#YPG-nin Suriya hökuməti ilə razılaşması

Suriya Daxili İşlər Nazirliyi Rəqqə vilayətində terror təşkilatı YPG/SDG-nin nəzarətində olan Aktan həbsxanasının rəsmən təhvil alındığını bildirib. Nazirliyin yaydığı yazılı bəyanatda qeyd olunub ki, qurumun tabeliyindəki Həbsxanalar və İslah İdarəsi sözügedən müəssisədə fəaliyyətə başlayaraq orada saxlanılan şəxslərlə bağlı hərtərəfli araşdırmalara start verib. Hazırda hər bir məhbusun şəxsi işi yoxlanılır və bütün tutulanlara qarşı qanuni prosedurların tətbiqi təmin edilir.

Belçikanın paytaxtı Brüsseldə YPG/SDQ terror təşkilatının tərəfdarları tərəfindən keçirilən aksiya polisin sərt müdaxiləsi ilə dağıdılıb. Məlumata görə, səhər saatlarında bir qrup YPG/SDQ tərəfdarı Avropa Parlamentinin binası qarşısında toplaşıb. Terror təşkilatını simvolizə edən bayraqlar qaldıran aksiyaçılar təşkilat lehinə şüarlar səsləndiriblər.

Dəməşq rəhbərliyi ilə YPG terror təşkilatı arasında əldə olunmuş "Atəşkəs və Tam İnteqrasiya Sazişi" çərçivəsində Suriya ordusunun Fərat çayının şərqinə doğru irəliləməsi nəticəsində yaranan hərbi gərginlik səngiyib. Ötən gün Hasekə vilayəti ətrafında və Ayn əl-Ərabın cənub hissələrində intensivləşən qarşıdurmaların bu gün səhərə yaxın dayandığı bildirilir. Hazırda Suriya ordusunun bölmələri Hasekə şəhərinin girişi də daxil olmaqla cəmi dörd strateji nöqtədə mövqe tutub. Eyni zamanda hərbi birliklər Ayn əl-Ərabın cənubundakı Sırrin qəsəbəsinin girişindəki müdafiə xəttində qərarlaşıblar.

Suriya Müdafiə Nazirliyi Fərat çayının qərbində qalan YPG işğal altındakı bölgələri hərbi zona elan edərək bütün silahlı qruplaşmaların çayın şərqinə çəkilməsini tələb edib. Suriya ordusunun yerli mətbuatda dərc olunan rəsmi bəyanatında YPG və PKK terrorçuları ilə yanaşı, bəzi silahlı qrupların Fəratın qərbində qüvvə toplamağa davam etdiyi bildirilib. Məlumata görə, işğal edilən bu bölgələrdən Hələb şəhərinə kamikadze tipli pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücumlar təşkil edilir. Məhz bu səbəbdən ordu hərbi əməliyyatlara hazırlıq məqsədilə sözügedən əraziləri hərbi zona elan edib.

Suriya Prezidenti Əhməd əş-Şaraanın media üzrə müşaviri Əhməd Müvəffəq Zeydan Hələbdə terror təşkilatı YPG ünsürlərinə qarşı həyata keçirilən əməliyyatın “xaosa yatırım edənlər üçün mühüm bir dərs” olduğunu bildirib. Zeydan ABŞ mərkəzli X sosial media platformasında paylaşım edərək, Suriya təhlükəsizlik qüvvələrinin Hələbdə Şeyx Məqsud məhəlləsinə daxil olaraq terror təşkilatı YPG-ni bölgədən təmizləməsinə dair qiymətləndirmə aparıb.