BAKI,VOA, Fərid Mikayılov
İran rəsmiləri ölkənin neft infrastrukturuna mümkün hücumlara qarşı sərt cavab veriləcəyini açıqlayıb.
VOA xəbər verir ki, İran Prezidentinin müavini İsmayıl Sekab İsfahani bildirib ki, İranın neft obyektlərinə qarşı istənilən hücum cavabsız qalmayacaq və cavab tədbirləri çərçivəsində Səudiyyə Ərəbistanının enerji infrastrukturu hədəf alınacaq.
Onun sözlərinə görə, İranın müdafiə strategiyası mərhələli cavab prinsipinə əsaslanır və “gözə göz” yanaşması tətbiq ediləcək.
İsfahani əlavə edib ki, ABŞ-ın mümkün hücum təhdidlərindən çəkinmirlər və ölkə bu cür ssenarilərə qarşı hazırdır.
Qeyd edək ki, daha əvvəl Donald Tramp İranın ABŞ-ın tələblərini qəbul etməyəcəyi təqdirdə enerji obyektləri də daxil olmaqla müxtəlif hədəflərin vurula biləcəyini bildirmişdi.
Ekspertlər hesab edir ki, bu cür açıqlamalar Hörmüz boğazı ətrafında gərginliyi daha da artıraraq qlobal enerji bazarına ciddi təsir göstərə bilər.