BAKI, VOA, Orxan Qədirzadə
Bu gün sosial şəbəkələrdə populyar olan "16 Şəxsiyyət Tipi" (MBTI) testləri və dörd hərfli kodlar (məsələn, INTJ, ENFP) əslində dərin bir psixoloji keçmişə malikdir. Bu testlərin və müasir xarakter analizlərinin təməlində məşhur isveçrəli psixoloq Karl Qustav Yunqun nəzəriyyələri dayanır. Yunqun fikirləri insanın özünü tanıması üçün sadəcə bir test deyil, ruhun dərinliklərinə açılan bir qapıdır.
İntrovert və ekstrovert: Enerjinin iki qütbü
Yunq tərəfindən elm aləminə daxil edilən bu iki anlayış, insanın ətraf mühitlə münasibətini müəyyən edən ən təməl ölçüdür:
İntrovertlər (içinə qapalı): Enerjini tək qalmaqdan, mütaliə və fərdi fəaliyyətlərdən alırlar. Sosial mühitlər onları yorur.
Ekstrovertlər (ünsiyyətcil): Ünsiyyətdən, qrup fəaliyyətlərindən və insanlarla vaxt keçirməkdən qidalanırlar. Təklik onlar üçün darıxdırıcıdır.
Yunqun fikirlərinə görə heç kim 100% introvert və ya 100% ekstrovert ola bilməz. Hətta ən tənha adamın belə ünsiyyətə, ən sosial adamın isə tənhalığa ehtiyacı olan anlar var. İnsan öz ruhundakı bu balansın fərqində olmalı və hər iki tərəfini təmin etməlidir.
Arketiplər: Ruhumuzdakı qədim şablonlar
Niyə fərqli mədəniyyətlərdə, filmlərdə və kitablarda eyni xarakter tiplərinə rast gəlirik? Məsələn, Ulduz döyüşlərindəki Yoda, Üzüklərin əfəndisindəki Qandalf və ya Harri Potterdəki Dambldor — hamısı eyni "Müdrik Qoca" arketipinin nümunələridir.
Yunq bildirir ki, zehnimizdə bizdən asılı olmayan, qədim dövrlərdən bəri təkrarlanan şablonlar var. O, bunları arketiplər adlandırır:
Müdrik qoca: Yol göstərən, təcrübəni ötürən müəllim.
Təlxək: Həyatı ciddi qəbul etməyən, rəng qatan obraz.
Yenidən doğuluş: Qəhrəmanın məğlubiyyətdən dərs alıb daha güclü qayıtması.
Kollektiv Şüuraltı: Görünməz İplərlə Bağlılıq
Yunq, insanın dünyaya "bomboş bir beyinlə" (tabula rasa) gəldiyi fikrini rədd edirdi. Ona görə, hər birimiz doğulanda bəşəriyyətin minillik təcrübəsini daşıyan "Kollektiv Şüuraltı" ilə gəlirik.
Buna ən yaxşı sübut müxtəlif coğrafiyalardakı oxşarlıqlardır:
Skandinaviya mifologiyasında (Ragnarok) və İslamda qiyamətin "borunun çalınması" (sur) ilə xəbər verilməsi bir təsadüf deyil, kollektiv şüuraltıdakı ortaq instinktdir.
Dünyanın demək olar ki, hər mədəniyyətində əjdaha fiquru var. Antropoloq Devid Consun fikrincə, bu, atalarımızın ilan, qartal və aslan kimi yırtıcılara qarşı duyduğu instinktiv qorxunun birləşmiş simvoludur.
Niyə kədərli bir klassik musiqi dünyanın hər yerində eyni hissi oyadır? Çünki musiqi kollektiv şüuraltıdakı ortaq duyğu axınlarını hərəkətə gətirir.
Şüuraltı Taleyinizə Çevrilməsin!
Yunqun ən məşhur kəlamlarından biri budur:
"Şüuraltını şüura çevirənə qədər, o sizin həyatınızı idarə edəcək və siz buna 'tale' deyəcəksiniz."
İnsanın bu dünyadakı əsas vəzifəsi daxilindəki qaranlıq, vəhşi və bastırılmış tərəflərin (Kölgə) fərqinə varmaqdır. Əks halda, bu gizli qüvvələr insanı xaosa sürükləyər. Bizim məqsədimiz varlığımızın qaranlığına bir işıq tutmaq və daxili dünyamızı dərk etməkdir.