#Qəzzadakı humanitar vəziyyətə diqqət

Qəzza əhalisi uzun müddətdir gigiyenik şəraitin olmaması səbəbindən müxtəlif dəri xəstəliklərindən əziyyət çəkirdi. İndi isə eyni infeksiyalar İsrail ordusunun əsgərlərinə də yayılıb. Cümə günü ön cəbhəyə göndərilən yüzlərlə nizami və ehtiyat hərbçi qaşınmadan şikayətlənib, bədənlərində yaralar əmələ gəlib. “Yedioth Ahronoth” qəzetinin dərc etdiyi fotolarda əsgərlərin bədənində açıq yaralar görünür. Onların sözlərinə görə, səbəb bit, taxtabiti, digər həşərat sancmaları, üfunətli qoxu və dayanıqsız sularla bağlıdır. Bir əsgərin atası deyib: “Oğlum əvvəlcə bu əziyyəti gizlətmişdi. Ailəlikcə istirahətə çıxanda təsadüfən bədənindəki yaraları gördük. Bu dəhşətli idi. Övladlarımız qaşınmadan yata bilmir. Bu, Qəzzanın başqa bir lənəti kimi geri dönür.”

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə xarici işlər nazirləri iclasından sonra qəbul edilən birgə bəyanatda İsrailin mövqeyi kəskin şəkildə pislənib və bütün dövlətlərə fələstinlilərə qarşı təcavüzün davam etməsinin qarşısını almaq üçün hüquqi və praktik addımların atılmasına dair çağırış edilib. Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən iclasın yekununda vurğulanıb ki, İsrailin Qəzza zolağına hücumun başlanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq vasitəçilərin sülh təşəbbüslərinə cavab verməkdən imtina etməsi, əməliyyatları genişləndirməkdə israrı və atəşkəs çağırışlarını qulaqardına vurması qəbuledilməzdir.