstəricisinə yüksəldi. Təsir yalnız qızıl ilə məhdudlaşmadı; yapon yeni və isveçrə frankı gün ərzində qazandıqları mövqeləri qorudu. Neftin qiyməti isə bir barel üçün təxminən 1 dollar artaraq 67 dollara yaxınlaşdı.

HƏMAS liderləri İsrailin təşkil etdiyi sui-qəsddən xilas olub. Bu barədə Qətərin “Əl Cəzirə” telekanalı HƏMAS mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, hücum zamanı HƏMAS-ın atəşkəs üzrə danışıqlar aparan heyəti iclasda olub. Bildirilib ki, nümayəndə heyəti ABŞ prezidenti Donald Trampın Qəzzada atəşkəs üçün təqdim etdiyi təklifi müzakirə edərkən hədəfə alınıb.