BAKI,VOA, Fərid Mikayılov
Dünyanın ən məşhur lüks otellərindən biri genişmiqyaslı yenidənqurma mərhələsinə daxil olur.
VOA xəbər verir ki, Dubayın simvolu hesab olunan “Burj Al Arab” oteli 1999-cu ildən bəri ilk dəfə olaraq kompleks yenilənmə işləri ilə əlaqədar 18 ay müddətinə fəaliyyətini məhdudlaşdıracaq.
Məlumata əsasən, otelin sahibi “Jumeirah” qrupu yenidənqurma işlərinin mərhələli şəkildə həyata keçiriləcəyini və layihənin fransalı interyer dizayner Tristan Auer tərəfindən idarə olunacağını açıqlayıb.
Qeyd olunub ki, rəsmi açıqlamada otelin tam bağlanacağı qeyd edilməsə də, mövcud rezervasiyası olan qonaqların digər yaxın otellərdə yerləşdirilməsi planlaşdırılır.
Bildirilib ki, yenidənqurma müddəti görüləcək işlərin gedişindən asılı olaraq dəyişə bilər.
Məlumata görə, qərarın bölgədə turizm axınının zəiflədiyi bir dövrə təsadüf etməsi diqqət çəkir.
Qeyd edilib ki, otelin fasadında daha əvvəl pilotsuz uçuş aparatının qalıqları nəticəsində müəyyən zədələr qeydə alınsa da, yenidənqurma işlərinin bu hadisə ilə bağlı olmadığı vurğulanıb.