BAKI,VOA Orxan Qədirzadə
Tarix boyu mühəndislər insanların səyahət, ünsiyyət və yaşayış formasını dəyişdirən nəhəng layihələr həyata keçiriblər. Panama kanalından Nyu-York metrosuna qədər bu tikililər mühəndislik imkanlarının sərhədlərini genişləndirib.
Dünyanın mühəndislik möcüzələri sırasında 1914-cü ildə istifadəyə verilən və Atlantik okeanını Sakit okeanla birləşdirən Panama kanalı xüsusi yer tutur. Kanal qlobal ticarət marşrutlarını əhəmiyyətli dərəcədə qısaldıb.
1937-ci ildə açılan Qızıl Qapı körpüsü isə uzun illər dünyanın ən uzun asma körpüsü olub. ABŞ-dakı 41 min millik magistral yollar sistemi ölkənin iqtisadiyyatını və şəhər quruluşunu dəyişdirərək şəhərətrafı ərazilərin inkişafını sürətləndirib.
1858-ci ildə Atlantik okeanının dibindən çəkilən ilk teleqraf kabeli Avropa ilə Şimali Amerika arasında rabitəni sürətləndirib. 1935-ci ildə tamamlanan Huver bəndi isə Kolorado çayının axınını tənzimləyərək milyonlarla insanın su və elektrik təminatına töhfə verib.
1994-cü ildə açılan La-Manş tuneli Böyük Britaniyanı Avropa qitəsi ilə birləşdirib. 1869-cu ildə tamamlanan transkontinental dəmir yolu isə ABŞ-ın şərqi ilə qərbini birləşdirərək qitələrarası səyahət müddətini aylarla deyil, bir həftədən də az müddətə endirib.
1886-cı ildə Nyu-Yorkda ucaldılan Azadlıq heykəli Fransa ilə ABŞ arasındakı dostluğun simvoluna çevrilib. Niderlandın Şimal dənizindən qorunma sistemi isə daşqınların qarşısını almaq və yeni torpaqlar əldə etmək üçün dünyanın ən böyük su mühəndisliyi layihələrindən biri hesab olunur.
ABŞ-da ilk metro 1897-ci ildə Bostonda, daha sonra 1904-cü ildə Nyu-Yorkda istifadəyə verilib. Elektriklə işləyən yeraltı nəqliyyat sistemləri şəhərlərdə sürətli ictimai nəqliyyatın inkişafına yeni mərhələ gətirib.