Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı naziri İbrahim Yumaklı, ölkədə 2025-ci il ərzində 5 min 832 meşə yanğını ilə mübarizə aparıldığını bildirib. Nazir bildirib ki, hazırda Karabük-Kastamonu sərhədində və Kastamonunun Araç bölgəsində 2 yanğın davam edir. Nazir Yumaklı qeyd edib ki, son 24 saat ərzində 3 fərqli vilayətdə baş vermiş 3 yanğın nəzarət altına alınıb. Lakin Karabükün Eflani bölgəsindən başlayaraq Kastamonunun Araç bölgəsinə yayılan bir yanğın və elə Araç bölgəsində yaranmış digər bir yanğın hələ də davam edir. Hər iki ərazi sıx meşələrlə və çətin relyeflə — qayalıqlar və kanyonlarla — əhatə olunub. Hazırda həm havadan, həm də qurudan genişmiqyaslı müdaxilə tədbirləri görülür.
#Meşə yanğınları İyul 2025
London İmperial Kollecinin World Weather Attribution qrupuna görə, iqlim dəyişikliyi Türkiyə, Yunanıstan və Kiprdə yanğın şəraitini 10 dəfə artırıb, həddindən artıq istilər və quru bitki örtüyü yanğın riskini gücləndirib. Aralıq dənizi ekosistemləri tez-tez və şiddətli yanğınlar səbəbindən tarazlığı itirir, karbon dövranı pozulur, torpaq eroziyası və su çirklənməsi riski artır. Aİ Mülki Müdafiə Mexanizmi bu yay ən böyük yanğınsöndürmə qüvvələrini səfərbər edib. Tüstü Fransa və Böyük Britaniyaya yayılıb, havanın keyfiyyətini pisləşdirib. Alimlər daha isti və quru iqlim səbəbindən gələcəkdə yanğınların artacağını xəbərdar edir və meşə idarəçiliyi ilə qalıq yanacaq istifadəsinin azaldılmasını tələb edir.
Türkiyənin Bursa vilayətinin Nilüfər rayonunda baş verən meşə yanğını nəzarət altına alınıb. Günorta saatlarında başlayan və qısa müddətdə genişlənən yanğına Bursa Meşə Regional İdarəsinə məxsus yanğınsöndürmə maşınları, xüsusi briqadalar və helikopterlər vasitəsilə havadan müdaxilə olunub.
Türkiyənin Çorum vilayətində yanğın baş verib. Yanğın Çorum vilayətinin Çalyayla kəndindəki meşəlik ərazidə başlayıb. Çorum Valisi Ali Çalğan, aidiyyəti qurumların bölgəyə göndərildiyini bildirib. Kəndə yanğınsöndürmə və jandarma qüvvələri cəlb edilib.
Türkiyədə 2025-ci ilin yay mövsümü yüksək temperatur, aşağı rütubət və güclü küləklərlə müşayiət olunan meşə yanğınları ilə keçib. Türkiyə Meşə Baş İdarəsinin (OGM) yaydığı məlumata görə, ölkə Aralıq dənizi iqlim qurşağında yerləşən digər ölkələr kimi bu il də ciddi yanğın riski ilə üz-üzə qalıb. Rəsmi statistikaya əsasən, bu dövr ərzində Avropanın müxtəlif ölkələrində baş verən yanğınlarda 440 min hektar, Türkiyədə isə 64 min 500 hektar sahə zərər görüb. OGM rəhbəri Bekir Karacabey-in verdiyi açıqlamaya görə, 1 yanvar – 17 avqust tarixləri arasında ölkə üzrə ümumilikdə 5 min 231 yanğın qeydə alınıb. Bunlardan 2 min 239-u meşə sahələrində, 2 min 992-si isə meşəxarici ərazilərdə baş verib. Statistik göstəricilər göstərir ki, yanğınların 57 faizi məhz meşəxarici ərazilərdə başlayıb və külək, yüksək istilik səbəbindən qısa müddətdə meşəlik sahələrə yayılıb. Nəticədə 64 min 500 hektar sahə ciddi ziyan görüb.
Türkiyənin Çanakkale vilayətinin Gelibolu rayonunda yanğın qeydə alınıb. Yanğına havadan və qurudan müdaxilə edilir. Gelibolu rayonunun Tayfur və Cumalı kəndləri arasında ötən gün yerli vaxtla saat 16:28-də başlayan və küləyin təsiri ilə Eceabat rayonundakı meşəlik sahələrə yayılan yanğına qarşı mübarizə davam edir.
Boğaziçi Universitetinin İqlim Dəyişikliyi və Siyasət Tətbiq və Araşdırma Mərkəzinin İdarə Heyətinin üzvü Prof. Dr. Murat Türkeş avqust ayında yüksək temperatur və quraqlığın davam etdiyini, ayın sonuna qədər yağış gözlənilmədiyini bildirib. Onun sözlərinə görə, havanın normadan isti və quru keçməsi yanğın təhlükəsini artırır.
Türkiyənin Denizli vilayətinin Acıpayam rayonunda meşə yanğını baş verib. Yanğın meşəlik ərazidə başlayıb. Bölgəyə bir təyyarə, dörd helikopter, 19 yanğınsöndürmə maşını, 11 ilkin müdaxilə avtomobili, üç iş maşını və 121 nəfərlik heyət göndərilib.
Türkiyənin Manisa vilayətinin Şehzadeler rayonunda baş verən meşə yanğını ilə bağlı bir nəfər həbs edilib. Avqustun 11-də yerli vaxtla saat 16:45 radələrində başlayan yanğın, küləyin təsiri ilə qısa müddətdə meşəyə yayılıb. İzmir Meşə Regional İdarəsinə məxsus 4 helikopter, 17 yanğınsöndürmə briqadası və 3 texnika əraziyə cəlb edilib. Yanğın havadan və qurudan müdaxilə edilərək nəzarət altına alınıb.
İzmirin Buca rayonunda başlayan meşə yanğına hava və quru qüvvələri tərəfindən müdaxilə davam edir. Yanğınla bağlı aparılan istintaqda 3 şübhəli saxlanılıb. İzmirdə dünən başlayan və gecə boyu quru qüvvələri ilə müdaxilə edilən yanğına, günün ilk işıqları ilə hava vasitəsilə müdaxilə yenidən başlayıb. İzmir Meşə Regional İdarəsinə bağlı hava və quru vasitələri ilə yanğınsöndürən briqadaların yanğına müdaxiləsi davam edir.
İzmirin Buca və Aliağa rayonlarında meşə yanğınları baş verib. Hər iki yanğına havadan və qurudan müdaxilə edilir. İzmirin Buca rayonunda, yerli vaxtla saat 18:00 radələrində mikroavtobusda yanğın baş verib. Yol kənarındakı avtomobildə başlayan yanğın meşəyə yayılıb. Hadisə yerinə İzmir Meşə Regional Müdirliyinə məxsus hava vasitələri və çox sayda yanğınsöndürmə maşını göndərilib.
Türkiyənin Çanakkale vilayətində baş verən yanğın nəzarət altına alınıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.