Yaxın Şərq

Suriyanın cənubundakı Süveyda əyalətində Suriya hökuməti ilə Hikmət əl-Həcriyə bağlı qeyri-qanuni silahlı qruplaşmalar arasında əsir mübadiləsi baş tutub. Suriya Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə reallaşan proses çərçivəsində tərəflər saxlanılan şəxsləri qarşılıqlı olaraq sərbəst buraxıblar. Məlumata görə, mübadilə zamanı Suriya hökuməti 61 nəfəri azad edib. Bunun müqabilində isə İsrail tərəfindən dəstəklənən dürzi lider Hikmət əl-Həcriyə tabe olan qruplaşmalar əvvəllər girov götürdükləri 25 nəfəri təhvil veriblər. Azad edilən şəxslərin sağlamlıq vəziyyətini yoxlamaq məqsədilə mülki müdafiə qrupları Süveydanın şimalındakı Almutanah keçid məntəqəsində hazır vəziyyətdə gözləyiblər.

Beyrutda adının açıqlanmasını istəməyən “Hizbullah” rəsmisi ABŞ-ın İrana qarşı zərbələrinin məhdud xarakter daşıyacağı halda təşkilatın hərbi əməliyyatlara qoşulmayacağını deyib. Lakin o, İranın ali rəhbəri Ayətullah Əli Xameneinin hədəfə alınmasının “qırmızı xətt” olduğunu vurğulayıb. Rəsmi qeyd edib ki, əgər hücumların məqsədi İran hakimiyyətinin devrilməsi və ya birbaşa ali rəhbərin hədəfə alınması olarsa, “Hizbullah” müdaxilə edəcək. Onun sözlərinə görə, Xameneinin hədəfə alınması cavabsız qalmayacaq və belə bir ssenari regionda genişmiqyaslı qarşıdurmaya yol aça bilər.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi builki illik Həcc ziyarətini yerinə yetirmək istəyən daxili zəvvarlar üçün qeydiyyatın başladığını elan edib. Rəsmi qurumun çərşənbə günü verdiyi məlumata görə, krallıq daxilində yaşayan şəxslər müraciətlərini "Nusuk" mobil tətbiqi və ya nazirliyin rəsmi internet saytı vasitəsilə həyata keçirə bilərlər. Builki qeydiyyat prosesində əsas üstünlük daha əvvəl Həcc ziyarətində olmayan şəxslərə veriləcək.

ABŞ-ın İsraildəki səfiri Mayk Hakkabinin İsrailin Yaxın Şərqdə tam nəzarət yaratmasını "məqbul" hesab edən bəyanatlarından sonra yaranan diplomatik böhran dərinləşir. Tramp administrasiyasının bu sözləri təkzib etməsi İsrail mətbuatının sərt reaksiyasına səbəb olub. Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistan da daxil olmaqla 14 İslam ölkəsinin kəskin qınağından sonra Vaşinqton geri addım atmaq məcburiyyətində qalıb. Tramp administrasiyası səfir Hakkabinin sözlərinin rəsmi ABŞ siyasətini əks etdirmədiyini bəyan edib.

Bazar ertəsi Səudiyyə Ərəbistanının Xarici İşlər naziri şahzadə Feysəl bin Fərhan bin Abdullah ilə Suriyanın Xarici İşlər naziri Əsad əl-Şeybani arasında telefon danışığı baş tutub. Suriya tərəfinin təşəbbüsü ilə reallaşan bu dialoq zamanı Yaxın Şərqdə cərəyan edən son proseslər və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olub. Nazirlər iki ölkə arasındakı mövcud münasibətləri nəzərdən keçirərək, əməkdaşlığın gücləndirilməsi yollarını ətrafında fikir mübadiləsi aparıblar. Xüsusilə Suriyadakı son vəziyyət və böhranın siyasi yolla həlli istiqamətində göstərilən beynəlxalq və regional səylər diqqət mərkəzində olub. Şahzadə Feysəl Səudiyyə Ərəbistanının Suriyanın ərazi bütövlüyünü və sabitliyini dəstəkləyən mövqeyini bir daha vurğulayıb.

Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman bazar ertəsi Ciddə şəhərində Misir Prezidenti Əbdülfəttah əs-Sisini qəbul edib. Misir Rəyasət Heyətinin yaydığı məlumata görə, bu səfərin əsas məqsədi maraq kəsb edən müxtəlif regional və beynəlxalq məsələlər ətrafında məsləhətləşmələri və koordinasiyanı davam etdirməkdir.

Qətər Silahlı Qüvvələri Amerika Birləşmiş Ştatları (ABŞ) və İran arasında artan hərbi gərginlik fonunda müharibəyə hazırlaşır. Bu barədə İsrailin "KAN" telekanalı məlumat yayıb. Kanal Qətərin regional müharibə ssenarisinə hazırlaşdığını və xəbərdarlıq sistemlərinin sınaqdan keçirilməsini başa çatdırdığını bildirib.

İsrail Müdafiə Nazirliyi Qüds və Məscid-i Əqsadakı hadisələri işıqlandıran 5 Fələstin media şəbəkəsinin fəaliyyətini rəsmən qadağan edib. Müdafiə naziri Yisrael Katz, ərəb dilində yayımlanan "El-Asima el-İhbariye", "Miraç", "Kudüs Pusulası", "Kudüs Meydanı" və "Kudüs Plus" adlı platformaların "terror siyahısına" alınması barədə qərarı imzalayıb. İsrail Baş prokuroru isə bu qərarın icrası üçün heç bir hüquqi maneənin olmadığını təsdiqləyib.

İsrail ordusunun 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı dəhşətli həddə — 72 min 73 nəfərə çatıb. Qəzzadakı Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada bildirilir ki, beynəlxalq ictimaiyyətin bütün çağırışlarına və 2025-ci ilin oktyabrında əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, bölgədə qan tökülməsi hələ də davam edir. Xüsusilə son 24 saat ərzində Qəzzadakı tibb müəssisələrinə daha 1 ölü və 8 yaralının gətirilməsi bölgədəki gərginliyin hələ də kritik həddə olduğunu göstərir.

ABŞ hərbi qüvvələri Suriyadakı ən böyük bazalarından birini tərk etməyə başlayıb. Mediada yayılan məlumatlara əsasən, proses çərçivəsində ABŞ qüvvələri Suriyadakı ən böyük hərbi obyektlərindən birini tərk edir. Çıxarılmanın miqyası, mərhələləri və ümumi planı barədə hələlik rəsmi detallı açıqlama verilməyib.

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud ölkənin "Təsis Günü" münasibətilə rəsmi "X" platformasında paylaşım edərək, krallığın tarixi köklərinə və dövlətçilik fəlsəfəsinə diqqət çəkib. Kral Salman bildirib ki, mübarək Səudiyyə dövləti ulu babaları tərəfindən tövhid kəlməsi, ədalət prinsipi və xalqın vahid bayraq altında birləşdirilməsi üzərində inşa edilib. O qeyd edib ki, Allahın lütfü ilə əldə olunan bu tarixi birlik ölkəyə həm daxili təhlükəsizlik, həm də iqtisadi rifah qazandırıb.