#İqtisadiyyat Nazirliyi

“Sənaye 4.0 Hazırlıq” Proqramı çərçivəsində 15 müəssisədə texnoloji və dayanıqlı inkişaf üzrə hazırlıq səviyyəsi qiymətləndirilib. Qiymətləndirmə nəticəsində müəssisələrin texnoloji transformasiya və dayanıqlı inkişaf üzrə hazırlıq səviyyələri təhlil edilib. Proses ərzində yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə müəssisələrin hər birində yerində qiymətləndirmələr aparılıb. İstehsal prosesləri, əməliyyatların idarə edilməsi, texnoloji infrastruktur, avtomatlaşdırma səviyyəsi və rəqəmsallaşma göstəriciləri qeydə alınıb. Bununla yanaşı, müəssisələrdə enerji səmərəliliyi, resursların idarə olunması, tullantıların optimallaşdırılması, sosial məsuliyyət və korporativ idarəetmə sahələri üzrə mövcud vəziyyət araşdırılıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova arasında görüş keçirilib. Görüşdə AzMİU-da həyata keçirilən tədris, elmi-tədqiqat və innovasiya fəaliyyəti, eləcə də universitetdə aparılan rəqəmsallaşma təşəbbüsləri barədə məlumat verib. AzMİU nəzdində yaradılan “Süni İntellekt Mərkəzi”nin tədris, elmi-tədqiqat və innovasiya fəaliyyətlərinin əlaqələndirilməsində rolu qeyd edilib.

İqtisadiyyat Nazirliyində Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru ilə keçirilmiş görüşdə Avropa İttifaqı ilə qarşılıqlı iqtisadi əlaqələrə dair müzakirə aparılıb. Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığa önəm verdiyi vurğulanıb. Bildirilib ki, ölkəmizin əlverişli işgüzar mühiti avropalı investorlar üçün geniş imkanlar təqdim edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) rəhbərliyi və nüməyəndələri ilə görüş keçirib. DVX rəisi Orxan Nəzərli bildirib ki, sahibkarlarla davamlı dialoq vergi inzibatçılığının inkişafı və şəffaf biznes mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. DVX sahibkarlarla açıq və konstruktiv müzakirələrə hər zaman önəm verir, belə formatlı görüşlər qarşılıqlı etimadı möhkəmləndirir, gələcək fəaliyyətin daha səmərəli planlaşdırılmasına imkan yaradır.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Davosda Dünya İqtisadi Forumunun 56-cı illik toplantısı çərçivəsində “Texnoloji transformasiya vasitəsilə enerji keçidinin sürətləndirilməsi: Süni intellekt əsaslı sənaye” mövzusunda panel sessiya təşkil edib.

SPECA İqtisadi Forumunda Azərbaycanın regional əməkdaşlığın inkişafına verdiyi töhfə, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, investisiya və biznes mühitinin yaxşılaşdırılması tədbirləri barədə məlumat verilib. Türkmənistanın paytaxtı Aşqabad şəhərində BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində “Beynəlxalq Sülh və Etimad İli: Dayanıqlı İnkişaf naminə regional qarşılıqlı əlaqəlilik” mövzusunda SPECA İqtisadi Forumu keçirilib.

Çin şirkətləri ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Qonaqlara ölkəmizdə əlverişli investisiya mühiti, sənaye zonalarında yaradılmış infrastruktur, investorlar üçün təqdim olunan güzəştlər və dəstək mexanizmləri haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan sənaye və texnologiya yönümlü layihələrin reallaşdırılmasına xüsusi önəm verir və xarici investorlarla uzunmüddətli əməkdaşlıqda maraqlıdır.