BAKI,VOA Orxan Qədirzadə
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Türkiyədəki səfiri Tom Barrakın yeni vəzifəsini rəsmən açıqlayıb.
Tramp bildirib ki, Tom Barrak bundan sonra ABŞ Prezidentinin İraq və Suriya üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edəcək.
ABŞ prezidentinin sözlərinə görə, Barrak Vaşinqtonun Yaxın Şərq siyasətində mühüm rol oynamağa davam edəcək və fəaliyyətini əsasən İraq və Suriya istiqamətində cəmləşdirəcək.
Tom Barrak hazırda ABŞ-ın Türkiyədəki səfiri kimi fəaliyyət göstərir. Yeni təyinatla o, ABŞ administrasiyasının regionda həyata keçirdiyi siyasi və diplomatik təşəbbüslərin əsas icraçılarından birinə çevriləcək.
Donald Tramp qeyd edib ki, Barrak İraq və Suriyada Prezidentin xüsusi nümayəndəsi kimi fəaliyyət göstərəcək və ABŞ-ın regional maraqlarının qorunması istiqamətində mühüm vəzifələr yerinə yetirəcək.
Bu təyinatdan əvvəl ABŞ dövlət katibi Marko Rubio da Tom Barrakın administrasiya daxilində xüsusi əhəmiyyətə malik fiqur olduğunu vurğulamışdı.
Rubio Barrakın əvvəlki xüsusi nümayəndə mandatının başa çatdığını bildirsə də, onun ABŞ administrasiyasının Suriya və İraq siyasətində aparıcı rolunu davam etdirəcəyini qeyd etmişdi.
ABŞ dövlət katibi Barrakın region üzrə geniş təcrübəyə və mühüm əlaqələr şəbəkəsinə malik olduğunu bildirib.
Rubionun sözlərinə görə, Tom Barrakın Yaxın Şərq üzrə təcrübəsi, regional əlaqələri və Tramp administrasiyasının prioritetlərinə dərindən bələd olması ABŞ-ın İraq və Suriya siyasətinin həyata keçirilməsində mühüm rol oynayacaq.
Müşahidəçilərin fikrincə, bu təyinat Vaşinqtonun Yaxın Şərqdəki fəaliyyətini daha koordinasiyalı şəkildə davam etdirmək niyyətindən xəbər verir. Xüsusilə Suriyada təhlükəsizlik, siyasi keçid prosesi, sanksiyalar və regional qüvvələr arasındakı münasibətlər, eləcə də İraqda təhlükəsizlik və sabitlik məsələlərinin Barrakın fəaliyyətinin əsas istiqamətlərini təşkil edəcəyi gözlənilir.
Analitiklər hesab edirlər ki, yeni vəzifə Tom Barrakı ABŞ-ın Yaxın Şərq siyasətinin ən təsirli fiqurlarından birinə çevirə bilər.