BAKI,VOA, Fərid Mikayılov
Meksikada ölkənin ən böyük cinayət şəbəkələrindən birinin liderinə qarşı keçirilən əməliyyatdan sonra bir sıra şəhərlərdə genişmiqyaslı iğtişaşlar qeydə alınıb.
VOA xəbər verir ki, Jalisko ştatında Meksika ordusunun keçirdiyi əməliyyat zamanı Nemesio Osequera Kervantes (“El Mencho”) zərərsizləşdirilib.
Rəsmi açıqlamaya əsasən, əməliyyat zamanı 4 kartel üzvü öldürülüb, 2 nəfər saxlanılıb, 3 hərbçi isə yaralanıb.
Əməliyyatdan dərhal sonra kartel üzvləri ilə təhlükəsizlik qüvvələri arasında silahlı toqquşmalar başlayıb. Bir neçə şəhərdə yollar bağlanıb, nəqliyyat vasitələri və iş yerləri yandırılıb.
Məlumata görə, silahlı şəxslər Quadalajara Beynəlxalq Hava Limanı ərazisinə daxil olaraq təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya giriblər. Hava limanı və avtovağzal ətrafında atışma və partlayış səsləri eşidilib. Hadisələr nəticəsində əhali arasında panika yaşanıb.
Artan zorakılıq fonunda bir neçə ştata əlavə ordu qüvvələri göndərilib.
Meksika Prezidenti Klaudia Şeinbaum hadisələrlə bağlı xalqa müraciət edərək sakitlik çağırışı edib. O bildirib ki, bütün ştat rəhbərləri ilə koordinasiya aparılır və vəziyyət nəzarət altındadır.
Hakimiyyət orqanları vətəndaşlara evlərində qalmağı tövsiyə edib, bəzi bölgələrdə ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.