BAKI,VOA
Bu gün, avqustun 2-də İraqın Küveyti işğal etməsinin 36-cı ildönümü tamam olur. 1990-cı il avqustun 2-də yerli vaxtla saat 02:00 radələrində İraq ordusu neft ehtiyatları ilə zəngin olan qonşu Küveytə genişmiqyaslı hərbi müdaxilə həyata keçirdi.
Küveyt silahlı qüvvələri qısa müddətdə məğlub edildi, sağ qalan hərbçilərin bir hissəsi Səudiyyə Ərəbistanına çəkildi. Küveyt əmiri, kral ailəsinin üzvləri və hökumət rəsmiləri də ölkəni tərk edərək Səudiyyə Ərəbistanına sığındılar. Bir neçə saat ərzində Küveyt şəhəri İraq qüvvələrinin nəzarətinə keçdi və Bağdad burada özünə tabe müvəqqəti administrasiya yaratdı.
Küveytin ilhaqı nəticəsində İraq dünya neft ehtiyatlarının təxminən 20 faizinə nəzarət imkanı əldə etdi və ilk dəfə Fars körfəzi sahillərində daha geniş çıxış qazandı.
Həmin gün BMT Təhlükəsizlik Şurası İraqın hərbi müdaxiləsini yekdilliklə pisləyərək qoşunların dərhal Küveytdən çıxarılmasını tələb etdi. Avqustun 6-da isə İraqa qarşı genişmiqyaslı beynəlxalq ticarət sanksiyaları tətbiq olundu.
1990-cı il avqustun 9-da ABŞ-ın rəhbərliyi ilə "Səhra Qalxanı" (Operation Desert Shield) əməliyyatı başladı. Əməliyyatın məqsədi Səudiyyə Ərəbistanının müdafiəsini təmin etmək və bölgəyə beynəlxalq koalisiya qüvvələrini yerləşdirmək idi. Bu dövrdə İraq Küveytdəki hərbi kontingentini təxminən 300 min nəfərə çatdırdı.
1990-cı il noyabrın 29-da BMT Təhlükəsizlik Şurası İraqın 1991-ci il yanvarın 15-dək Küveytdən çıxmaması halında hərbi gücdən istifadəyə icazə verən qətnamə qəbul etdi. Səddam Hüseyn bu tələbi rədd etdikdən sonra ABŞ başda olmaqla 32 ölkədən ibarət koalisiya bölgəyə təxminən 700 min hərbçi topladı.
1991-ci il yanvarın 17-də ABŞ rəhbərliyində "Səhra Fırtınası" (Operation Desert Storm) əməliyyatı başladı. Altı həftə davam edən intensiv hava hücumlarından sonra fevralın 24-də quru əməliyyatı həyata keçirildi. İraq ordusu qısa müddətdə məğlub edildi.
Dörd gündən az davam edən quru əməliyyatı nəticəsində Küveyt azad edildi, İraq ordusunun böyük hissəsi ya təslim oldu, ya geri çəkildi, ya da məhv edildi.
1991-ci il fevralın 28-də ABŞ Prezidenti Corc Buş (ata) atəşkəs elan etdi. Aprelin 3-də BMT Təhlükəsizlik Şurası münaqişənin rəsmi başa çatması üçün şərtləri müəyyən edən 687 saylı qətnaməni qəbul etdi. Qətnaməyə əsasən, İraq BMT-nin nəzarəti altında kütləvi qırğın silahlarını məhv etməli idi. İraq aprelin 6-da qətnaməni qəbul etdi və aprelin 11-də sənəd rəsmən qüvvəyə mindi. Lakin daha sonra bəzi rəsmilər tərəfindən kimyəvi silahların olmaması barədə etiraflar edildi.
Körfəz müharibəsində ABŞ ordusunun 148 hərbçisi həlak olub, 457 nəfər yaralanıb. Digər koalisiya ölkələrinin itkiləri təxminən 100 nəfər təşkil edib. İraq tərəfinin rəsmi itki statistikası açıqlanmasa da, müxtəlif hesablamalara görə ən azı 25 min İraq əsgəri həlak olub, 75 mindən çoxu yaralanıb.
Bundan əlavə, müharibə və onun nəticələri səbəbindən təxminən 100 min iraqlı mülki şəxs həyatını itirib. Sonrakı illərdə tətbiq edilən beynəlxalq sanksiyaların humanitar təsirləri nəticəsində isə bir milyondan çox İraq vətəndaşının öldüyü bildirilir.