İraq Ali Məhkəmə Şurası korrupsiya işi çərçivəsində 20 milyon dollardan çox vəsaitin və 60 kiloqram qızılın ələ keçirildiyini açıqlayıb.
Məlumata görə, araşdırma İraqın keçmiş neft nazirinin emal məsələləri üzrə müavini Adnan əl-Cümeyli və onunla əlaqəli şəxslərlə bağlı aparılır.
İraq Ali Məhkəmə Şurasının açıqlamasında bildirilib ki, istintaq çərçivəsində 20 milyon 340 min ABŞ dolları və 200 milyon İraq dinarı (təxminən 153 min dollar) aşkarlanaraq götürülüb. Həmçinin 60 kiloqram qızıl geri qaytarılıb və 7 avtomobil müsadirə edilib.
Araşdırmalar dövlət vəsaitlərinin mənimsənilməsi və layihələrdə maliyyə itkiləri ilə bağlı aparılır. İş üzrə hazırkı və keçmiş vəzifəli şəxslər, deputatlar, podratçılar və müxtəlif dövlət qurumlarının rəhbərlərinin də adı keçir. Bəzi şəxslər barəsində həbs və axtarış qərarları çıxarılıb.
Bununla yanaşı, İraq Federal Dürüstlük Komissiyası Elektrik Nazirliyinin nəqliyyat və paylama məsələləri üzrə keçmiş müavini Xalid Qazi Atiyənin evində də böyük məbləğdə pul və qızıl aşkarlandığını açıqlayıb.
Komissiyanın məlumatına görə, axtarış zamanı 1 milyard 175 milyon İraq dinarı, təxminən 6 milyon dollar, 7 qızıl külçə və qızıl zinət əşyaları aşkarlanıb. Ələ keçirilən vəsait və əşyalarla bağlı protokol hazırlanaraq istintaq hakiminə təqdim edilib.
İraq məhkəmə orqanları korrupsiya işi üzrə araşdırmaların davam etdiriləcəyini və digər şübhəli şəxslərin də məsuliyyətə cəlb olunması istiqamətində tədbirlərin görüləcəyini bildirib.