#Doha

İsrail Baş naziri Benyamin Netanyahu bazar günü bəyan edib ki, ABŞ dövlət katibi Marko Rubionun İsrailə səfəri iki ölkə arasındakı “ittifaqın və dostluğun gücünü” nümayiş etdirir. Bu açıqlama, İsrailin Dohada HƏMAS rəsmilərini hədəf aldığı zərbədən bir neçə gün sonra gəlib. Müşahidəçilərə görə, Rubionun səfərinin əsas məqsədi Vaşinqtonun İsrailə dəstəyini göstərməkdir. Bu, ərəb ölkələrinin geniş şəkildə Qətəri dəstəklədiyi, eyni zamanda Dohada keçirilən ərəb-islam sammitinin fonunda baş verir.

İran prezidenti Məsud Pezeşkian bazar ertəsi Dohada keçiriləcək fövqəladə sammitdən əvvəl çıxış edərək İslam ölkələrini İsraillə münasibətləri kəsməyə çağırıb. Pezeşkian bildirib ki, İsrail “heç bir hüquqi çərçivəni tanımır, qanunlara hörmət etmir” və İslam ölkələri birlik və həmrəyliyi qorumaq üçün bu “saxta rejimlə” əlaqələrini kəsə bilərlər. Dohada keçirilən fövqəladə ərəb-islam sammiti öncəsi danışan İran lideri ümid etdiyini bildirib ki, görüş İsrailə qarşı praktik addımlar barədə nəticə verəcək. O əlavə edib ki, “sionist rejim” yalnız Fələstində deyil, bir sıra İslam ölkələrinə qarşı da təcavüzkar hərəkətlər edib.

Misir, İsrailin Dohaya endirdiyi hava zərbəsinə cavab olaraq təhlükəsizlik sahəsində Tel-Əvivlə koordinasiyanı məhdudlaşdırmaq qərarına gəlib. Misir rəsmiləri İsrailə açıq mesaj göndərərək bildiriblər ki, ölkə ərazisində oxşar hücumların həyata keçirilməsi silahlı cavabla qarşılanacaq. “HƏMAS liderlərinin həyatına Misir torpaqlarında ediləcək hər hansı sui-qəsd, dövlətimizin suverenliyinin pozulması və İsrailin müharibə elan etməsi kimi qəbul ediləcək. Biz də tərəddüd etmədən cavab tədbirləri görəcəyik.” - deyə qeyd edilib.

Ərdoğan bu gün İslam Əməkdaşlıq Təşkilatı–Ərəb Liqası Fövqəladə Zirvə Toplantısında iştirak etmək üçün Qətərə gedir. Prezident Ərdoğan İsrailin qətliam xarakterli hücumlarının dayandırılması ilə bağlı mesajlarını paytaxt Dohada keçiriləcək zirvə toplantısında verəcək. Türkiyə Prezidenti Ərdoğan Qətərə yola düşəcək. İsrail təxminən 2 ildir Qəzzanı qan içində qoyur. Region ölkələri İsrailin sərhəd tanımayan hücumlarından narahatdır.

Dohada Ərəb Dövlətləri Liqasına (ƏDL) və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə qapalı iclası keçirilir. İclas İsrailin HƏMAS-ın Dohadakı iqamətgahına endirdiyi hava zərbəsinə həsr olunub. İclasın əsas məqsədi İsrailin HƏMAS siyasi bürosunun üzvlərinə qarşı hücumu ilə bağlı vahid mövqenin formalaşdırılmasıdır.

Sentyabrın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfərə yola düşüb. AzerVoice-un məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində nazirin 14-15 sentyabr tarixlərində Doha şəhərində keçiriləcək Fövqəladə Ərəb-İslam Sammitində iştirak və çıxışı, habelə yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

BMT Təhlükəsizlik Şurasının İsrailin Qətərə hücumunu pisləyən bəyanatı uzun illərdən sonra ilk dəfə ABŞ-ın da beynəlxalq konsensusa qoşulması ilə mümkün olub. Bu dəfə Vaşinqton da İsrailin HƏMAS-a qarşı müharibəni aşaraq bütün beynəlxalq qanun və normaları pozan addımlarına qarşı çıxış edib. Şuranın qəbul etdiyi bəyanatda İsrailin adı açıq şəkildə qeyd olunmasa da, “əsas vasitəçi ölkənin ərazisi olan Dohaya edilən son hava hücumları pislənir” ifadəsi diqqət çəkib. Bu, nəinki Donald Tramp dövründə, hətta onun sələfi Co Baydenin hakimiyyəti illərində də ilk dəfə BMT TŞ-nin İsraili hədəf alan pisləmə bəyanatı idi.

Qətər Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edərək İsraili Qəzza zolağındakı girovlara laqeyd yanaşmaqda günahlandırıb. O bildirib ki, İsrailin bu həftə Doha şəhərinə endirdiyi hava hücumu yalnız ölkəsinin suverenliyini pozmayıb, həm də regional sülhə ciddi təhdid yaradıb.

İranın BMT-dəki daimi nümayəndəsi Əmir-Səid İravani İsrailin Qətərə qarşı son hərbi hücumunu “terrorçu təcavüz” adlandıraraq sərt şəkildə qınayıb. O, Tehranın beynəlxalq hüquq və BMT Nizamnaməsi çərçivəsində Qətərin özünümüdafiə haqqını dəstəklədiyini vurğulayıb.

İsrailin Dohada HƏMAS liderlərinə qarşı həyata keçirdiyi hücum bütün ərəb və islam dövlətlərinə müharibə elan etmək anlamına gəlir. Bu barədə HƏMAS-ın siyasi bürosunun üzvü Fauzi Barxum bildirib. “İsrailin törətdiyi bu cinayət sadəcə Qətərə hücum deyil, həm də bütün ərəb və islam ölkələrinə müharibə elanıdır və regionun sabitliyinə ciddi təhdid yaradır” – deyə, Barxum qeyd edib. Onun sözlərinə görə, İsrailin hücumu nəticəsində HƏMAS-ın Qəzza zolağındakı lideri Xalil əl-Heyyanın həyat yoldaşı, gəlini və nəvələri yaralanıblar. Əl-Heyyanın vəziyyəti barədə isə məlumat verilməyib.