İran xarici işlər naziri Abbas Əraqçi, ölkənin zənginləşdirilmiş uran ehtiyatlarının İsrail və ABŞ tərəfindən iyun ayında həyata keçirilən hücumlarda zərbə alan nüvə obyektlərinin dağıntıları altında qaldığını açıqlayıb. Nazirin sözlərinə görə, qiymətləndirmə başa çatdıqdan sonra hesabat İranın Ali Milli Təhlükəsizlik Şurasına təqdim ediləcək və ölkənin təhlükəsizlik maraqları nəzərə alınaraq növbəti addımlar barədə qərar veriləcək.
#İsrailin İran hücumu
İran xarici işlər naziri Abbas Əraqçi İsrailin Qətərə qarşı son hərbi hücumunu kəskin şəkildə pisləyərək, bu addımı regionda davam edən təcavüz siyasətinin bir hissəsi adlandırıb. Tunisdə keçirdiyi mətbuat konfransında çıxış edən Əraqçi İsraili “regionda sülh və təhlükəsizliyə ən böyük təhdid” adlandırıb və İslam ölkələrini kollektiv şəkildə hərəkət etməyə çağırıb.
ABŞ-ın sabiq prezidenti Donald Tramp bəyan edib ki, Qəzza müharibəsi İsrailə zərər vurur və nəticədə Tel-Əviv bu müharibəni dayandırmaq məcburiyyətində qalacaq. O, bildirib ki, döyüşlərin davam etməsi səbəbindən İsrail Vaşinqtondakı siyasi dairələr üzərində əvvəlki təsirini və nüfuzunu itirib. Tramp bu fikirləri ABŞ-ın “Daily Caller” saytına verdiyi və bazar ertəsi yayımlanan müsahibəsində səsləndirib. “Onlar bu müharibəni bitirmək məcburiyyətində qalacaqlar və heç bir şübhə yoxdur ki, bu, İsrailə zərər verir. İsrail müharibəni qazana bilər, amma ictimaiyyətlə əlaqələr müstəvisində nüfuz qazanmır. Bu isə onun üçün mənfi nəticədir”-deyə o qeyd edib.
İranın şimal-şərqindəki Rəzəvi Xorasan əyalətində İsrail kəşfiyyat xidməti Mossad ilə əlaqəli olduqları müəyyən edilən səkkiz nəfər həbs olunub. Həbs edilən şəxslərin Mossad tərəfindən onlayn təlim aldıqları, iyun ayında İran və İsrail arasında 12 gün davam edən qarşılıqlı hücumlar zamanı ölkədəki strateji obyektlərin koordinatlarını və mühüm hərbi şəxslərə dair məlumatları İsrail tərəfinə ötürdükləri bildirilib.
ABŞ Dövlət katibi Marko Rubio ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Mariano Qrossi arasında Ukraynadakı nüvə obyektləri və agentliyin İranda həyata keçirdiyi nəzarət fəaliyyətləri də daxil olmaqla, qlobal nüvə təhlükəsizliyi məsələlərinin müzakirə olunduğu bildirilib. Dövlət Departamentinin açıqlamasına görə, sentyabrın 8-dən 12-dək Avstriyanın paytaxtı Vyanada keçiriləcək BAEA İdarə Heyətinin iclası ərəfəsində baş tutan görüşdə Ukraynadakı nüvə obyektlərinin təhlükəsizliyi və agentliyin İranda həyata keçirdiyi yoxlama və nəzarət fəaliyyətləri də daxil olmaqla müxtəlif qlobal nüvə təhlükəsizliyi məsələləri müzakirə edilib.
İran İsraillə yeni silahlı toqquşmanın baş verə biləcəyini istisna etmir. Bu barədə İran xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib. “Bütün variantlar mümkündür, lakin biz hər bir şəraitə hazırıq. 12 günlük müharibə zamanı sionist rejim (İsrail - red.) və ABŞ öz hədəflərinə çata bilmədi. Əksinə, İran qəhrəmancasına müqavimət göstərdi və eyni zamanda təcavüzə cavab verdi” – deyə, Arakçi qeyd edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bildirib ki, 2015-ci il nüvə sazişində iştirak edən Avropa tərəflərinin, Tehrana qarşı BMT sanksiyalarını bərpa edəcək “tetik mexanizmi” (snapback) işlətmək üçün hüquqi səlahiyyəti yoxdur. İranın rəsmi IRNA xəbər agentliyinə əsasən, Bekayi Tehranda Xarici İşlər Nazirliyində keçirdiyi mətbuat konfransında ölkənin xarici siyasət gündəmi ilə bağlı fikirlərini bölüşüb. İngiltərə, Fransa və Almaniyanın "İranın sazişi pozduğunu əsas gətirərək BMT sanksiyalarını bərpa etmək üçün mexanizmi işə salmaq" hədəsini dəyərləndirən Bekayi deyib ki, "Avropa tərəflərinin bu mexanizmdən istifadə etməyə nə hüquqi, nə də mənəvi legitimliyi var."
Tərəflər atəşkəsə razılaşsa da, münaqişə regionun təhlükəsizlik balansını ciddi şəkildə sarsıdıb. İyun döyüşləri göstərdi ki, hər iki ölkə istənilən an daha genişmiqyaslı müharibəyə sürüklənə bilər. Hazırda isə atəşkəs kövrəkdir və yeni eskalasiya riski real olaraq qalır.Siyasi şərhçi Rufiz Hafizoğlu iki ölkə arasında yenidən müharibə başlayacağını düşünür. O, Modern.az-a açıqlamasında yeni müharibənin ilin sonunadək başlayacağını və iyunda baş verən 12 günlük müharibədən daha qanlı olacağını bildirib.
İranın dini lider Əli Xameneinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi bildirib ki, İsraillə yeni müharibə başlaya bilər və bunun ardınca bəlkə də başqa müharibə olmayacaq.
İsrail Baş Qərargah rəisi Eyal Zamir Təl-Əvivdəki Qlilot Hava Bazasında keçirilən hərbi mərasimdə çıxışı zamanı İranı hədələyib. O, “Lazım gələrsə, yenidən İrana hücum etməyə hazırıq” deyərək, Tehrana qarşı yeni hərbi əməliyyatların mümkünlüyünü vurğulayıb.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndələri yaxın günlərdə İrana edəcəkləri səfər zamanı ölkənin nüvə obyektlərinə baxış keçirə bilməyəcəklər. Bu barədə İran Parlamentinin (Məclis) milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi məlumat verib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai, Əl-Əqsa məscidinə təşkil edilən basqının beynəlxalq və regional sülh üçün ciddi təhdid yaratdığını bildirib.