Digər Xəbərlər

Əfqanıstanın rəsmi nümayəndəsi Həmdullah Fitrət Pakistanın hava və quru hücumları nəticəsində yaranan ağır fəsadları açıqlayıb. Onun sözlərinə görə, hücumlar nəticəsində 110 nəfər həlak olub, 123 nəfər yaralanıb. Paktiya, Paktika, Xost, Kabil, Nanqarhar, Kunar və Qəndəhar bölgələrində 350 ev tamamilə və ya qismən dağılıb, 8 min 400 ailə isə evlərini tərk etmək məcburiyyətində qalıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı davam edən hərbi əməliyyatların miqyası barədə rəsmi məlumat yayıb. CENTCOM komandanı admiral Bred Kuper bildirib ki, bu, ABŞ-ın son bir nəsildə Yaxın Şərqdə həyata keçirdiyi ən böyük hərbi yığınaqdır. Admiral Kuperin sözlərinə görə, fevralın 28-dən başlayan əməliyyatlarda 50 mindən çox əsgər, 200 döyüş təyyarəsi və 2 aviadaşıyıcı gəmi iştirak edir. İndiyədək İran ərazisində təxminən 2 min strateji hədəfin vurulduğu və ölkənin hava hücumundan müdafiə sistemlərinin böyük ölçüdə sıradan çıxarıldığı qeyd olunub.

Avropa İttifaqı (Aİ) Komissiyası Yaxın Şərqdə artan gərginliklə bağlı rəsmi bəyanat yayaraq, Tehranı regiondakı siyasətində köklü dəyişikliklər etməyə çağırıb. Aİ Komissiyasının Xarici Əlaqələr üzrə sözçüsü Anuar El Anuni gündəlik mətbuat konfransında bildirib ki, bütün region uzanan müharibədən ciddi zərər görə bilər. Sözçü qeyd edib ki, Aİ hər zaman diplomatik həll yolunu dəstəkləyib və İranın nüvə silahı əldə etməsinin qarşısını alacaq qalıcı həll üçün bütün diplomatik vasitələrdən istifadə etməyə davam edəcək. "Biz tərəfdaşlarımızla yaxın təmasdayıq, lakin Tahranın da davranışlarını səmimi şəkildə dəyişməsi zəruridir" – deyə o əlavə edib.

İsrailin müdafiə naziri İsrael Kats, ABŞ ilə ortaq şəkildə İrana qarşı başlatdıqları hücumların "lazım olduğu müddətcə" davam edəcəyi ilə hədələyib. Katsın sözlərinə görə, gecə saatlarında İsrail ordusu Tehranın strateji hədəflərini uğurla vurub. Nazir Kats sosial media hesabında etdiyi açıqlamada, İranın raket buraxılış gücünə və strateji infrastrukturuna ciddi zərər vurduqlarını iddia edib. O, bu əməliyyatların məqsədini belə izah edib: İranın hərbi potensialını məhv etmək, nüvə silahı və raket istehsalını dayandırmaq, həmçinin İran xalqının rejimi devirməsi üçün zəruri şərait yaratmaq. Kats həmçinin əlavə edib ki, İrandan sonra əsas diqqət Livana yönəldiləcək.

ABŞ-İsrail koalisiyasının İrana qarşı hava hücumlarının miqyası çərşənbə axşamı günü daha da genişlənib. Tehranın Körfəz ölkələrinə və Kiprdəki Britaniya hərbi hava bazasına raket və dron zərbələri endirməsi, həmçinin İsrailin "Hizbullah"ın hücumlarına cavab olaraq Livanı hədəf alması münaqişəni yeni mərhələyə daşıyıb. ABŞ Prezidenti Donald Tramp Ər-Riyaddakı ABŞ səfirliyini hədəf alan hücuma "tezliklə" cavab veriləcəyini təsdiqləyib. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin məlumatına görə, səfirlik iki PUA ilə hücuma məruz qalıb, nəticədə məhdud yanğın və bəzi maddi zərərlər yaranıb.

Pakistanın İnformasiya naziri Attaullah Tarar, ölkəsinin Heybər Paxtunxva və Bəlucistan bölgələrində Əfqanıstan Talibanı tərəfindən həyata keçirilən hücumlara cavab verildiyini açıqlayıb. Nazirin bildirdiyinə görə, son toqquşmalarda Əfqanıstan tərəfindən 67 nəfər həlak olub. Nazir Tararın sözlərinə görə, Taliban qüvvələri Şimali Bəlucistanın Killa Saifullah, Noşki və Çaman bölgələrində 16 fərqli nöqtəyə hücum təşkil edib. Pakistan ordusunun 25 nöqtədən açdığı cavab atəşi nəticəsində hücumlar dəf edilib, Talibanın 27 üzvü öldürülüb. Heybər Paxtunxva əyalətində baş verən digər 12 hücumda isə daha 40 əfqan döyüşçüsü zərərsizləşdirilib. Toqquşmalarda bir Pakistan əsgəri şəhid olub, 5-i isə yaralanıb.

İran Qızıl Aypara Cəmiyyətinin son məlumatına görə, ABŞ və İsrail koalisiyasının həyata keçirdiyi hava hücumlarında həyatını itirənlərin sayı daha 232 nəfər artaraq 787-yə çatıb. Bombardmanların miqyası genişləndikcə sivil itkilərin sayı sürətlə artmaqda davam edir. "Mehr" xəbər agentliyinin yaydığı məlumata əsasən, hücumlar zamanı Həmədan şəhəri başda olmaqla, bir çox mülki yaşayış məntəqəsi birbaşa hədəfə alınıb. Dağıntılar altında qalan çox sayda binanın yerlə-yeksan olduğu, xilasetmə işlərinin isə davam etdiyi bildirilir. Saatlar keçdikcə sivil itkilərin real miqyası daha da aydınlaşır.

İran lideri Ayetullah Əli Xameneyinin ABŞ və İsrailin hərbi hücumları nəticəsində həlak olmasından sonra ölkənin yeni rəhbərinin seçilməsi məsələsi gündəmə gəlib. Ekspertlər Şurasının (Məclis-i Xübreqan) üzvü Ayetullah Əli Müəllimi bildirib ki, yeni liderin müəyyənləşdirilməsi prosesi uzun çəkməyəcək. İran Tələbələr Xəbər Agentliyinə (ISNA) danışan Müəllimi vurğulayıb ki, seçiləcək şəxs "İmam Mehdinin naibi" statusunda fəaliyyət göstərəcək qədər elmli və düşməndən qorxmayan cəsur bir fəqih olmalıdır. O, həmçinin qeyd edib ki, liderin seçimində siyasi yönümlər və partiyalar deyil, dini meyarlar və şura üzvlərinin birgə rəyi əsas götürüləcək.

Çərşənbə axşamı günü ABŞ-İsrail koalisiyasının İrana qarşı hava hücumlarının miqyası daha da genişlənib. Tehranın Körfəz ölkələrinə və Kiprdəki Britaniya hərbi hava bazasına raket və dron zərbələri endirməsi, həmçinin İsrailin "Hizbullah"ın hücumlarına cavab olaraq Livanı hədəf alması münaqişəni yeni və daha təhlükəli mərhələyə daşıyıb.

ABŞ Dövlət Departamenti regional gərginliyin sürətlə artması səbəbindən Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki fövqəladə hallarda çalışmayan personalına və onların ailə üzvlərinə ölkəni tərk etmək tapşırığı verib. Təhlükəsizlik vəziyyəti ilə bağlı verilən rəsmi açıqlamalarda həmin ölkələrə səyahət edilməməsi xəbərdarlığı yenilənib. Dövlət Departamenti qeyd edib ki, sözügedən ölkələrdə qalan ABŞ vətəndaşları və personalı vəziyyətin pisləşəcəyi təqdirdə alternativ planlar hazırlamalıdırlar. Eyni zamanda, ABŞ-ın Doha səfirliyinin ehtiyat tədbiri olaraq rutin konsulluq xidmətlərini müvəqqəti dayandırdığı bildirilib.

Səhər saatlarında İsrail döyüş təyyarələri İranın paytaxtı Tehranın müxtəlif bölgələrini hədəf alıb. Yerli medianın yaydığı məlumata görə, İsfahan şəhərində də güclü partlayış səsləri eşidilib. Hücumların şəhərin konkret hansı nöqtələrinə edildiyi barədə hələlik rəsmi açıqlama verilməyib. Fevralın 28-dən etibarən İsrail və ABŞ-ın İrana qarşı başlatdığı hərbi əməliyyatlar genişlənməkdə davam edir. İran tərəfi bu hücumlara cavab olaraq İsraillə yanaşı, ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi ölkələrdəki müəyyən hədəfləri vurduğunu açıqlayıb.