BAKI,VOA, Orxan Qədirzadə
İran milli futbol komandasının Belçika ilə 2026-cı il dünya çempionatının qrup mərhələsində keçirdiyi qarşılaşma təkcə idman nəticəsi ilə deyil, həm də doğurduğu siyasi və ictimai rezonansla gündəmə gəlib. Komandanın qapıçısı Əlirza Beyranvandın həlledici seyvləri ölkə daxilində geniş müzakirələrə səbəb olub və bir sıra yüksək vəzifəli şəxslər tərəfindən milli müqavimət və vətənin müdafiəsinin simvolu kimi təqdim edilib.
İyunun 21-də keçirilən qarşılaşmada 33 yaşlı qapıçı Belçika millisinin təhlükəli hücumları qarşısında inamlı oyun nümayiş etdirib. Beyranvand matç ərzində rəqib komandanın yeddi dəqiq zərbəsini dəf edərək qapısını toxunulmaz saxlamağa nail olub. Qarşılaşmanın ən yadda qalan epizodu isə ikinci hissədə baş verib. Belçikalı futbolçu Maksim de Küyperin vurduğu təhlükəli zərbəni qapıçı ustalıqla qaytararaq komandasını qoldan xilas edib.
Beyranvandın uğurlu oyunu nəticəsində İran millisi meydandan qolsuz heç-heçə ilə ayrılıb və turnirdə vacib bir xal qazanıb. Bu nəticədən sonra İran yığması aktivinə ikinci xalı yazdırıb. G qrupunda dörd xalla lider olan Misir millisindən sonra ikinci pillədə qərarlaşıb.
Qapıçının parlaq çıxışı ona görüşün ən yaxşı futbolçusu mükafatını da qazandırıb. Lakin matçdan sonra diqqət yalnız idman nəticələrinə yönəlməyib. Beyranvandın seyvləri qısa müddətdə siyasi mesajların və ictimai kampaniyaların mərkəzinə çevrilib.
İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkədə qapıçının fotosunu paylaşaraq onun çıxışını milli mübarizə ilə əlaqələndirib. Nazir paylaşımında qeyd edib ki, futbol meydanından danışıqlar masasına, oradan isə döyüş meydanına qədər iranlıların atdığı hər addım daha böyük bir mübarizənin tərkib hissəsidir və bu mübarizə xalqın şərəf və ləyaqətinin qorunmasına xidmət edir.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf da eyni görüntünü paylaşaraq qısa, lakin diqqətçəkən mesaj verib. O, “Torpağımızı belə qoruyuruq” sözləri ilə qapıçının hərəkətini ölkənin müdafiəsi ilə əlaqələndirib.
Hər iki paylaşım sosial şəbəkələrdə böyük maraq doğurub. Məlumata görə, bu paylaşımlar ümumilikdə iki milyondan çox bəyənmə və paylaşım toplayıb.
Mövzu bununla da yekunlaşmayıb. İranın Əfqanıstanın Məzari-Şərif şəhərindəki konsulluğunun rəsmi hesabı da Beyranvandın təsvir olunduğu xüsusi illüstrasiya yayımlayıb. Şəkildə “Beyranvand boğazı” ifadəsindən istifadə olunub. Bu adlandırma İran ilə ABŞ arasında gərginliklərin əsas simvollarından birinə çevrilmiş Hörmüz boğazına istinad kimi qiymətləndirilib. Beləliklə, qapıçının qurtarışı strateji keçidin qorunmasına bənzədilərək siyasi məna ilə yüklənib.
İran millisinin dünya çempionatına qatılması da mürəkkəb siyasi şərait fonunda baş verib. Komanda turnirə ölkənin ev sahibi dövlətlərdən biri olan ABŞ ilə gərgin münasibətlər yaşadığı dövrdə yollanıb. Bu səbəbdən İran yığması əsas düşərgəsini Meksikada, Los-Anceles yaxınlığındakı sərhəd bölgəsində qurub.
Komanda qrup mərhələsinin bütün oyunlarını ABŞ ərazisində keçirsə də, ölkədə daimi qalmasına icazə verilməyib. ABŞ hakimiyyət orqanları futbolçuların hər oyundan sonra ölkədə yalnız məhdud müddət ərzində qalmasına şərait yaradıb. Üstəlik, tətbiq olunan məhdudiyyətlər bir neçə dəfə son anda dəyişdirilib ki, bu da komandanın hazırlıq prosesini çətinləşdirib.
Los-Ancelesdə Belçika ilə keçirilən oyundan sonra İran millisini qrup mərhələsində daha bir vacib sınaq gözləyir. Komanda növbəti cümə günü Sietldə Misir millisi ilə qarşılaşacaq. Həmin görüş G qrupunda yekun sıralamanın müəyyənləşməsi baxımından həlledici əhəmiyyət daşıyacaq