Şimali Afrika

Tunis Prezidenti Kays Səid ölkənin şimal və şərq bölgələrini cənginə alan qeyri-adi daşqınlarla mübarizə aparmaq üçün orduya təcili müdaxilə əmri verib. Bazar ertəsindən başlayan şiddətli yağışlar nəticəsində azı 4 nəfər həyatını itirib. Xilasetmə Əməliyyatları və Ordunun Rolu Hazırda Mülki Müdafiə bölmələri paytaxt Tunis, eləcə də Binzert, Nabil və Monastır vilayətlərində su altında qalmış yaşayış məntəqələrində suyun çəkilməsi üçün gərgin iş aparır. Prezident Səid ordunun bütün imkanlarını, xüsusilə mühəndislik və xilasetmə bölmələrini fəlakət zonasına cəlb edib. Tunis ordusu təkcə müdafiə deyil, həm də sosial böhranlarda (məsələn, COVID-19 dövründə peyvəndlərin daşınması və səhra xəstəxanalarının qurulması) oynadığı mühüm rolla xalqın böyük etimadını qazanıb.

Suriya ordusu ölkənin şərqində, Rəqqə vilayətində irəliləyişini davam etdirib. Ordu Suriya Demokratik Gücləri ( PKK-nın Suriya qolu) döyüşçülərdən strateji əhəmiyyətli Təbqə şəhərinə və Fərat bəndinə nəzarəti ələ keçirdiyini açıqlayıb. Suriya Xəbər Agentliyi isə SDQ qüvvələrinin Fərat çayı üzərində iki körpünü partlatdığını bildirib.

Gələn həftə Qahirədə HƏMAS nümayəndə heyəti ilə Qəzza atəşkəs sazişinin ikinci mərhələsini irəlilətmək məqsədilə danışıqlar aparılacaq. Səfərin əsas mövzusu texnokrat komitənin tərkibinin müəyyənləşdirilməsi və sazişin icrasının irəlilədilməsi olacaq. Görüşə HƏMAS-ın baş danışıqlısı Xəlil əl-Hayya rəhbərlik edəcək, lakin dəqiq tarix açıqlanmayıb. Fatah-a yaxın mənbələr Misirin vasitəçilik rolunun önəmli olduğunu, xüsusilə İsrail Baş naziri Benyamin Netanyahunun yaratdığı maneələr qarşısında əhəmiyyətli olduğunu bildiriblər. Netanyahu Rəfah sərhəd keçidinin yalnız Qəzza-dakı son israilli girovun, Ran Gvili-nin, qaytarılmasından sonra açılacağını açıqlayıb.

Misirin Xarici İşlər naziri Bədr Əbdülattı Çərşənbə günü Somalinin birliyi, suverenliyi və ərazi bütövlüyünün Misir tərəfindən tam dəstəkləndiyini vurğulayıb. O, bu prinsipləri Afrika Buynuzu və Qırmızı dəniz regionunun sabitliyinin əsas sütunu kimi qiymətləndirib. Əbdülattı hər hansı bir birtərəfli tədbirləri, paralel qurumlar yaratmaq cəhdlərini və beynəlxalq hüquq çərçivəsi xaricində yeni siyasi reallıqların formalaşdırılmasını Misirin rədd etdiyini qeyd edib.

Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Qahirə marşrutu üzrə ilk çarter reysini yerinə yetirib. Protokola uyğun olaraq, Qahirə Beynəlxalq Hava Limanında təyyarənin ənənəvi su qövsü ilə qarşılanma mərasimi keçirilib. Birbaşa uçuşlar 2026-cı il fevralın 20-dək həftədə bir dəfə olmaqla hər cümə günü həyata keçiriləcək. Sərnişinlər Qahirə Beynəlxalq Hava Limanının 1-ci terminalından yola düşəcəklər.

Misir İsrailin baş naziri Benyamin Netanyahunu oktyabrın 10-da qüvvəyə minmiş Qəzza atəşkəsinin ikinci mərhələsinin icrasına mane olmağa çalışmaq və regionu yeni münaqişəyə sürükləməkdə ittiham edib. Misir Dövlət İnformasiya Xidmətinin rəhbəri Ziya Rəşvan bildirib ki, Netanyahunun məqsədi ABŞ-ın diqqətini İran, Suriya və Livan kimi digər regional məsələlərə yönəldərək atəşkəsi sabotaj etməkdir.

Çərşənbə günü Səudiyyə Ərəbistanının Şərq bölgəsində zəlzələ qeydə alınıb. Səudiyyə Geoloji Xidmətinin (SGS) sözçüsü Tariq Aba əl-Xeyl bildirib ki, 4,0 bal gücündə olan zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan tələfatı qeydə alınmayıb. Onun sözlərinə görə, zəlzələ İranın Zaqros dağları bölgəsində Ərəbistan və Avrasiya tektonik plitələrinin toqquşması nəticəsində yaranan tektonik gərginliklə əlaqədardır. Bu gərginlik Səudiyyə Ərəbistanının Şərq bölgəsində yer qabığında mövcud olan qırılmaların aktivləşməsinə səbəb olub.

Liviya Ali Milli Seçki Komissiyası (HNEC) bazar ertəsi günü açıqlayıb ki, 2026-cı ilin ortasında prezident və parlament seçkilərinin keçirilməsi üçün hazırlıqlara başlayıb. Komissiyanın rəsmi Facebook səhifəsində yaydığı bəyanatda qeyd olunub ki, dövlət başçısı və parlament seçkilərinin tənzimləyici çərçivələrinin hazırlanması və yayımlanmasına start verilib.

Birləşmiş Millətlər Təşkilatı (BMT), Sudanın Kurdofan bölgəsində zorakılığın və mülki əhaliyə yönəlik təhlükənin artdığını bildirərək, Cənubi Kurdofan əyalətinin Kadugli şəhərində aclıq şəraitinin qeydə alındığını və bunun digər bölgələrə yayılma riski olduğunu xəbərdar edib. Bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında çıxış edərkən bildirib.