#Doha

ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahu ilə gərgin telefon danışığı apararaq, Qətərdə HƏMAS-ı hədəf alma qərarının “ağılsız addım” olduğunu bildirib. Wall Street Journalın məlumatına görə, İsrailin ABŞ-dan xəbərsiz şəkildə Qətərdəki HƏMAS liderlərini vurması Trampı və Qətəri qəzəbləndirib. Hadisədən sonra Tramp Netanyahunu sərt tonda tənqid edərək, bu hücumun “barış səylərinə və ABŞ-Qətər münasibətlərinə zərbə vurduğunu” deyib.

İran xarici işlər naziri Abbas Əraqçi İsrailin Qətərə qarşı son hərbi hücumunu kəskin şəkildə pisləyərək, bu addımı regionda davam edən təcavüz siyasətinin bir hissəsi adlandırıb. Tunisdə keçirdiyi mətbuat konfransında çıxış edən Əraqçi İsraili “regionda sülh və təhlükəsizliyə ən böyük təhdid” adlandırıb və İslam ölkələrini kollektiv şəkildə hərəkət etməyə çağırıb.

ABŞ Prezidenti Donald Tramp, İsrailin Qətərin paytaxtı Dohada HƏMAS liderliyini hədəf alması ilə bağlı açıqlama verərək, hadisədən “heç məmnun olmadığını”, lakin hücumu rəsmi şəkildə qınamaqdan imtina etdiyini bildirib.HƏMAS açıqlamasında bəzi yüksək vəzifəli rəhbərlərin sağ qaldığını, lakin aralarında təşkilatın Qəzza rəhbəri və baş müzakirəçi Xalil əl-Həyyənin oğlu, üç mühafizəçisi və ofis müdiri də olmaqla beş nəfərin öldüyünü açıqlayıb.

İran Prezidenti Məsud Pezeşkian İsrailin Qətərə hücumunu kəskin şəkildə pisləyərək, İslam dünyasını vahid və praktiki mövqedən çıxış etməyə çağırıb. Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparan Pezeşkian vurğulayıb ki, İsrailin təcavüzkar siyasəti bölgəni qeyri-sabitliyə sürükləyir.

İsrailin Dohada HƏMAS rəhbərliyinə aid yaşayış yerlərinə endirdiyi hava zərbəsi Qəzzada davam edən müharibənin gedişatında təhlükəli bir dönüş nöqtəsi oldu. Bu hadisə Vaşinqtonun müttəfiqi və İsraillə fələstinli qruplar arasında ənənəvi vasitəçi sayılan Qətəri ilk dəfə bu qədər birbaşa və görünməmiş şəkildə qarşıdurmanın mərkəzinə gətirdi. Doha baş verənləri “qorxaq hücum” adlandıraraq HƏMAS-ın Siyasi Bürosuna aid rəhbərlərin yaşayış yerlərinin hədəfə alındığını açıqladı. İsrail isə bunun “HƏMAS terror rəhbərliyinə” qarşı həyata keçirilmiş əməliyyat olduğunu bildirdi və bunu hərəkatın kadrlarını harada olurlarsa, orada izləyib məhv etmək kampaniyasının davamı kimi təqdim etdi.

İsrailin Dohaya endirdiyi hava zərbəsi nəticəsində Qətər təhlükəsizlik qüvvələrinin bir əməkdaşı həlak olub, bir neçəsi isə yaralanıb. Bu barədə Qətərin Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, ilkin məlumata əsasən, daxili təhlükəsizlik qüvvələrinin hərbi qulluqçusu – onbaşı Bader Saad Məhəmməd əl-Xumeydi əd-Dusari xidməti vəzifəsini yerinə yetirərkən hücumun hədəfi olan obyektdə həyatını itirib. Hadisə zamanı bir neçə təhlükəsizlik əməkdaşı da xəsarət alıb.

Qətər Daxili İşlər Nazirliyi İsrailin Dohadakı HƏMAS rəhbərlərinə qarşı həyata keçirdiyi hücumdan sonra hadisələrin gedişatını diqqətlə izlədiyini və bütün zəruri tədbirləri gördüyünü bildirib. Bu barədə nazirliyin verdiyi açıqlamada qeyd olunur. “Səlahiyyətli orqanlar hədəf bölgəni araşdırmaqda və təhlükəsizliyi təmin etməkdə davam edir. Daxili İşlər Nazirliyi daxili təhlükəsizlik qüvvələri ilə birlikdə hadisələrin gedişatını diqqətlə izləyir və vətəndaşların, eləcə də sakinlərin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür” - deyə, açıqlamada vurğulanıb.

Səudiyyə Ərəbistanı Dəməşq və ətrafında müharibədən zərər çəkmiş ərazilərdə dağıntıların təmizlənməsi və sosial infrastrukturun bərpasını hədəfləyən genişmiqyaslı layihəyə start verib. Bu təşəbbüs Səudiyyə-Suriya investisiya forumu çərçivəsində imzalanan və ümumi dəyəri 6 milyard dollardan çox olan paketlərlə müşayiət olunub.

İran xarici işlər naziri Seyyid Abbas Əraqçi İran prezidenti Məsud Pezeşkianın mesajını Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə təqdim edib. Tərəflər xüsusilə Fələstindəki vəziyyətə diqqət çəkərək, işğal olunmuş ərazilərdə İsrail rejiminin davam edən soyqırımının dayandırılması üçün beynəlxalq ictimaiyyətin və region ölkələrinin qətiyyətli addımlar atmasının zəruriliyini vurğulayıblar.

Dohada keçirilən mətbuat konfransında Ənsari, Qətər, ABŞ və Misirin vasitəçiliyi ilə aparılan danışıqlara toxunaraq, “HƏMAS-ın qəbul etdiyi təklif İsrailin əvvəlki təsdiqləri ilə uyğundur. Cavab vermək növbəsi İsraildədir, lakin belə görünür ki, İsrail razılığa gəlmək istəmir,” - deyə bildirib. O, Qətərin müharibəni dayandırmaq üçün bütün səyləri dəstəklədiyini və danışıqların Qahirədə və ya Dohada keçirilməsinin əhəmiyyətsiz olduğunu, əsas məqsədin tez bir zamanda atəşkəsə nail olmaq olduğunu qeyd edib. Ənsari, İsrailin rəsmi cavab verməkdən yayınmasını tənqid edərək, “İsrail nə təklifi qəbul edib, nə rədd edib, nə də alternativ təklif təqdim edib. İsrail ən qısa zamanda rəsmi cavab verməlidir,” - deyə bildirib. O, İsrailin Qəzzada hərbi əməliyyatlarını genişləndirməsinin müsbət nəticə verməyəcəyini vurğulayıb və beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıb.