BAKI,VOA,Yusif Şərifzadə
Fələstinli məhbusların hüquqlarını müdafiə edən təşkilatlar İsrail həbsxanalarında saxlanılan minlərlə fələstinlinin işgəncələrə və qeyri-insani rəftara məruz qaldığını iddia ediblər.
VOA xəbər verir ki, bu barədə Fələstinin Wafa xəbər agentliyinin yaydığı birgə bəyanatda bildirilib.
Açıqlamada qeyd olunub ki, İsrail həbsxanaları aclıq, alçaldılma və insan ləyaqətinin tapdalanmasına əsaslanan təşkilatlanmış sistemə çevrilib. Bəyanata görə, işgəncə artıq sistemli xarakter daşıyır və qadınlar, uşaqlar, yaşlılar da daxil olmaqla bütün məhbuslara şamil olunur.
Təşkilatlar məhbusların elektrik cərəyanına məruz qalması, qida, su və yuxudan məhrum edilməsi, eləcə də cinsi zorakılığa məruz qaldıqlarına dair məlumatların daxil olduğunu bildiriblər.
Bəyanatda bu iddialarla bağlı beynəlxalq ictimaiyyətə təcili tədbirlər görmək çağırışı da yer alıb.