BAKI,VOA,Yusif Şərifzadə
İsrail ilə Livan arasında əldə olunmuş atəşkəs razılaşmasının icrası hələ də təmin edilməyib və Livanın cənubunda hərbi gərginlik davam edir.
VOA xəbər verir ki, razılaşmaya əsasən, İsrail ordusu geri çəkildiyi ərazilərdə nəzarət Livan ordusuna verilməli, Livan ordusu həmin bölgələrdə yerləşməli və Hizbullahın silahlı mövcudluğunu aradan qaldırmalıdır. Lakin indiyədək İsrail ordusunun kəndlərdən tam çıxmadığı, Livan ordusunun həmin ərazilərə yerləşmədiyi və Hizbullahın da razılaşmanı qəbul etmədiyi bildirilir.
Məlumata görə, Hizbullah hesab edir ki, razılaşma İsrail ordusunun müharibə zamanı nail ola bilmədiyi məqsədlərin Livan hökuməti vasitəsilə həyata keçirilməsinə xidmət edir. Hərəkat xüsusilə silahsızlaşdırılmasına yönəlmiş addımlara qarşı çıxır.
Son hücum Nəbatiyyə əl-Fövqa qəsəbəsində qeydə alınıb. İsrailə məxsus pilotsuz uçuş aparatının endirdiyi zərbə nəticəsində dörd nəfər həlak olub. Bildirilir ki, onlar ya öz evlərini yoxlamaq, ya da yaşayış yerlərinə qayıtmaq üçün bölgəyə gəlmişdilər.
Müşahidəçilərin fikrincə, son hadisələr cəbhə xəttinə yaxın kəndlərə mülki əhalinin qayıdışının hələ də təhlükəsiz olmadığını göstərir.