#Sosial media xəbərdarlığı

İndoneziyada 16 yaşından kiçik uşaqların sosial media platformalarından istifadəsinə qadağa qoyan qanun qüvvəyə minib. Bu addımla Cakarta rəhbərliyi Cənub-Şərqi Asiyada belə bir tətbiqi başladan ilk ölkə olub. Mərhələli şəkildə tətbiq olunacaq bu qadağa çərçivəsində YouTube, TikTok, Facebook, Instagram, Threads, X, Bigo Live və Roblox kimi məşhur platformalara 16 yaşdan aşağı istifadəçilərin girişi məhdudlaşdırılacaq. Rabitə və Rəqəmsal İşlər Naziri Meutya Hafid ölkədə fəaliyyət göstərən bütün rəqəmsal platformalara xidmətlərini dərhal yeni qanunvericiliyə uyğunlaşdırmaq barədə tapşırıq verib.

Yunanıstan hökuməti 15 yaşınadək uşaqların sosial media platformalarından istifadəsinin qadağan edilməsi ilə bağlı hazırlıqları yekunlaşdırmaq üzrədir. Rəsmi Afina rəqəmsal mühitdə uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə yeni məhdudiyyətlər üzərində işləyir. Yunanıstanın Rəqəmsal İdarəetmə Nazirliyi tərəfindən hazırlanan layihədə yaşın müəyyən edilməsi üçün mühüm infrastrukturdan istifadə olunacaq. Qeyd olunur ki, 2025-ci ilin noyabr ayından etibarən tətbiq edilən "Kids Wallet" proqramı uşaqların yaşını dəqiq təsdiqləmək üçün lazımi bazanı təmin edir. Bu sistem vasitəsilə platformalara daxil olan istifadəçilərin yaş həddinə uyğun olub-olmadığı yoxlanılacaq.

Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial mediaya girişini qadağan edən yeni qaydanın qüvvəyə minməsinə günlər qalmış, ABŞ-ın texnologiya şirkəti Meta, Facebook və İnstagramda təxminən yarım milyon hesabı bağlamağa başlayıb. 10 dekabrda tətbiq olunacaq qadağaya əsasən, Meta noyabr ayında etdiyi açıqlamadan sonra, bu gündən etibarən 16 yaşdan kiçik olduğunu müəyyən etdiyi istifadəçilərin hesablarını deaktiv etməyə başlayıb.