İsrail və Birləşmiş Ştatlar ilə müharibə şəraitində Hizbullah təşkilatı son illərin ən ağır maliyyə böhranını yaşayır. İsrail ordusu mart ayında Hizbullaha qarşı növbəti hərbi əməliyyatlara başlayarkən xəbərdarlıq etdiyi ilk hədəflər silah anbarları və ya yeraltı komanda mərkəzləri deyil, Mərkəzi Bankın nəzarətindən kənar fəaliyyət göstərən maliyyə qurumları oldu.
Beyrutda İran erasının sonu – Vaşinqton Hizbullahı bitirir?
İsrail hərbi təyyarələri uzun illər təşkilatın maliyyə dayağı hesab edilən "Əl-Qard Əl-Həsən" adlı qurumun on ikidən çox filialını sıradan çıxardı. Digər hava zərbələri zamanı isə İranın pul köçürmələri üçün istifadə etdiyi valyutadəyişmə məntəqələri və təşkilata gəlir gətirən yanacaqdoldurma məntəqələri hədəf alındı. Bu addımlarla İsrail açıq mesaj verdi: təşkilatın yalnız hərbi infrastrukturu deyil, maliyyə sistemi də əsas hədəfdir.
Bu zərbələr İsrail, Tramp administrasiyası və Livan hökumətinin Hizbullahın xüsusilə İrandan gələn maliyyə kanallarını kəsmək məqsədilə həyata keçirdiyi kəskin addımların tərkib hissəsidir.
Müharibədən əvvəlki aylarda Livan hökuməti Vaşinqtonun təzyiqi ilə təşkilatın Pul transferi üçün istifadə etdiyi marşrutları, o cümlədən Beyrut Beynəlxalq Hava Limanını nəzarətə almağa başladı. Birləşmiş Ştatlar həmçinin Livan Mərkəzi Bankından ölkədəki nağd pul dövriyyəsinə nəzarəti gücləndirməyi tələb etdi.
Təşkilata yaxın mənbələr və yerli rəsmilər Hizbullahın hazırda kəskin maliyyə çətinlikləri ilə üzləşdiyini bildirirlər. Lakin bu vəziyyətin təşkilatın ümumi fəaliyyətinə vurduğu zərər tam məlum deyil. Keçmiş təcrübə gösterir ki, həm Hizbullah, həm də onun əsas dəstəkçisi olan İran bu tür təzyiqlərə müqavimət göstərmək, hərbi imkanlarını bərpa etmək və yeni maliyyə yolları tapmaq bacarığına malikdir.
Bununla belə, təşkilat Livanın şiə icması arasında nüfuzunu saxlayan sosial yardım şəbəkəsini maliyyələşdirməkdə çətinlik çəkir. Eyni zamanda, dalbadal vurulan zərbələrdən sonra hərbi xərclərin qarşılanması prioritet məsələyə çevrilib.
Hizbullahın mətbuatla əlaqələr üzrə məsul şəxsi Yusif Əz-Zeyn bildirib ki, təşkilat müharibə səbəbindən didərgin düşmüş yüz minlərlə insana kömək etməyə üstünlük verdiyi üçün tərəfdarlarına vəd etdiyi kompensasiyaların ödənişini müvəqqəti olaraq dayandırıb.
Müharibədən əvvəl ABŞ Dövlət Departamenti İranın Hizbullaha illik təxminən 700 milyon dollar vəsait ayırdığını bildirirdi. Bu məbləğ təşkilatın təxminən 1 milyard dollarlıq illik büdcəsinin böyük hissəsini təşkil edirdi.
Rəsmi mənbələr İranın ötən il ərzində maliyyə yardımını artırdığını, lakin bu vəsaitin müharibə dövrünün böyük xərclərini qarşılamağa kifayət etmədiyini qeyd edirlər.
Keçən ilin əvvəlində Birləşmiş Ştatlar rəsmiləri İranın mülki təyyarələrlə Beyruta dollarla dolu çantalar göndərdiyi barədə İsrailin xəbərdarlığını Livan hökumətinə çatdırmışdı.
Xəbərdarlıqdan sonra Livan İrandan gələn bütün uçuşları dayandırdı və bu qərar hələ də qüvvədədir. Hava limanında təşkilatla əlaqəsi olan əməkdaşlar tutduqları vəzifələrdən azad edildi və onlar ABŞ rəsmiləri ilə koordinasiyalı çalışan təhlükəsizlik heyəti ilə əvəzləndi.