BAKI, VOA, Nailə Babazadə
Dubay rəsmiləri çərşənbə axşamı günü verdiyi açıqlamada, uğurlu hava hücumundan müdafiə əməliyyatı zamanı zərərsizləşdirilən raketin qalıqlarının şəhərin cənubundakı yaşayış evlərinin üzərinə düşdüyünü təsdiqləyib. Hadisə nəticəsində ərazidəki bəzi mülklərə ciddi ziyan dəyib və 4 nəfər yüngül xəsarət alıb.
VOA xəbər verir ki, Dubay Media Ofisi rəsmi "X" hesabında bildirdi ki, yaralanan şəxslər Asiya mənşəli əcnəbi vətəndaşlardır və onlara dərhal tibbi yardım göstərilib.
Səlahiyyətli qurumlar hadisə yerinə təcili xilasetmə və mülki müdafiə qruplarının cəlb olunduğunu, ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini qeyd ediblər. İlkin araşdırmalara görə, hava hücumundan müdafiə sistemləri hədəfi yaşayış məntəqələrindən uzaqda məhv etsə də, atmosferin yüksək qatlarında baş verən parçalanma nəticəsində qalıqların bir hissəsi küləyin təsiri ilə yaşayış binalarının üzərinə yayılıb. Aidiyyatı qurumlar mülki əhalini ehtiyatlı olmağa və rəsmi xəbərdarlıqlara əməl etməyə çağırıb.
Xatırladaq ki, regionda davam edən hərbi gərginlik fonunda Birləşmiş Ərəb Əmirliyinin hava məkanı tez-tez İrandan atılan raket və dronların hədəfinə çevrilir. Bu son insident Dubay Beynəlxalq Hava Limanı yaxınlığındakı yanacaq çəninə dron düşməsindən bir gün sonraya təsadüf edir. Dubay rəhbərliyi şəhərin müdafiə infrastrukturunun tam işlək vəziyyətdə olduğunu və istənilən hava təhdidinin minimum zərərlə dəf edilməsi üçün bütün imkanların səfərbər edildiyini bəyan edib.