Fransa Prezidenti Emmanuel Makron Cənubi Koreyaya rəsmi səfəri çərçivəsində Seuldakı Yonsei Universitetində tələbələr qarşısında çıxış edərək, qlobal siyasətdəki "üçüncü yol" strategiyasını açıqlayıb. ABŞ və Çini nəzərdə tutan Makron, Fransa və Cənubi Koreya kimi demokratik ölkələrin hər hansı bir gücün vassalına çevrilməməli olduğunu vurğulayıb. O, Avropa, Kanada, Braziliya və Hindistanın daxil olduğu ortaq proqramın müstəqil qərarlar vermək qabiliyyətini gücləndirdiyini bildirib.
Digər Xəbərlər
ABŞ-ın demokrat senatoru Kris Mörfi ölkəsinin Yaxın Şərqdə İrana qarşı apardığı hərbi əməliyyatlara sərt reaksiya verərək, Vaşinqtonun strateji məğlubiyyətə uğradığını bəyan edib. Senator Prezident Donald Trampın Ağ Evdəki "Xalqa müraciət" nitqini tənqid edərək, dövlət başçısının təsvir etdiyi vəziyyətin reallıqla üst-üstə düşmədiyini bildirib. Mörfi vurğulayıb ki, ABŞ-ın İrana qarşı hücumları gözlənilən nəticəni vermir: "Biz bu müharibəni uduzuruq".
Pakistanın Hayber Pahtunhva əyalətinin Bannu bölgəsində polis məntəqəsi partlayıcı yüklü avtomobillə hədəf alınıb.Terror aktı nəticəsində azı 5 nəfər həyatını itirib, biri polis olmaqla 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hücumun gücü nəticəsində polis məntəqəsi və ətrafdakı binalar ciddi ziyan görüb, ərazidə dağıntılar yaranıb.
"Windward" dəniz kəşfiyyatı şirkətinin məlumatına görə, Hörmüz boğazından keçən gəmilərin sayında artım qeydə alınıb. Məlumata görə, bütün 16 gəmi İranın Larək adasından keçən marşrutdan istifadə edib. "Windward" ekspertləri bunu daha çox ölkənin "gəmilərin keçidini təmin etmək üçün İranla danışıqlar apardığının" əlaməti kimi qiymətləndirirlər. Şirkət həmçinin yaxın günlərdə keçid tempinin daha da artacağını ehtimal edir.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı davam edən hərbi əməliyyatlarla bağlı qalmaqallı bəyanatla çıxış edib. Tramp sosial media hesabında paylaşdığı mesajda bildirib ki, dünyanın ən güclü ordusu olan ABŞ Silahlı Qüvvələri hələ "İranda geriyə qalanları məhv etməyə başlamayıb". Prezident hərbi kampaniyanın növbəti mərhələsində mülki və strateji infrastrukturun, xüsusilə də körpülərin və elektrik stansiyalarının hədəf alınacağını açıq şəkildə bəyan edib.
Filippin hökuməti öz gəmilərinin Hörmüz boğazından keçidinə icazə veriləcəyini rəsmən elan edib. Manila rəhbərliyinin bir müddətdir İran ilə apardığı intensiv diplomatik təmasların nəticəsi olan bu qərar, regiondakı dəniz nəqliyyatının canlanması baxımından kritik bir addım kimi qiymətləndirilir. Filippin tərəfi enerji təhlükəsizliyini təmin etmək və neft daşımalarını davam etdirmək məqsədilə İran tərəfindən "düşmən olmayan dövlət" statusunda tanınmağa nail olub.
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan bin Abdullah ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Səudiyyə Press Agentliyinin (SPA) çərşənbə axşamı yaydığı məlumata görə, tərəflər Yaxın Şərqdə sürətlə dəyişən vəziyyəti və son regional hadisələri ətraflı nəzərdən keçiriblər. Bu diplomatik təmas regionun müxtəlif hissələrində gərginliyin pik həddə çatdığı və beynəlxalq oyunçuların münaqişənin dayandırılması üçün səylərini artırdığı bir dövrə təsadüf edir.
Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq, Fransa, Almaniya, İtaliya, Niderland, Yaponiya, Kanada, Koreya Respublikası, Yeni Zelandiya, Danimarka, Latviya, Sloveniya, Estoniya, Norveç, İsveç, Finlandiya, Çexiya, Rumıniya, Bəhreyn, Litva və Avstraliya liderlərinin Hörmüz boğazı ilə bağlı birgə bəyanatı. Biz İranın Körfəzdəki silahsız ticarət gəmilərinə son hücumlarını, neft və qaz qurğuları da daxil olmaqla mülki infrastruktura hücumları və İran qüvvələri tərəfindən Hörmüz boğazının de facto bağlanmasını ən sərt şəkildə pisləyirik.
NATO-nun Baş katibi Mark Ruttenin gələn həftə Vaşinqtona rəsmi səfər edərək ABŞ Prezidenti Donald Tramp ilə bir araya gələcəyi bildirilib. "Wall Street Journal" (WSJ) qəzetinin Ağ Evdəki mənbələrə istinadən yaydığı xəbərə görə, bu kritik görüş transatlantik ittifaq daxilində ciddi fikir ayrılıqlarının yaşandığı bir dövrə təsadüf edir. NATO-nun sözçüsü Ellison Hart da səfər faktını təsdiqləyərək, Ruttenin Vaşinqton ziyarətinin əslində uzun müddətdir planlaşdırıldığını və gündəmdə olan mühüm təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyini vurğulayıb.
"Washington Post" qəzetinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, ABŞ ordusu Prezident Donald Trampın tapşırığı ilə İranın nüvə obyektlərindəki yüksək dərəcədə zənginləşdirilmiş uranyumun ələ keçirilməsinə dair genişmiqyaslı əməliyyat planı hazırlayıb. Ötən həftə Ağ Evə təqdim olunan bu gizli plan, İranda mövcud olan təxminən 450 kiloqram yüksək dərəcəli uranyumun müsadirə edilməsini nəzərdə tutur. Planda radioaktiv materialların təhlükəsiz daşınması üçün bölgəyə ağır qazıntı avadanlıqlarının göndərilməsi və kargo təyyarələri üçün xüsusi uçuş-eniş zolaqlarının inşası öz əksini tapıb.
Suriya Prezidenti Əhməd əş-Şəraanın bu həftə Almaniyaya baş tutan rəsmi səfəri fonunda sosial media platformalarında yayılan bir fotoşəkil geniş müzakirələrə və dezinformasiyaya səbəb olub. Şəkildə Prezident Şəraa ilə Almaniyanın sabiq kansleri Angela Merkelin masa arxasında çay içərək səmimi söhbət etdiyi əks olunsa da, aparılan texniki araşdırmalar bu görüntünün reallığı əks etdirmədiyini ortaya qoyub.
ABŞ-ın Bağdaddakı səfirliyi İraqdakı Amerika vətəndaşlarına ölkəni dərhal tərk etmələri barədə növbəti dəfə təcili xəbərdarlıq edib. Səfirliyin "X" sosial platformasındakı rəsmi hesabında paylaşılan bəyanatda bildirilir ki, İranla əlaqəli "iraqlı terrorçu milis qrupları" yaxın 24-48 saat ərzində Bağdadın mərkəzində genişmiqyaslı hücumlar təşkil edə bilər. Diplomatik missiya qeyd edib ki, bu qruplaşmalar artıq İraq Kürd Regional Rəhbərliyi də daxil olmaqla, ölkənin müxtəlif bölgələrində ABŞ vətəndaşlarını və Amerikanın maraqlarını hədəf alan silsilə hücumlar həyata keçiriblər.