BAKI,VOA
Yer kürəsində elə yerlər var ki, oraya ayaq basmaq ya həbsxana, ya da ölüm deməkdir. Bu adalar bəşəriyyətin səhvlərinin, elmi eksperimentlərin və təbiətin amansızlığının sübutudur.
1. Sürsey adası (İslandiya) – Elmi laboratoriya
1963-cü ildə sualtı vulkanın püskürməsi nəticəsində yaranan bu ada tamamilə sterildir. Bura gəlmək qəti qadağandır. Adada alimlər həyatın sıfırdan necə yarandığını müşahidə edirlər. Hətta bir dəfə bir alimin ehtiyatsızlığı ucbatından adada bitən pomidor kolu böyük skandala səbəb olmuş və dərhal məhv edilmişdir.
2. Niihau adası (Havay) – Qadağan olunmuş ada
1864-cü ildən bəri şəxsi mülkiyyətdə olan bu ada zaman kapsulu kimidir. Burada internet, asfalt yol və mağaza yoxdur. Yerli havaylılar 19-cu əsr üslubunda yaşayırlar. Hətta dünya ulduzları belə bura buraxılmır.
3. Poveglia adası (İtaliya) – Lənətlənmiş ada
Venesiya yaxınlığında yerləşən bu ada orta əsrlərdə taun xəstələrinin sürgün və ölüm yeri olub. 160 mindən çox insanın yandırıldığı bu adanın torpağının 50%-i insan külündən ibarətdir. Sonralar burada açılan psixiatriya xəstəxanasındakı dəhşətli eksperimentlər adanın şöhrətini daha da qətiləşdirib.
4. Haşima adası (Yaponiya) – Gəmi-ada
Bir zamanlar dünyanın ən sıx məskunlaşdığı yer olan bu kömür mədəni adası 1974-cü ildə bir neçə həftəyə boşaldılıb. İndi bura beton binaların çürüdüyü vahiməli bir ruhlar şəhəridir.
5. Nort-Brazer adası (ABŞ) – Nyu-Yorkun gizli yarası
Nyu-Yorkun mərkəzində yerləşən bu ada vaxtilə yoluxucu xəstələrin izolyasiya mərkəzi olub. "Yatalaqlı Meri" (Typhoid Mary) ömrünün 30 ilini burada həbsdə keçirib. İndi bura meşənin udduğu dağılmış binalardan ibarət qadağan zonadır.
6. Ramri adası (Myanma) – Timsahların qanlı ziyafəti
Ginnesin Rekordlar Kitabına "heyvanlar tərəfindən törədilən ən böyük fəlakət" kimi düşüb. 1945-ci ildə 1000-ə yaxın yapon əsgəri bataqlıqlardan keçmək istəyərkən minlərlə nəhəng timsahın yeminə çevrilmiş, cəmi 20 nəfər sağ qalmışdır.
7. Keymada-Qrandi (Braziliya) – İlanlar adası
Bura təbiətin qurduğu ən ölümcül tələdir. Hər kvadrat metrə 1-dən 5-ə qədər dünyanın ən zəhərli ilanı düşür. İnsanların bura girişi rəsmən qadağandır, çünki buradan sağ çıxmaq qeyri-mümkündür.
8. Şimali Sentinel adası (Hindistan) – Daş dövrünün son qalası
Burada yaşayan tayfa 60 min ildir xarici dünya ilə əlaqəni rədd edir. Yaxınlaşan hər kəsi oxla qarşılayırlar. Hindistan hökuməti həm tayfanı xəstəliklərdən qorumaq, həm də insanların təhlükəsizliyi üçün adaya gedişi qadağan edib.
9. Miyakicima adası (Yaponiya) – Qaz maskalı insanlar
Vulkanik fəaliyyət səbəbindən havada daim kükürd qazı var. Adanın sakinləri 24 saat yanlarında qaz maskası gəzdirməyə məhkumdurlar. Sirenlər çalınanda hər kəs dərhal maskasını taxmalıdır.
10. Bikini atolu (Marşall adaları) – Nüvə cənnəti
ABŞ-ın 23 nüvə bombası sınağı keçirdiyi bu yer xarici görünüşcə cənnəti xatırlatsa da, radiasiya ilə zəhərlənib. Buradakı kokosları yemək və ya suyu içmək intihara bərabərdir.
11. Farallon adaları (ABŞ) – Radioaktiv zibilxana
San-Fransisko yaxınlığında yerləşən bu adaların ətrafında 47 mindən çox radioaktiv tullantı çəlləyi batırılıb. İndi bura dünyanın ən böyük ağ köpəkbalığı populyasiyalarından birinin məkanıdır.
12. Qruinard adası (Şotlandiya) – Bioloji silah poliqonu
İkinci Dünya müharibəsində İngiltərə burada qarayara (sibir xorası) bombası sınaqdan keçirib. Ada onilliklər boyu ölüm zonası olub. Yalnız 1980-ci illərdə tonlarla kimyəvi maddə ilə təmizləndikdən sonra qismən təhlükəsiz elan edilib.
13. Vozrojdeniye adası (Özbəkistan/Qazaxıstan) – Qiyamət anbarı
Siyahının ən dəhşətli adası. SSRİ-nin ən qorxulu bioloji silahlarının (taun, qarayara, çiçək) sınaqdan keçirildiyi yer. Aral dənizinin quruması ilə bu ada materiklə birləşib və indi bu bioloji "Pandora qutusu" bütün dünya üçün açıq təhdidə çevrilib.