Digər Xəbərlər

ABŞ Dövlət Departamenti Küveytə LTAMDS hava müdafiə radar sistemlərinin satışını nəzərdə tutan mümkün xarici hərbi satışa ilkin razılıq verib. Satış çərçivəsində həmçinin beş ədəd böyük taktiki enerji sistemi generatoru, dəstək vasitələri, qoşqu qurğuları, simulyatorlar, təhlükəsiz rabitə avadanlıqları, ehtiyat hissələri, diaqnostika vasitələri və texniki sənədlər də təqdim olunacaq.

ABŞ-ın maliyyə naziri Skott Bessent dənizdə gözləyən İran neftinin satışına imkan yaradan məhdud və qısamüddətli ümumi lisenziya yayımladıqlarını açıqlayıb. Bessent sosial media hesabında etdiyi paylaşımda İranı qlobal terrorizmin mərkəzi adlandırıb və ABŞ Prezidenti Donald Trampın "Dastani Qəzəb Əməliyyatı" sayəsində bu mübarizəni gözləniləndən daha sürətli qazandıqlarını qeyd edib. Nazir vurğulayıb ki, Tramp administrasiyası qlobal enerji axınını maksimuma çatdırmaq və bazar sabitliyini təmin etmək üçün Amerikanın iqtisadi və hərbi gücündən istifadə etməyə davam edəcək.

Qətərin dövlət neft-qaz şirkəti QatarEnergy raket zərbələrinin nəticələrinin aradan qaldırılmasının 5 ilə qədər davam edə biləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu vəziyyət şirkəti Çin, Cənubi Koreya, İtaliya və Belçikaya mayeləşdirilmiş təbii qaz (LNG) üzrə uzunmüddətli tədarüklərdə fors-major elan etməyə məcbur edə bilər.

İsrail cümə günü Tehrana intensiv hava zərbələri endirib. Bu müharibə qlobal iqtisadiyyatda ciddi sarsıntılara yol açıb və İranın ərəb qonşularını birbaşa münaqişəyə sürükləmək riski yaradıb. Fəallar paytaxt Tehran ətrafında partlayış səslərinin eşidildiyini bildirirlər. Bu hücumlar İsrailin İranın mühüm qaz yataqlarına zərbələri dayandırmaq vədinə baxmayaraq baş tutub. Digər tərəfdən isə İran Körfəz ətrafındakı neft və təbii qaz obyektlərinə hücumlarını intensivləşdirib.

Avropa İttifaqı (Aİ) füzyon enerjisi, nüvə texnologiyaları və bu sahədə kadr potensialını dəstəkləmək üçün 330 milyon avro vəsait ayıracaq. Aİ Komissiyası 2026-2027-ci illəri əhatə edən Avropa Atom Enerjisi Birliyinin (Euratom) Tədqiqat və Təlim Proqramının qəbul edildiyini açıqlayıb. Proqramın nüvə tədqiqatlarını və innovasiyaları dəstəkləyərək Aİ-nin enerji müstəqilliyini, rəqabət qabiliyyətini və texnoloji liderliyini artırmağı hədəflədiyi bildirilir. Aİ-nin 2050-ci ilə qədər "karbon-neytral" olmaq hədəfinə uyğun hazırlanan bu proqram təmiz enerji texnologiyalarının inkişafına töhfə verəcək.

ABŞ Milli Antiterror Mərkəzinin istefa vermiş direktoru Co Kent vəzifəsindən ayrıldıqdan sonra ilk dəfə geniş bəyanatla çıxış edib. O, Vaşinqtondakı İsrail lobbisini ABŞ-ı İranla müharibəyə itələməkdə ittiham edərək, Tehranın nüvə silahı əldə etməyə yaxın olmadığını və təhlükənin süni şəkildə şişirdildiyini bildirib. Müharibəyə etiraz olaraq istefa verən Kent məşhur amerikalı jurnalist Taker Karlsona müsahibəsində bir neçə sensasiyalı faktı açıqlayıb.

Avropa bazarlarında təbii qazın qiyməti 30%-dən çox bahalaşıb. Qiymətlərdəki bu kəskin sıçrayış İranın Qətərdəki strateji qaz obyektlərindən birini hədəf almasından dərhal sonra qeydə alınıb. Enerji ekspertləri bildirirlər ki, Qətər Avropanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) tədarükçülərindən biri olduğu üçün bu hücum qlobal enerji təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirilir. Hücum nəticəsində tədarük zəncirində yaranan qeyri-müəyyənlik birjalarda çaxnaşmaya səbəb olub.

"ABC News"un peyk görüntüləri və təsdiqlənmiş videoların analizinə əsaslanan hesabatına görə, İran və onun dəstəklədiyi qruplar ABŞ və müttəfiqlərinin raketdən müdafiə infrastrukturunun əsasını təşkil edən erkən xəbərdarlıq sistemlərini hədəf alıb. Məlumata görə, 28 fevraldan bəri artan gərginlik fonunda ən az 10 radar obyekti Tehran administrasiyasına məxsus pilotsuz uçuş aparatları (PUA) və raketlərlə vurulub.

BMT-nin tərkibində fəaliyyət göstərən Ümumdünya Səhiyyə Təşkilatı regionda ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələrin nəticələrini izləyir və mümkün nüvə fəlakətinə hazırlaşır. Onun sözlərinə görə, belə bir hadisənin qarşısını tam şəkildə almaq mümkün deyil və təsirləri onilliklər boyu davam edə bilər.

İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera" telekanalına verdiyi müsahibədə ölkəsinin ABŞ və İsrail ilə müharibədə geri çəkilməyəcəyini bəyan edib. Nazir İranın siyasi sisteminin güclü olduğunu və yüksək rütbəli rəsmilərin itkisinin dövləti sarsıtmayacağını vurğulayıb. O, İranın yeni lideri Müctəba Xameneinin yaralanması xəbərinə münasibət bildirərək, liderin səhhətinin mükəmməl olduğunu və yalnız yüngül yaralar aldığını qeyd edib.

Fransanın Livan üzrə xüsusi nümayəndəsi Jan-İv Le Drian çərşənbə günü verdiyi bəyanatda bildirib ki, İsrailin şiddətli hücumları davam etdiyi bir vaxtda Livan hökumətindən İran tərəfindən dəstəklənən Hizbullahı tərksilah etməsini tələb etmək məntiqsizdir. O, böhranın yalnız danışıqlar yolu ilə həll oluna biləcəyini vurğulayıb. Livan rəsmilərinin məlumatına görə, martın 2-dən bəri İsrailin hücumlarında 900-dən çox insan həlak olub.