İran

İran Hörmüz boğazının yenidən açılması üçün müəyyən şərtlərin yerinə yetirilməli olduğunu açıqlayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Sərdar Möhibi məsələnin Omanla aparılan danışıqlarla əlaqəli olmadığını bildirib. Onun sözlərinə görə, Hörmüz boğazı İran üçün yalnız iqtisadi su yolu deyil. Tehran boğazı ölkənin coğrafi və strateji gücünün mühüm hissəsi hesab edir. Möhibi boğazın açılmasını ABŞ-nin İranın şərtlərini tam qəbul etməsi ilə əlaqələndirib. O, Vaşinqtonun regional danışıqlara müdaxiləni dayandırmalı olduğunu da bildirib. İran rəsmisi ABŞ-nin bu şərtləri qəbul edəcəyi təqdirdə Hörmüz boğazının açılacağını vurğulayıb. Boğazın açılması ilə bağlı qərarın Omanla aparılan danışıqlardan asılı olmadığı qeyd edilib.

İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada İran Silahlı Qüvvələrinin gücünü yüksək qiymətləndirib və müsəlman ölkələrini "xarici təhdidlərə" qarşı birlik nümayiş etdirməyə çağırıb. O bildirib ki, müsəlman dövlətləri yalnız öz imkanlarına güvənərək regiondakı çağırışların öhdəsindən gələ bilərlər.

ABŞ hökuməti İranın sanksiyalardan yayınmaq üçün istifadə etdiyini iddia etdiyi maliyyə şəbəkələrinə qarşı yeni tədbirlər elan edib. ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott bildirib ki, Maliyyə Nazirliyi valyuta mübadilə məntəqələri və saxta şirkətlərdən ibarət şəbəkəni hədəf alıb. Vaşinqton bu addımın Tramp administrasiyasının İrana qarşı "maksimum təzyiq" siyasətinin tərkib hissəsi olduğunu vurğulayır. Konkret sanksiya siyahısı isə açıqlanmayıb.

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi regional təhlükəsizlik məsələlərinin xarici müdaxilə olmadan, yalnız region ölkələri tərəfindən həll edilməli olduğunu bildirib. Onun sözlərinə görə, Körfəz ölkələri ilə təhlükəsizlik dialoqunun bərpası üçün münasib şərait yaranıb. Qəribabadi həmçinin bəzi qonşu ölkələrin ərazisindən həyata keçirildiyini iddia etdiyi hücumlarla bağlı sənədlərin BMT Təhlükəsizlik Şurasına təqdim edildiyini açıqlayıb.

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü Həsən Qəşqavi Hörmüz boğazı ilə bağlı Omanla çərçivə razılaşmasının əldə olunduğunu açıqlayıb. Onun sözlərinə görə, razılaşmanın ümumi prinsipləri müəyyənləşdirilib və yekun mətn yaxın vaxtlarda açıqlanacaq. Qəşqavi qeyd edib ki, sənədin qüvvəyə minməsi üçün İran rəhbərliyinin yüksək səviyyədə yekun qərarı tələb olunur.

ABŞ Prezidenti Donald Tramp Truth Social platformasında paylaşdığı açıqlamada müdafiə naziri Pit Heqsetə dəstəyini ifadə edib və İrana qarşı aparılan hərbi əməliyyatların "çox yaxşı getdiyini" bildirib. Tramp əməliyyatların məqsədinin İranın nüvə silahına sahib olmasının qarşısını almaq olduğunu vurğulayıb. İran tərəfi hələlik bu açıqlamaya rəsmi reaksiya verməyib.

İran ordusunun sözçüsü briqada generalı Əmir Əkrəminiya ölkəsinin silahlı qüvvələrinin bütün təhdidlərə qarşı tam hazırlıqlı olduğunu bildirib. Onun sözlərinə görə, ordu zədələnmiş sistemləri yeniləyir, yeni texnika qəbul edir və yerli imkanlara əsaslanaraq əməliyyat hazırlığını gücləndirir. Əkrəminiya əlavə edib ki, hərbi hissələrdə döyüş texnikası gündəlik ehtiyaclara uyğun yenidən təşkil olunur.

İran Ordusunun sözçüsü briqada generalı Məhəmməd Əkrəminiya ölkə Silahlı Qüvvələrinin istənilən təhlükəyə qarşı tam hazırlıq vəziyyətində olduğunu və döyüş qabiliyyətinin ən yüksək səviyyəyə çatdırıldığını bildirib. Generalın sözlərinə görə, ordunun əməliyyat hazırlığı zədələnmiş sistemlərin modernləşdirilməsi, yeni hərbi texnikanın silahlanmaya qəbul edilməsi və yerli müdafiə sənayesinin imkanlarından istifadə hesabına davamlı şəkildə gücləndirilir

İran-ABŞ qarşıdurmasının qlobal enerji bazarlarında yaratdığı qeyri-müəyyənlik və iqlim böhranının təsiri fonunda dünyanın ən iri neft şirkətləri 2026-cı ilin ikinci rübündə rekord maliyyə göstəriciləri əldə edib. Məlumata görə, geosiyasi gərginliyin təsiri ilə neft qiymətlərinin yüksək səviyyədə qalması şirkətlərin gəlirlərini əhəmiyyətli dərəcədə artırıb. Hesablamalara əsasən, bu şirkətlərin ikinci rübdə əldə etdiyi ümumi gəlir dəqiqədə təxminən 700 min ABŞ dollarına bərabər olub.

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ-ni öhdəliklərini pozmaqda ittiham edib və Vaşinqtona etimadın olmadığını bildirib. O qeyd edib ki, ABŞ-nin Anlaşma Memorandumu üzrə öhdəliklərinə qayıtması Hörmüz boğazının yenidən açılması üçün zəruri şərtdir, lakin bu, təkbaşına kifayət etmir. Tehran hesab edir ki, ABŞ-nin əvvəlki öhdəlik pozuntuları ilə bağlı məsələlər də həll olunmalıdır.

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Tehran və Maskat Hörmüz boğazında gəmiçiliyin idarə olunması üçün yeni model hazırlayırlar. Plana əsasən, yeni marşrutun böyük hissəsi İranın, qalan hissəsi isə Omanın ərazi sularından keçəcək. Mövcud müvəqqəti şimal və cənub marşrutlarının bağlanması nəzərdə tutulur. Yeni dəhlizin ilkin mərhələdə 2–4 ay və ya daha uzun müddət istifadəsi planlaşdırılır.