İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq 28 fevraldan bəri Körfəz bölgəsi başda olmaqla 7 ərəb ölkəsindəki ABŞ bazalarına və kritik nöqtələrinə ən azı 3955 hücum həyata keçirdiyi bildirilir. Anadolu Agentliyinin bölgə ölkələrinin müdafiə nazirlikləri və informasiya mərkəzlərindən topladığı məlumatlara görə, bu hücumlardan ən çox təsirlənən ölkə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub.
#İsrailin İran hücumu
İranın dövlət mediası İsrail tərəfinin öldüyünü iddia etdiyi Əli Laricaninin öz əli ilə yazdığı müraciəti paylaşıb. Bildirilib ki, paylaşılan bu mesaj Əli Laricaninin dəniz döyüşçülərinin dəfn mərasimi ərəfəsində qələmə aldığı yazıdır. İsmarıcda İran İslam Respublikasının Denadakı dəniz döyüşçülərinin şəhadətinin beynəlxalq zalımlara qarşı mübarizə aparan cəsur millətin fədakarlıqlarının bir parçası olduğu vurğulanıb. Laricani qeyd edib ki, həmin şəxslərin xatirəsi hər zaman İran millətinin qəlbində yaşayacaq və bu şəhidliklər İran ordusunun silahlı qüvvələr strukturunun uzun illər boyu təməlini təşkil edəcək. Mesajın sonunda müəllif uca Allahdan şəhidlərə ən yüksək mərtəbələr nəsib etməsini diləyib.
İraqın neft naziri Heyan Əbdülqəni Bağdadın bəzi neft tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verilməsi barədə İranla danışıqlar apardığını açıqlayıb. Rəsmi xəbər agentliyinin çərşənbə axşamı yaydığı məlumata görə, bu addım İraqın öz sularında tankerlərə edilən son hücumlardan sonra xam neft ixracında yaranan fasilələri aradan qaldırmaq məqsədi daşıyır.
İsrail ordusunun gecə saatlarında həyata keçirdiyi hava hücumunda İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricaninin hədəf alındığı irəli sürülüb. Yerli mətbuata danışan və adı açıqlanmayan İsrailli rəsmi ordunun gecə Laricanini hədəf alan əməliyyat keçirdiyini iddia edib. Həmin rəsmi Laricaniyə qarşı təşkil edilən hava hücumunun nəticəsinin hələlik məlum olmadığını bildirib.
“Müharibənin gedişatı ABŞ və İsrailin istədiyi kimi getmir. Böyük ehtimalla, bu müharibə bir müddət də davam edəcək”. “Fevralın 28-də İrana qarşı başladılan hücum əməliyyatları nə ABŞ, nə də İsrailin gözləndiyi kimi getmir. İsrail gözləyirdi ki, İrana qarşı müharibə başlayan kimi ölkəni kütləvi etirazlar bürüyəcək və nəticə etibarı ilə rejim çökəcək. Bu baş vermədi. Burada digər önəmli məqam isə Trampın bazar günü verdiyi açıqlamalardır. Tramp qeyd edib ki, ABŞ NATO-da müttəfiqlərini 40 il bəsləyib və onlara hər cür dəstək verib, amma müttəfiqlər bu müharibədə ABŞ-ı yalnız buraxdı.
Qətər rəsmiləri çərşənbə axşamı ölkəyə qarşı təşkil edilən raket hücumunun qarşısının alındığını açıqladılar. Bu hadisə İranın ali liderinin ölümü ilə nəticələnən ABŞ və İsrail zərbələrinə cavab olaraq başlatdığı genişmiqyaslı qisas kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir. Tehran administrasiyası keçən ayın sonunda Yaxın Şərqdə müharibənin başlamasından bəri Körfəz qonşularına qarşı mütəmadi zərbələr endirir ki, bu da mülki aviasiya uçuşlarının pozulmasına və qlobal enerji tədarükünün zəifləməsinə səbəb olur.
İranın hərbi rəsmiləri Amerika Birləşmiş Ştatları və İsrail ilə davam edən gərginlik fonunda bəyanatlarının tonunu kəskinləşdiriblər. İran hərbi sözçüsü İbrahim Zülfüqari ABŞ Prezidenti Donald Trampa ünvanladığı açıqlamasında müharibənin taleyinin sosial media platformalarında deyil, birbaşa döyüş meydanında müəyyən ediləcəyini vurğulayıb.
İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) ötən gecədən etibarən ölkənin hava məkanında kəşfiyyat uçuşları həyata keçirən İsrailə məxsus iki müasir pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini açıqlayıb. Yarı-rəsmi "Fars" xəbər agentliyinin məlumatına görə, PUA-lardan biri paytaxt Tehran, digəri isə Buşəhr əyalətinin Cem şəhəri səmasında ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən hədəfə alınıb. Vurulan aparatlardan birinin İsrail istehsalı olan "Hermes", digərinin isə "Heron" tipli olduğu bildirilir.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrandan atılan ballistik raket və pilotsuz uçuş aparatlarının (PUA) ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla dəf edildiyini açıqlayıb. BƏƏ Müdafiə Nazirliyinin yaydığı yazılı bəyanatda bildirilir ki, ölkənin müxtəlif bölgələrində eşidilən partlayış səsləri hava hücumundan müdafiə bölmələri və qırıcı təyyarələrin müdaxiləsi nəticəsində təhdidlərin havada məhv edilməsindən qaynaqlanıb. Nazirlik bütün müdafiə vahidlərinin İran mənbəli hücumlara qarşı tam hazırlıq və yüksək teyakkuz vəziyyətində olduğunu vurğulayıb.
Misir hökuməti Yaxın Şərqdə genişlənən hərbi gərginlik fonunda ərəb dövlətlərinin suverenliyini və təhlükəsizliyini qorumaq üçün vahid birgə hərbi qüvvənin yaradılması təklifini yenidən gündəmə gətirib. Misirin Xarici İşlər naziri Bədr Abdelatti Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə keçirilən görüşdə regionun hərtərəfli xaos və genişmiqyaslı müharibə təhlükəsi ilə üz-üzə olduğu barədə xəbərdarlıq edib.
İranın Mərkəzi əyalətində yerləşən yaşayış məntəqəsinə ABŞ və İsrail qüvvələri tərəfindən hava zərbəsi endirilib. İran dövlət televiziyasının yaydığı məlumata görə, hücum əyalətin Hizab kəndini hədəf alıb. Hadisə zamanı kənddəki evlərdən birinə birbaşa mərmi düşməsi nəticəsində dağıntılar yaranıb. İlkin məlumatlara əsasən, hücum nəticəsində 6 mülki şəxs həyatını itirib, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi və vəziyyətlərinin izlənildiyi bildirilir.
İranın cənub-şərqində yerləşən Kerman vilayətinin təhlükəsizlik qüvvələri ölkədə sabitliyi pozmağa və kütləvi iğtişaşlar törətməyə cəhd edən mütəşəkkil qrupun ifşa olunduğunu bildirib. Kerman vilayətinin səlahiyyətli orqanlarının yaydığı rəsmi bəyanatda qeyd olunur ki, həyata keçirilən xüsusi əməliyyat nəticəsində 14 nəfər saxlanılıb. Saxlanılan şəxslər dövlət təhlükəsizliyinə xələl gətirən fəaliyyətlərdə, qanunsuz yığıncaqlar təşkil etməkdə və ölkə daxilində xaos yaratmaq üçün gizli planlar hazırlamaqda ittiham olunurlar.