BAKI,VOA
İraqın dövlətə məxsus "Basra Oil Company" (BOC) şirkətinin direktoru, Hörmüz boğazındakı dəniz yolunun qapanması nəticəsində neft ixracının tamamilə dayandığını elan edib.
VOA xəbər verir ki, şirkətin yaydığı bəyanatda bildirib ki, müəssisənin obyektlərini hədəf alan hücumlar əməliyyatlara ciddi mənfi təsir göstərib.
"Hazırda biz daxili ehtiyacları ödəmək üçün gündəlik 900,000 barel neft istehsal edirik, lakin Hörmüz boğazının bağlanması səbəbindən xaricə ixrac tamamilə dayandırılıb."-deyə BOC bəyanatında deyilir.
Vəziyyətin daha da pisləşdiyi vurğulanan bəyanatda qeyd edib ki, neft yataqlarında fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti işlərini dayandırıb. Bu şirkətlər özlərinin əcnəbi personalını ölkədən təxliyə ediblər.
Bu kütləvi gediş İraqın neft hasilatı infrastrukturunun saxlanılması və gələcək istehsalat imkanları üçün ciddi risklər yaradır. Hörmüz boğazının qapalı qalması isə İraqın əsas gəlir mənbəyi olan dəniz yolu ilə neft satışını qeyri-mümkün edib.