ABŞ ilə İran arasında artan hərbi gərginlik diplomatik danışıqların gələcəyini qeyri-müəyyən edib. Tərəflər arasında imzalanmış anlaşma memorandumunun taleyi sual altındadır. İran daxilində yaranmış narazılıqlar fonunda Prezident Məsud Pezeşkianın məsul göstərildiyi bildirilir. Təhlilçilər hesab edirlər ki, prezidentin günahlandırılması ictimai narazılığı müəyyən istiqamətə yönəltmək cəhdi ola bilər. Eyni zamanda bu yanaşmanın hakim elita daxilindəki fikir ayrılıqlarını gizlətmək məqsədi daşıdığı vurğulanır. İranın xarici siyasətində fərqli mövqelərin olduğu qeyd edilir. Ekspertlər hesab edirlər ki, diplomatik prosesin gələcəyi daha geniş siyasi amillərdən asılıdır.
#siyasi böhran
Livan prezidenti Cozef Aun ABŞ-dan ölkəsinə dəstəyin davam etdirilməsini istəyib. O, Donald Trampa ünvanladığı mesajda Livanın dövlət institutları və ordusuna dəstək çağırışı edib. Aun ölkənin müharibələr səhifəsini bağlamaq istədiyini bildirib. Rəsmi dairələr Livanın sülh və sabitlik mərhələsinə keçmək niyyətində olduğunu vurğulayır. Eyni zamanda Hizbullahın silahsızlaşdırılması planı ölkədə narahatlıq yaradıb. Bu prosesin yeni daxili gərginliklərə səbəb ola biləcəyi qeyd edilir. Hizbullah isə razılaşmanı rədd edib.
İsraildə keçiriləcək növbəti seçkilərin Baş nazir Benyamin Netanyahu-nun siyasi karyerasında həlledici rol oynaya biləcəyi bildirilir. O, həm regionda davam edən müharibələr, həm də korrupsiya ittihamları səbəbilə ciddi daxili təzyiqlərlə üzləşib. Netanyahu İsrail tarixində ən uzun müddət vəzifədə qalan baş nazir olsa da, qarşıdan gələn seçkilərin onun siyasi gələcəyini dəyişə biləcəyi qeyd olunur. İsrail hazırda həm şimalda Livanla, həm də daha geniş regionda gərginliklə üz-üzədir. ABŞ-ın hərbi əməliyyatların dayandırılması ilə bağlı təzyiqləri vəziyyəti daha da mürəkkəbləşdirir. Eyni zamanda, 7 oktyabr 2023 hadisələri ilə bağlı hökumətin fəaliyyəti ictimai narazılıq doğurub. Korrupsiya ittihamları da Netanyahunun siyasi mövqeyini zəiflədir. Seçkilərin nəticəsinin İsrail siyasətində yeni mərhələ açacağı gözlənilir.
Sudanda davam edən müharibə fonunda islamçı cərəyanın gələcəyi ciddi sual altına düşüb. Ordu ətrafında formalaşan yeni hərbi-siyasi ittifaqlar arasında maraq ziddiyyətləri mövcuddur. İslamçı qruplar daxili parçalanma və beynəlxalq təzyiqlərlə üzləşir. Bir qrup kompromis və siyasi prosesə inteqrasiyanı dəstəkləyir, digəri isə mövqelərini qorumağa çalışır. Analitiklər onların gələcəyinin qeyri-müəyyən olduğunu bildirir.
Serbiyanın Novi Sad şəhərində minlərlə insan növbədənkənar seçkilər tələbi ilə etiraz aksiyası keçirib. Aksiya 2024-cü ildə vağzalda baş vermiş və 16 nəfərin ölümü ilə nəticələnmiş faciənin ildönümünə təsadüf edib. Etirazçılar hadisəni korrupsiya və idarəetmə problemləri ilə əlaqələndirirlər. Tələbələrin rəhbərlik etdiyi etiraz hərəkatı ölkə üzrə geniş dəstək qazanıb. Nümayişçilər Prezident Aleksandar Vuçiçi və hakim partiyanı tənqid ediblər. Aksiyada minlərlə insan iştirak edib. Etirazçılar azad və ədalətli seçkilərin keçirilməsini tələb edirlər. Serbiyada siyasi gərginlik davam edir.
İsrailin keçmiş müdafiə naziri Moşe Yalon Benyamin Netanyahunun siyasətini sərt tənqid edib. O bildirib ki, ölkə hökumətin yanlış qərarlarının nəticələrini yaşayır. Yaalonun fikrincə, Livanla danışıqlara daha əvvəl başlanmalı idi. O, hərbçilərin ölümündə siyasi maraqların rol oynadığını iddia edib. Keçmiş nazir Netanyahunu müharibəni koalisiyasını qorumaq üçün uzatmaqda günahlandırıb. Yaalon seçkilər ərəfəsində ölkənin çətin dövr yaşadığını vurğulayıb. Onun sözlərinə görə, mövcud vəziyyət davam edərsə, İsrail ciddi problemlərlə qarşılaşa bilər. Açıqlamalar ölkədə siyasi müzakirələri daha da gücləndirib.
İsrailin baş naziri Benyamin Netanyahunun keçmiş köməkçisi və mətbuat katibi Eli Feldşteyn 2023-cü ilin 7 oktyabrında HƏMAS-ın İsrailə hücumundan dərhal sonra baş nazirin ondan təhlükəsizlik boşluğu ilə bağlı məsuliyyətdən yayınmaq üçün plan hazırlamağı tələb etdiyini iddia edib. Onun sözlərinə görə, hücumdan sonra Netanyahudan aldığı “ilk tapşırıq” ictimaiyyət və mediada məsuliyyət məsələsinin gündəmdən çıxarılması olub. Feldşteyn bildirib ki, baş nazir mediada məsuliyyət mövzusunun müzakirə edilib-edilmədiyi ilə maraqlanıb və bu mövzuda yaranmış təzyiqin necə neytrallaşdırıla biləcəyi barədə təkliflər istəyib.
Banqladeşin korrupsiyaya qarşı qurumları devrilmiş baş nazir Şeyx Hasinaya məxsus bank seyflərindən təxminən 10 kiloqram (22 funt) qızıl ələ keçirib. Rəsmilərin bildirdiyinə görə, tapılan qızılın dəyəri təxminən 1,3 milyon dollar təşkil edir. Milli Gəlir İdarəsinin Mərkəzi Kəşfiyyat Şöbəsi (CIC) qızılın sentyabr ayında müsadirə edilmiş seyflərin açılmasından sonra aşkarlandığını açıqlayıb.
Banqladeşdə məhkəmə ölkənin sabiq baş naziri, hazırda Hindistanda yaşayan Şeyx Hasinanı “insanlığa qarşı cinayətlər”də təqsirli bularaq ölüm cəzasına məhkum edib. Dəkkədə keçirilən dinləmədə hakim Qulam Murtuza Muzumdir bildirib ki, 78 yaşlı Hasina 2024-cü il tələbə üsyanı zamanı baş verən zorakılıqlara görə “qətl əmrini vermək, təşviqat aparmaq və müdaxilə etməmək” kimi üç ayrı maddə üzrə günahkar bilinib. “Cəza – edam”, – deyə hakim elan edib.
İsraildə Ultra Ortodoks yəhudilərin (Haredi) dini liderlərindən, sabiq başhaham İsxaq Yosef hökuməti kəskin tənqid edərək Baş nazir Benyamin Netanyahunu “ateist” və “etibarsız” adlandırıb. Məlumata görə, Yosef Ultra Ortodoks partiyaların Netanyahudan ümid gözləməsini sərt şəkildə pisləyib: “O, ateistdir, heç nəyə inanmır. Beləsinə necə güvənirsiniz? Niyə güvənirsiniz?” – deyə o, bildirib.