Digər Xəbərlər

İsrailin dövlət televiziyası KAN-ın adı açıqlanmayan yüksək rütbəli rəsmiyə istinadən yaydığı məlumata görə, ABŞ və İran arasında aparılan danışıqlar müsbət nəticə vermir. Xəbərdə iddia olunur ki, Vaşinqton və Təl-Əviv yaxın günlərdə tətbiq ediləcək daha sərt hərbi və siyasi addımlar barədə tam koordinasiya şəraitində hərəkət edirlər. Diplomatik kanalların tıxanması tərəfləri regional gərginliyi artıra biləcək yeni əməliyyat planlarını nəzərdən keçirməyə vadar edib.

Böyük Britaniyanın Baş naziri Kir Starmer İrana qarşı davam edən müharibənin ölkəsinin gələcəyinə ciddi təsir göstərəcəyi ilə bağlı xəbərdarlıq edib. Baş nazir bu münaqişənin Britaniya üçün həm uzunmüddətli iqtisadi, həm də milli təhlükəsizlik baxımından dərin fəsadlar törədə biləcəyini vurğulayıb. Bununla belə, Starmer Londonun bu münaqişəyə birbaşa cəlb olunmayacağı barədə qətiyyətli mövqeyini ifadə edərək, krallığın hərbi əməliyyatlarda iştirak etmək niyyətində olmadığını bildirib.

ABŞ Prezidenti Donald Tramp İranla davam edən müharibənin iki-üç həftə ərzində başa çata biləcəyini və Tehranın bunun üçün mütləq yeni bir saziş imzalamasına ehtiyac olmadığını bəyan edib. Lakin İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera" telekanalına müsahibəsində Vaşinqtonla mesaj mübadiləsinin aparıldığını təsdiqləsə də, rəsmi Tehranın ABŞ-a etimadının "sıfır" olduğunu və hazırda heç bir real danışıqların getmədiyini bildirib. Diplomatik çıxılmaz vəziyyət fonunda ABŞ və İsrailin İranın daxili bölgələrinə, o cümlədən sənaye və mülki obyektlərinə zərbələri davam edir.

"Associated Press" (AP) agentliyinin ABŞ, İsrail və bir sıra Körfəz ölkələrinin rəsmilərinə istinadən yaydığı məlumata görə, Vaşinqtonun regiondakı müttəfiqləri İrana qarşı hava hücumlarının dayandırılmamasını tələb edirlər. İddia olunur ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və Bəhreyn rəsmiləri özəl görüşlərdə İranın hərbi gücünün "kifayət qədər zəiflədilmədiyini" bildiriblər. Müttəfiq ölkələr İran rəhbərliyində köklü dəyişikliklər baş verənə və ya Tehranın regional siyasətində ciddi dönüş yaranana qədər hərbi əməliyyatların sonlandırılmamasını istəyirlər.

Çin Xarici İşlər Nazirliyi bəyan edib ki, Pakistanın xarici işlər nazirinin çərşənbə axşamı günü Pekinə planlaşdırılan rəsmi səfəri zamanı tərəflər İrandakı gərgin vəziyyəti ətraflı müzakirə edəcəklər. Nazirliyin sözçüsü keçirdiyi mətbuat brifinqində bildirib ki, hər iki ölkə mühüm beynəlxalq və regional məsələlərdə eyni mövqeyi bölüşür. Bu görüş 2026-cı ilin fevral ayında ABŞ və İsrailin İranın hərbi və nüvə obyektlərinə endirdiyi koordinasiyalı hava zərbələrindən sonra bölgədə başlayan genişmiqyaslı münaqişə fonunda xüsusi əhəmiyyət kəsb edir.

Ağ Evin sözçüsü Karolin Livitt ABŞ və İsrailin İrana qarşı davam etdirdiyi hərbi əməliyyatların gedişatı barədə mühüm açıqlamalar verib. Sözçü bildirib ki, Tehran administrasiyası kamuoyuna verdiyi sərt bəyanatların əksinə, pərdəarxası danışıqlarda razılığa gəlmək üçün "getdikcə daha istəkli" görünür. Livittin sözlərinə görə, ABŞ ordusu hər keçən gün strateji üstünlüyünü artırır və İran rejiminin qalıqlarının bu dağıntıya son qoymaq üçün hələ şansları varken müzakirə masasına oturmaq istəməsi təəccüblü deyil. O vurğulayıb ki, Tehrandan gələn rəsmi ritorika ilə gizli danışıqlarda bizə ötürülən mesajlar arasında kəskin fərq var.

ABŞ rəsmilərinə istinadən yayılan məlumatlara görə, Prezident Donald Tramp İranda saxlanılan 400 kiloqramdan çox yüksək dərəcədə zənginləşdirilmiş uranın müsadirə edilməsi üçün xüsusi hərbi əməliyyat planlarını dəyərləndirir. Bu əməliyyatın olduqca mürəkkəb və riskli olduğu, ABŞ hərbçilərinin günlərlə İran ərazisində qalmasını tələb edə biləcəyi vurğulanır. Trampın müşavirləri vasitəsilə İrana "müharibənin dayandırılması müqabilində uranın təhvil verilməsi" şərtini qoyduğu iddia edilir. Tehran bu təklifi rədd edərsə, nüvə materialının güc tətbiq etməklə ələ keçirilməsi variantı aktivləşəcək. Bu məqsədlə dəniz piyadaları və paraşütçü desant bölmələrinin bölgəyə yerləşdirilməsi kimi alternativlər hazırlanır.

İsrailin "Kanal 12" televiziyasının yaydığı məlumata görə, rəsmi Vaşinqton və Tel-Əviv İranla aparılan danışıqların razılaşma ilə bitməməsi ehtimalına qarşı hərbi əməkdaşlığı intensivləşdiriblər. ABŞ-ın Yaxın Şərqə hərbi qüvvə toplamağa davam etdiyi və bunun gələcək hərbi əməliyyatlara zəmin hazırlamaq məqsədi daşıdığı iddia edilir.

Ukrayna Prezidenti Volodimir Zelenskiyə Yaxın Şərq turnesi çərçivəsində İsrail tərəfindən səfər dəvətinin verilmədiyi iddia olunur. Məlumatda qeyd edilir ki, İsrailin Baş naziri Benyamin Netanyahu iki həftə əvvəl Zelenski ilə telefon danışığı aparmaq istəsə də, bu əlaqə baş tutmayıb.

İndoneziyada 16 yaşından kiçik uşaqların sosial media platformalarından istifadəsinə qadağa qoyan qanun qüvvəyə minib. Bu addımla Cakarta rəhbərliyi Cənub-Şərqi Asiyada belə bir tətbiqi başladan ilk ölkə olub. Mərhələli şəkildə tətbiq olunacaq bu qadağa çərçivəsində YouTube, TikTok, Facebook, Instagram, Threads, X, Bigo Live və Roblox kimi məşhur platformalara 16 yaşdan aşağı istifadəçilərin girişi məhdudlaşdırılacaq. Rabitə və Rəqəmsal İşlər Naziri Meutya Hafid ölkədə fəaliyyət göstərən bütün rəqəmsal platformalara xidmətlərini dərhal yeni qanunvericiliyə uyğunlaşdırmaq barədə tapşırıq verib.

Tailandın Baş naziri Anutin Çarnvirakul şənbə günü keçirdiyi mətbuat konfransında ölkəsinin neft daşımaları ilə bağlı strateji bir uğura imza atdığını elan edib. Baş nazir bildirib ki, Tailand və İran rəhbərliyi arasında Tailand neft tankerlərinin Hörmüz boğazından maneəsiz və təhlükəsiz keçməsinə icazə verən rəsmi razılaşma əldə olunub.