#Türkiyənin NATO-dakı rolu

Türkiyə Milli Müdafiə Nazirliyi, NATO-nun bu il keçirilən ən genişmiqyaslı təlimi olan "Steadfast Dart-26"da iştirak edəcək quru qoşunları bölmələrinin Almaniyanın Emden limanına çatdırıldığını elan edib. Nazirliyin sosial media hesabında paylaşılan məlumata görə, bu strateji daşıma əməliyyatı Türkiyənin ən böyük hərbi gəmisi olan TCG Anadolu vasitəsilə uğurla həyata keçirilib.

Kanadanın Baş naziri Mark Karni Ontario əyalətində keçirdiyi mətbuat konfransında Türkiyə-Kanada münasibətləri barədə mühüm açıqlamalar verib. O, Türkiyəni NATO-nun "həyati tərəfdaşı" adlandıraraq, iki ölkə arasında iqtisadi və strateji əməkdaşlığı dərinləşdirmək üçün "nəhəng" imkanların olduğunu bildirib. Baş nazir Karni Türkiyənin dünyanın strateji və bəzən çətin bir bölgəsində mühüm rol oynadığını vurğulayıb. O, Prezident Rəcəb Tayyib Ərdoğan ilə Nyu-Yorkda apardığı danışıqlara toxunaraq bildirib: "Türkiyə ilə ticari əlaqələrimizi dərinləşdirmək üçün bir sıra imkanlarımız var. Müdafiə və nüvə əməkdaşlığı kimi mövzuları da əhatə edə biləcək bu danışıqları davam etdirməyi planlaşdırırıq."

Türkiyə Xarici İşlər Naziri Hakan Fidan, NATO Baş katibi Mark Rutte ilə Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri toplantısının çərçivəsində görüşüb. Görüşdə əsasən Ukrayna ilə Rusiya arasında davam edən müharibənin sonlandırılması üçün görülən səylər müzakirə olunub. Hakan Fidan və Mark Rutte, müharibənin daha da uzanmaması üçün beynəlxalq əməkdaşlığın və diplomatik həll yollarının vacibliyini vurğulayıb. Bundan əlavə, Qara Dənizin təhlükəsizliyi ilə bağlı məsələlər də gündəmə gətirilib. Bu çərçivədə regionda sabitliyin təmin edilməsi və NATO-nun bu sahədəki rolunun artırılması müzakirə edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Fridrix Merts ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Türkiyə-Almaniya münasibətlərinin strateji əhəmiyyətini vurğulayıb. Ərdoğan bildirib ki, güclü əsaslara və çoxsahəli əlaqələr şəbəkəsinə malik Türk-Alman əməkdaşlığı Avropa və qonşu bölgələrin təhlükəsizliyi üçün vazkeçilməzdir.

ABŞ dövlət katibi Marko Rubio, 29 Oktyabr — Türkiyə Respublikasının 102-ci ildönümü münasibətilə təbrik mesajı yayıb. Rubio mesajında ABŞ-Türkiyə münasibətlərinin qlobal sülh, təhlükəsizlik və rifah üçün kritik əhəmiyyət daşıdığını vurğulayıb. “ABŞ və Amerika xalqı adından, Türkiyə xalqını Respublikanızın qurulmasının 102-ci ildönümü münasibətilə ən səmimi arzularımla təbrik edirəm. ABŞ-Türkiyə münasibətləri qlobal sülh, təhlükəsizlik və rifah baxımından həyati önəmə malikdir.Türkiyə Respublikası, köklü və dəyərli bir NATO müttəfiqidir.” – deyə Rubio bildirib.

İsrail ordusunun istefada olan polkovniki Eran Lerman Türkiyə ilə mümkün qarşıdurma ssenarilərinə dair diqqətçəkən açıqlamalar verib. Lerman bildirib ki, İsrail ordusu NATO-nun ikinci ən böyük gücü olan Türkiyə ordusu ilə müharibəyə hazır deyil. “Biz belə böyük bir ordu ilə müharibəyə qətiyyən hazır deyilik. Ümid edirəm ki, heç vaxt bu həddə çatmarıq”-deyə o bildirib. Onun sözlərinə görə, İsrailin imkanları məhduddur, lakin ölkənin dəniz qüvvələri istedadlı və cəsurdur, havada isə üstünlüklərin mövcud olduğuna inanır. “Bütün bunlara baxmayaraq, Türkiyənin quru qoşunları çox böyükdür və biz onlarla birbaşa müharibəyə heç vaxt girməməliyik”- deyə o əlavə edib.