İran

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Omanla Hörmüz boğazında yeni gəmiçilik marşrutu üzrə əldə olunan razılaşma təhlükəsiz naviqasiyaya avtomatik zəmanət vermir. Onun sözlərinə görə, ABŞ-nin dəniz blokadası və İranın maraqlarına qarşı atılan addımlar bölgədə təhlükəsizlik risklərini qoruyub saxlayır. Tehran hesab edir ki, bu amillər aradan qaldırılmadan boğazda tam təhlükəsizlik təmin oluna bilməz.

İran Prezidenti Məsud Pezeşkian HƏMAS rəhbərliyi ilə telefon danışığında Tehranın Qəzza danışıqlarında Fələstin tərəfinin qəbul edəcəyi bütün qərarları dəstəkləyəcəyini bildirib. Bu açıqlama Donald Trampın HƏMAS-ın silahsızlanmağa razılaşdığı barədə iddiasından sonra verilib. İsrail HƏMAS tam silahsızlaşdırılmadan Qəzzadan çıxmayacağını bildirir, HƏMAS isə İsrail qoşunlarının tam geri çəkilməsini əsas şərt kimi irəli sürür. Baş nazir Benyamin Netanyahu isə Trampın planını qəbul etmədiklərini açıqlayıb.

İranın dövlət televiziyası IRIB bildirib ki, Omanla mümkün razılaşma Hörmüz boğazının dərhal açılması demək deyil. Məlumata görə, danışıqlar yalnız Tehran və Maskat arasında aparılır və ABŞ bu prosesdə iştirak etmir. İran hesab edir ki, boğazın yenidən açılması Vaşinqtonun davranışını dəyişməsindən asılıdır. İran mediası həmçinin Omanla yeni gəmiçilik marşrutu üzrə razılaşmanın yaxın olduğunu yazıb. Tehran ABŞ-ni danışıqlara müdaxilə etməkdə və prosesi ləngitməkdə ittiham edir.

İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü İsmayıl Kövsəri Donald Trampın İranla danışıqlara dair açıqlamalarını ziddiyyətli və etibarsız adlandırıb. O bildirib ki, Tramp Hörmüz boğazının açıq olduğunu 75 dəfə, İranın məğlub olduğunu 106 dəfə və Tehranla razılaşmanın yaxın olduğunu 88 dəfə bəyan edib. Kövsərinin sözlərinə görə, bu açıqlamalar reallığı əks etdirmir. İran rəsmiləri Vaşinqtonla birbaşa danışıqlar aparıldığı barədə iddiaları yenidən təkzib ediblər.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) media orqanı ABŞ-nin hərbi təhdidləri davam etdiyi müddətdə İranın heç bir razılaşma imzalamayacağını bəyan edib. Adı açıqlanmayan rəsmiyə istinadən yaydığı məlumata görə, Hörmüz boğazı ilə bağlı İran və Oman arasında aparılan danışıqlarda yekun razılaşmanın əldə olunmamasının əsas səbəbi ABŞ-nin müdaxiləsi və Vaşinqtonun təhdidləridir.

İran Xarici İşlər Nazirliyi Omanla Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunması üzrə aparılan danışıqların müsbət irəlilədiyini açıqlayıb. XİN sözçüsü İsmayıl Bəqai bildirib ki, tərəflər giriş və çıxış marşrutlarının müəyyənləşdirilməsi üzərində işləyirlər. Onun sözlərinə görə, danışıqlar həm texniki, həm də siyasi səviyyədə müsbət qiymətləndirilir. Tehran boğazda gəmi hərəkətinin idarə olunması üçün yeni mexanizmlərin hazırlanmasını davam etdirir.

Qətər ABŞ və İran arasında gərginliyin azaldılması istiqamətində diplomatik səylərini davam etdirdiyini və əsas prioritetlərinin gərginliyin aradan qaldırılması, tərəflərin yenidən danışıqlar masasına qayıtması, eləcə də Hörmüz boğazının sərbəst gəmiçilik üçün açılması olduğunu bəyan edib.

İran Prezidenti Məsud Pezeşkian istefa verəcəyi ilə bağlı yayılan iddiaları təkzib edərək vəzifəsini icra etməyə davam edəcəyini bildirib. Pezeşkian, həmçinin İranın ali dini lideri Müctəba Xamenei və Silahlı Qüvvələrlə fikir ayrılığı yaşadığı barədə iddiaları da rədd edib. Məlumata görə, Pezeşkianın xalqa videomüraciəti dörd hissə şəklində yayımlanacaq.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ətrafında tətbiq edilən dəniz blokadası çərçivəsində 44 kommersiya gəmisinin istiqamətinin dəyişdirildiyini açıqlayıb.CENTCOM sosial media platformasında yaydığı açıqlamada ABŞ qüvvələrinin İrana qarşı tətbiq edilən dəniz blokadasını “ciddi şəkildə həyata keçirməyə davam etdiyini” qeyd edib.

İranın mərhum ali dini lideri Əli Xameneinin hərbi müşaviri Möhsün Rzayi bildirib ki, Kiyevin üzr istəməsindən sonra İran Ukraynaya zərbə endirmək planından imtina edib. Rzayi dövlət televiziyasına açıqlamasında deyib ki, İran Silahlı Qüvvələri Xəzər dənizində İran gəmisinə iyulun 25-də edilən hücuma cavab olaraq Ukraynadakı üç hədəfə zərbə endirmək üçün hazırlıqları tamamlamışdı.