Digər Dövlətlər

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı üzərində ABŞ-ın tam nəzarətə malik olduğunu bildirib. O, bu nəzarətin davam etdiriləcəyini qeyd edib. Tramp ABŞ-ın dəniz blokadasını “polad divar” adlandırıb və İranın buna qarşı çıxış edə bilməyəcəyini iddia edib. Açıqlama ABŞ-İran arasında Hörmüz boğazı ilə bağlı gərginliyin davam etdiyi bir vaxtda verilib. Boğaz dünya enerji daşımaları üçün strateji əhəmiyyət daşıyır.

Yaponiya Baş naziri Sanae Takaiçi İran Prezidentindən Babül-Məndəb boğazında husilərin mümkün hücumlarının qarşısının alınmasına kömək etməsini istəyib. Tərəflər telefon danışığı zamanı regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Takaiçi İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlardakı irəliləyişdən məmnunluğunu bildirib. Yaponiya müharibənin diplomatik yollarla dayandırılmasını dəstəklədiyini açıqlayıb. Pezeşkian isə İranın regionda sabitliyi pozmaq niyyətində olmadığını bildirib və Yaponiyanın səylərini alqışlayıb.

Pakistan ABŞ və İran arasında danışıqların bərpası üçün vasitəçilik səylərini davam etdirir. Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Əndrabi İslamabadın iki tərəfi danışıqlar masasına gətirməyə çalışdığını bildirib. Səylər ABŞ-İran atəşkəs memorandumunun icrası və Hörmüz boğazı ilə bağlı məsələlərin həlli fonunda aparılır. Pakistan rəsmiləri İran, Səudiyyə Ərəbistanı və Küveytlə müzakirələr keçirib. İslamabad regional sülh və təhlükəsizliyin təmin olunmasında fəal rol oynamağa çalışır.

UNICEF İordan çayının qərb sahilində uşaqların vəziyyəti ilə bağlı yeni məlumat açıqlayıb. Təşkilat 2024-cü ilin yanvarından bəri 174 fələstinli uşağın öldürüldüyünü bildirib. Həmin dövrdə 1 500-dən çox uşağın yaralandığı qeyd olunub. UNICEF bəzi uşaqların təhlükə yaratmadığı hallarda da atəşə məruz qaldığını bildirib. Hazırda yüzlərlə fələstinli uşaq İsrail hərbi həbsində saxlanılır. Təşkilat uşaqların hüquqlarının qorunmasına çağırıb.

ABŞ və İran arasında iyunun 17-də imzalanan Anlaşma Memorandumunun müddəti gələn həftə başa çatır. Sənəd atəşkəs və müharibəyə son qoymaq üçün 60 günlük danışıqlar müddəti müəyyən edib. Lakin sonrakı dövrdə tərəflər arasında yenidən gərginlik yaranıb. Hörmüz boğazı, neft ixracı və dondurulmuş aktivlərlə bağlı maddələr əsas mübahisə mövzularıdır. Razılaşmanın gələcəyi və yekun sülh perspektivi hələ də qeyri-müəyyən olaraq qalır.

Beynəlxalq Enerji Agentliyi qlobal neft təchizatının bu il sutkada 4,3 milyon barel azalacağını proqnozlaşdırıb. Bu göstərici əvvəlki 3,7 milyon barellik proqnozdan yüksəkdir. Hörmüz və Babül-Məndəb boğazlarında vəziyyətin qeyri-müəyyən qalması təchizat gözləntilərinə təsir edib. IEA qlobal neft təchizatının sutkada 102,02 milyon barelə düşəcəyini bildirib. Davam edən müharibənin neft bazarında kəsiri artırdığı qeyd olunub.

İran Ordusunun icraçı əlaqələndiricisinin müavini, briqada generalı Əlirza Şeyx düşmənin İran ərazisində həyata keçirəcəyi istənilən quru əməliyyatının başlanğıcdaca qarşısının alınacağını bildirib. Generalın sözlərinə görə, İran müasir müharibənin mürəkkəb şəraitində həyata keçirdiyi strategiya ilə ABŞ rəhbərliyini siyasi məqsədlərini dəfələrlə yenidən nəzərdən keçirməyə məcbur edib.

Hörmüz boğazından keçən gəmilərin sayı son bir həftənin ən aşağı səviyyəsinə enib. Kpler məlumatlarına görə, çərşənbə axşamı boğazda cəmi 8 gəmi qeydə alınıb. Bu göstərici əvvəlki 10 günün gündəlik orta göstəricisi olan 12 gəmidən xeyli aşağıdır. Müqayisə üçün, İranın boğazı bağlamasından əvvəl bu marşrutdan gündə 130-140 gəmi keçirdi.

ABŞ-ın Kolumbiya Universitetindəki fələstinli tələbə və əməkdaşların universitet rəhbərliyinə qarşı ayrı-seçkilik iddiası ilə məhkəməyə müraciət etdiyi açıqlanıb. Nyu-York Ali Məhkəməsinə təqdim edilən iddiada beş fələstin əsilli ABŞ vətəndaşı universitetin 2023-cü ilin sonundan etibarən fələstinlilərə qarşı ayrı-seçkilik etdiyini və onları təzyiq altında saxladığını bildirib.

ABŞ-ın Las-Veqas şəhərində respublikaçıların keçmiş Konqres namizədi və sosial media yaradıcısı Dennis Vitosa ilə İsrail tərəfdarı fəal, keçmiş İsrail hərbçisi Yusif Haddad arasında fiziki qarşıdurma baş verib. Hadisə “Digital Social Hour” podkastının çəkilişi zamanı İsrailin Qəzzadakı əməliyyatları ilə bağlı müzakirə zamanı baş verib. Vitosa Haddadı təxribatçı davranışda ittiham edib, Haddad isə qarşıdurmanı Vitosa-nın başlatdığını iddia edib.

ABŞ və İran daha əvvəl əldə olunan 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəlib. Məlumatı Pakistan hökuməti mənbələri yayıb. Razılaşmanın İslamabad Mutabakatı çərçivəsində əldə edildiyi və tərəflərə yekun sülh sazişi üzrə danışıqları davam etdirmək üçün əlavə vaxt verəcəyi bildirilir. 60 günlük müddətin gələn həftə başa çatacağı və atəşkəsin uzadılmasının ABŞ-İran arasında daha geniş diplomatik razılaşmanın əldə olunmasına imkan yaradacağı qeyd edilir.

Rusiyanın 2022-ci ildən həbsdə saxladığı ABŞ vətəndaşı və keçmiş dəniz piyadası Robert Gilmanı azad etməsi Moskva ilə Vaşinqton arasında gərgin münasibətlər fonunda diqqətçəkən diplomatik hadisədir. ABŞ administrasiyası azadlığın humanitar səbəblərlə və heç bir güzəşt və ya məhbus mübadiləsi olmadan həyata keçirildiyini bildirir. Bununla belə, hadisəni yalnız humanitar qərar kimi qiymətləndirmək kifayət deyil.