Suriya Prezidenti Əhməd əş-Şaraa 10 noyabr tarixində Vaşinqtona səfər edəcək və Ağ Evə rəsmi ziyarət həyata keçirən ilk Suriya dövlət başçısı olacaq. Bu barədə ABŞ-nin Türkiyə səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, Bəhreynin paytaxtı Manamada “Axios” nəşrinə verdiyi müsahibədə bildirib. Barak bildirib ki, əş-Şaraanın ABŞ Prezidenti Donald Tramp ilə planlaşdırılan görüşündə və səfər çərçivəsində tərəflərin təhlükəsizlik və regional əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.
#Suriya-Türkiyə-İsrail gərginliyi
ABŞ-nin Türkiyə səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, Qəzzada əldə olunan atəşkəsi dəyərləndirərək bildirib ki, Türkiyənin iştirakı olmasa, tərəflər razılığa gələ bilməzdi. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu səbəbdən Prezident Rəcəb Tayyib Ərdoğana dörd dəfə təşəkkür edib.
ABŞ-nin Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etməsində Türkiyə həlledici rol oynayıb. Bu haqda İstanbulda keçirilən TRT World Forum 2025-də iştirak edən Suriya İnformasiya naziri Həmzə Əl Mustafa məlumat verib. Nazir, foruma bu dəfə “yeni Suriya rəhbərliyini təmsil edən nümayəndə” kimi qatıldığını qeyd edib.
Beynəlxalq mediada yayılan məlumatlara görə, Yaxın Şərqdə İsrailin artan hərbi fəaliyyəti fonunda İran, Türkiyə və Səudiyyə Ərəbistanını yeni təhlükəsizlik koalisiyasına cəlb etməyə çalışır. Xüsusilə İsrailin Qətərə hücumu və regiondakı gərginliyin artması fonunda Tehranın üçtərəfli əməkdaşlıq planını aktivləşdirdiyi bildirilir.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Numan Kurtulmuş, İsrailin işğalçılıq və genişlənmə siyasətinə toxunaraq bildirib ki, son zamanlarda Cənubi Kiprdə müəyyən hərbi bazalara dəstək verilməsi və hərbi texnika və sursatların ora göndərilməsi Türkiyə tərəfindən diqqətlə və həssaslıqla izlənilir. Kurtulmuş bu fikirləri Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Daxili İşlər Naziri Dursun Oğuz və ŞKTC-dən gəlmiş yerli idarəetmə nümayəndələrin qəbulunda səsləndirib.
Türkiyə Xarici İşlər Nazirliyi bu gün yaydığı bəyanatda İsrailin Suriyaya qarşı həyata keçirdiyi hücumları qətiyyətlə pisləyib. Nazirlik əlavə edib ki, “Türkiyə, Suriya xalqının haqlı gözləntilərinə uyğun olaraq, terrordan təmizlənmiş, təhlükəsizliyi təmin olunmuş və ərazi bütövlüyü qorunmuş bir Suriya vizyonunu dəstəkləməyə davam edəcək.”
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani ilə keçirdiyi görüşdən sonra bəyanatla çıxış edib. Nazir Fidan çıxışında Suriyada yeni bir dövrün başladığını bildirib. Onun sözlərinə görə, bu yeni prosesdən narahat olan bəzi qüvvələr vəziyyəti mənfi istiqamətə yönəltməyə çalışır. Fidan bildirib ki, Süveyda bölgəsində baş verən hadisələrdə əsas rol oynayan qüvvələrdən biri İsraildir və İsrail bölgədə nüfuzunu genişləndirməyə çalışır.
Suriya Xarici İşlər Nazirliyinin ABŞ siyasi məsələlər üzrə baş direktoru Quteybə İdlibi, Türkiyənin Suriyanın yeni rəhbərliyinin beynəlxalq aləmdə qəbul olunması və bu ölkəyə tətbiq edilən sanksiyaların aradan qaldırılması istiqamətindəki səylərini yüksək qiymətləndirib.
İsrailin Suriya siyasətində “druzları qorumaq”, “Suriyanı parçalanmaqdan xilas etmək”, “Türkiyə təsirini neytrallaşdırmaq” və “ekstremistlərlə mübarizə” kimi tezislərlə müdaxilələrini əsaslandırması son aylarda daha aydın şəkildə görünməyə başlayıb.