Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları davam etdirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Xocalı rayonunun Ballıca kəndində Xocalı rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Bakıda müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi–Hava Limanı avtomobil yolunun bəzi zolaqlarında sürət həddi müvəqqəti olaraq 20 km/saat müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, mövcud hava şəraiti nəzərə alınaraq məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib.

"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan hədəflərin icrası ilə bağlı İnklüziv sosial inkişaf və sosial təminat üzrə İşçi qrupun iclası keçirilib. Videokonfrans formatında keçirilən iclas Strategiyanın “İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi” və “Yüksək və ədalətli sosial təminat” məqsədləri üzrə 2025-ci il ərzində görülmüş işlərin monitorinq və qiymətləndirməsinə dair hesabatın müzakirəsinə həsr olunub.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir. Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu, Təzəbinə kəndlərinə və Ağdərə rayonunun Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova İspaniyanın San-Sebastiyan şəhərində “Bask Kulinariya Mərkəzi”nin direktoru Joxe Mari Aizeqa ilə görüş keçirib. Görüşdə Avropada qastronomiya və kulinariya sənətinə həsr olunmuş ilk universitet, qastronomiya üzrə ali təhsil, elmi-tədqiqat və innovasiya sahəsində ixtisaslaşmış beynəlxalq nüfuzlu akademik məkan olan “Bask Kulinariya Mərkəzi” ilə mübadilə imkanları, aşpazlıq ixtisasının və ümumilikdə qastronomiyanın bütün sahələrini əhatə edən praktik tədris metodikası müzakirə olunub. Dövlət Turizm Agentliyinin bu istiqamətdə təşkil etdiyi beynəlxalq peşə təhsili proqramlarının nəticələri yüksək qiymətləndirilib.

2025-ci ildə DOST mərkəzlərində 900 minə yaxın, ümumilikdə isə 4,1 milyondan çox vətəndaşa xidmət göstərildiyi bildirilib. Bu barədə DOST Agentliyində 2025-ci ilin yekunları və 2026-cı il üzrə hədəflərə dair keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov məlumat verib. O qeyd edib ki, DOST Agentliyi Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanı ilə yaradılıb, 2019-cu ilin may ayında isə ilk DOST mərkəzi fəaliyyətə başlayıb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 162 dövlət sosial xidmətinin “bir pəncərə” mexanizmi ilə təqdimatını təmin edir.

Elm və təhsil naziri Emin Əmrullayev Mərkəzi Aran Regional Təhsil İdarəsində bir qrup qabaqcıl təhsil işçisi ilə görüş keçirib. Yanvarın 29-da keçirilən görüşdə Yevlax, Ucar, Mingəçevir, Göyçay, Ağdaş, Kürdəmir və Zərdab rayonlarını təmsil edən direktorlar və müəllimlər iştirak ediblər. Müzakirələrdə ümumtəhsil məktəblərində təhsil mühitinin sağlamlaşdırılması, təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi, idarəetmənin səmərəliliyinin artırılması və pedaqoji prosesin təkmilləşdirilməsi ilə bağlı məsələlərə toxunulub.