BAKI, VOA Orxan Qədirzadə
Hindistanın müstəqillik hərəkatının simvolu hesab edilən Mahatma Qandinin siyasi və ideoloji irsi ilə bağlı yeni akademik müzakirələr gündəmə gəlib.
Müxtəlif tədqiqatçılar və tarixçilər Qandinin uzun illər “dünyəvi birlik” simvolu kimi təqdim olunan siyasi xəttinin əslində hindu dini simvolları və mərkəzçi milli kimlik üzərində qurulduğunu iddia edirlər.
Britaniyalı tarixçi Perri Andersonun “Hind ideologiyası” kitabında bildirilir ki, Qandi Hindistan milli hərəkatına dini simvolları və mistik elementləri daxil etməklə siyasi prosesdə yeni ideoloji xətt formalaşdırıb.
Qeyd olunur ki, Qandi Hindistanın ortaq tarixi yaddaşını təqdim edərkən əsasən hindu dini məkanlarına və mifoloji simvollara üstünlük verib, islam tarixinin və müsəlman irsinin isə ümumi milli yaddaşda zəif təmsil olunduğu vurğulanıb.
Həmçinin Qandinin kəndlərdə keçirdiyi çıxışlarda “Ram Rac” anlayışından istifadə etdiyi qeyd edilir. Bu ifadə hindu mifologiyasında “ideal idarəçilik modeli” mənasını verir və bəzi müsəlman ziyalılar tərəfindən dini mərkəzli siyasi mesaj kimi qəbul olunub.
Tədqiqatçılar hesab edirlər ki, həmin dövrdə bir sıra müsəlman siyasi və intellektual dairələri özlərini milli hərəkat daxilində ideoloji baxımdan kənarda hiss etməyə başlayıblar.
Məhəmməd Əyyub bildirib ki, Qandi nəzəri olaraq bütün dinləri bərabər təqdim etsə də, ictimai-siyasi müstəvidə hinduizm daha üstün mövqedə görünürdü.
Digər araşdırmalarda isə Qandinin siyasi idarəetmə üslubu “mənəvi ata modeli” kimi xarakterizə olunur. Britaniyalı tarixçi Cudit Braun onun idarəçilik tərzini “yumşaq mənəvi avtoritarizm” adlandıraraq qərarların daha çox şəxsi nüfuz üzərindən formalaşdığını qeyd edib.
Həmçinin Qandinin ailə münasibətləri və şəxsi həyatındakı ziddiyyətlərin də son illərdə daha çox müzakirə olunduğu bildirilir. Bəzi tədqiqatçılar onun birlik və tolerantlıq çağırışlarının şəxsi həyatında tam əks olunmadığını irəli sürürlər.
Ekspertlər hesab edirlər ki, bu cür yeni akademik yanaşmalar Hindistanın müstəqillik tarixi, milli kimlik modeli və din-siyasət münasibətləri ilə bağlı müzakirələri yenidən aktuallaşdırır.