BAKI,VOA,Yusif Şərifzadə
Livan Prezidenti Cozef Aun İsrailin Livanın cənubundakı mövcudluğunun başa çatdırılmasını tələb edib.
VOA xəbər verir ki, o bu barədə Prezident Administrasiyasının “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirib.
Aun qeyd edib ki, son günlərdə baş verən hadisələr Livanın danışıqlara getmək qərarının düzgün olduğunu göstərib və bu, milli məqsədlərə nail olmağın yeganə yolu kimi qiymətləndirilib.
Prezident bildirib ki, hazırkı danışıqlar Livanın tam suverenliyinin bərpası və dövlətin bütün ərazilər üzərində hakimiyyətinin təmin olunması baxımından həlledici ola bilər.
Onun sözlərinə görə, Livan “İsrail işğalına” son qoyulmasını və xarici təsirlərin aradan qaldırılmasını tələb edir.
Aun vurğulayıb ki, ölkənin yeganə seçimi milli suverenlikdir və bütün vətəndaşların təhlükəsizliyini yalnız dövlət təmin edə bilər.