BAKI,VOA Orxan Qədirzadə
ABŞ-ın İranla müharibə fonunda raket və sursat ehtiyatlarının sürətlə tükənməsi Vaşinqtonu hərbi istehsalı genişləndirməyə və daha ucuz silah sistemlərinə yönəlməyə məcbur edir.
ABŞ Müdafiə Nazirliyi ölkənin birbaşa təhdidləri dəf etmək üçün kifayət qədər silaha sahib olduğunu bildirsə də, rəsmilər əsas problemlərdən birinin xammal çatışmazlığı olduğunu açıqlayıb.
Məlumata görə, 2026-cı ildə ABŞ 172 “Patriot” raketi alıb, lakin İranla müharibə zamanı 1 000-dən çox raketdən istifadə edib. Mövcud istehsal tempinə görə bəzi ehtiyatların yalnız 2029-cu ilə qədər bərpa edilə biləcəyi bildirilir.
Vaşinqton istehsalı artırmaq üçün müdafiə şirkətləri ilə uzunmüddətli müqavilələr bağlayır. “Lockheed Martin”dən “THAAD” raketlərinin illik istehsalını 96-dan 400-ə, “Patriot” raketlərini isə 600-dən 2 000-ə çatdırması tələb olunur.
ABŞ daha ucuz alternativlərə də üstünlük verir. “X-Bow Systems” şirkətinin qiymətinin 100 min dollardan aşağı olduğu bildirilən yeni raket əleyhinə sistemi xüsusilə ucuz pilotsuz uçuş aparatlarına qarşı istifadə üçün hazırlanıb.
Sursat çatışmazlığı ABŞ-ın müttəfiqlərinə də təsir edir. Ukrayna raket əleyhinə sistemlərə ehtiyac duyduğu halda, Vaşinqtonun İran istiqamətinə üstünlük verməsi Kiyevin ehtiyatlarını məhdudlaşdırır. Tayvan isə ABŞ-dan təxminən 30 milyard dollar dəyərində silah tədarükündə gecikmələrlə üzləşir.