BAKI,VOA Orxan Qədirzadə
Gecənin ortasında, xüsusilə saat 3 radələrində qəfil oyanmaq bir çox insanın yaşadığı və əksər hallarda normal hesab edilən haldır. Yuxu mütəxəssislərinə görə, sağlam yetkin insanlar gecə ərzində bir neçə dəfə qısa müddətə oyanırlar və çox vaxt bunu xatırlamırlar.
Yuxu təxminən 90 dəqiqəlik dövrlərdən ibarətdir və insan bu müddətdə yüngül və dərin yuxu mərhələləri arasında keçir. Gecənin ilk hissəsində dərin yuxu üstünlük təşkil edir, səhərə yaxın isə yuxu daha yüngül olur. Buna görə səs, işıq və digər kiçik təsirlər insanı daha asan oyada bilər.
Mütəxəssislərin fikrincə, saat 3 radələrində oyanmağın səbəblərindən biri də bu vaxtadək yuxunun dərin mərhələlərinin böyük hissəsinin tamamlanmasıdır. Gecənin sonuna doğru orqanizm də tədricən oyanmağa hazırlaşır və ayıqlığı artıran kortizol hormonunun səviyyəsi yüksəlməyə başlayır.
Stress, yuxusuzluq və yorğunluq da gecə oyanmalarını artıra bilər. Yaş artdıqca dərin yuxunun azalması səbəbindən insan səs və işıq kimi xarici amillərə daha həssas olur.
Bəzi dərmanlar və sağlamlıq problemləri də yuxunun pozulmasına səbəb ola bilər. Antidepressantlar, beta-blokatorlar, sidikqovucular və antihistaminlər yuxuya təsir göstərə bilər. Yuxu apnesi, artrit, depressiya, prostat vəzinin böyüməsi və menopauza əlamətləri də gecə oyanmalarına yol aça bilər.
Saat 3-də oyanmaq nadir hallarda baş verirsə, bu, adətən ciddi problemdən xəbər vermir. Lakin hal mütəmadi təkrarlanır və insanın yenidən yuxuya getməsinə mane olursa, yuxusuzluq və ya digər yuxu problemləri ilə bağlı ola bilər.