BAKI,VOA, Fərid Mikayılov
İran Ordusunun icraçı əlaqələndiricisinin müavini, briqada generalı Əlirza Şeyx düşmənin İran ərazisində həyata keçirəcəyi istənilən quru əməliyyatının başlanğıcdaca qarşısının alınacağını bildirib.
VOA xəbər verir ki, Əlirza Şeyx bu barədə İran Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı müsahibəsində danışıb. O, ABŞ-nin hərbi ritorikasında son dövrdə baş verən dəyişiklikləri Vaşinqtonun daha geniş strateji uğursuzluğunun göstəricisi kimi qiymətləndirib.
Generalın sözlərinə görə, İran müasir müharibənin mürəkkəb şəraitində həyata keçirdiyi strategiya ilə ABŞ rəhbərliyini siyasi məqsədlərini dəfələrlə yenidən nəzərdən keçirməyə məcbur edib.
Şeyx bildirib ki, müasir müharibədə nəticə yalnız silah və texnoloji üstünlüklə müəyyən olunmur. Onun fikrincə, əsas amil müdafiə imkanlarının innovativ yanaşma və düzgün döyüş idarəçiliyi ilə birləşdirilməsidir.
İranlı general ölkəsinin yeni müdafiə konsepsiyası formalaşdırdığını və bunun qarşı tərəfin ənənəvi hərbi təhdidlərinin effektivliyini azaltdığını iddia edib.
O, İranın yerli hərbi imkanlarını da xüsusi qeyd edərək, “Araş” pilotsuz uçuş aparatını ölkənin mühüm vasitələrindən biri kimi təqdim edib. Şeyx İranın raket və pilotsuz uçuş aparatı imkanlarının 75 faizdən çoxunun hazırda tam şəkildə qorunduğunu və istifadəyə hazır vəziyyətdə olduğunu bildirib.
General həmçinin ölkənin qərb bölgələrində iğtişaş yaratmaq və milli təhlükəsizliyi zəiflətmək cəhdlərinin qabaqlayıcı tədbirlər vasitəsilə müəyyən edilərək qarşısının alındığını söyləyib.
Şeyxin sözlərinə görə, İranın hərbi gücü ölkənin diplomatik imkanlarının əsas dayaqlarından biridir. O, hərbi çəkindirmə imkanlarının İranın regional təhlükəsizlik balansındakı mövqeyini gücləndirdiyini və diplomatik kanallar açıq qalsa da, milli təhlükəsizliyin hərbi hazırlıq və çəkindirmə imkanları ilə təmin edildiyini vurğulayıb.